AZ

İsrail və Britaniya arasında münasibətlər gərginləşir

Böyük Britaniyanın Baş naziri Keir Starmer İsrail təhlükəsizlik kabinetinin Qəzzanı ələ keçirmək qərarını səhv adlandırıb və İsrail hökumətini bu qərara yenidən baxmağa çağırıb.

Heftelik.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Starmerin fikrincə, sözügedən qərar münaqişənin bitməsinə və girovların azad edilməsinə töhfə verməyəcək, əksinə daha çox qırğına səbəb olacaq.

Britaniyanın Baş naziri münaqişə tərəflərini diplomatik həll yoluna çağırıb.

“Bizə lazım olan budur ki, atəşkəs bərqərar olsun, humanitar yardımlar artsın və bütün girovlar azad edilsin. HAMAS Qəzzanın gələcəyində heç bir rol oynaya bilməz və tərksilah olub ərazini tərk etməlidir”- Keir Starmer vurğulayıb.

Bu arada “Times” qəzeti diplomatik mənbələrə istinadən yazıb ki, London Fələstini tanıyarsa, İsrail Böyük Britaniya ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı dayandıracaq.

Məlumata görə, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət Böyük Britaniyanın gələn ay Fələstinin tanınması prosesini davam etdirəcəyi təqdirdə bu addımı variantlardan biri kimi nəzərdən keçirir.

“London diqqətli olmalıdır. Çünki Netanyahu və nazirlərinin istifadə edə biləcəkləri kartlar var. İsrail Böyük Britaniya ilə tərəfdaşlığını yüksək qiymətləndirir. Lakin son qərarlar onun təzyiq altında olması deməkdir və İsrail hökuməti cavab addımları atmağa qərar verərsə, Böyük Britaniyanın itirəcəyi çox şey var”, – mənbə bildirib.

Seçilən
31
8
heftelik.az

9Mənbələr