AZ

Oqtay Qasımov: “Vaşinqton görüşü müsbət nəticə verərsə, ABŞ diplomatik dividendlər qazanacaq”

“Əlbəttə ki, Marko Rubionun açıqlaması diqqətçəkicidir. Amma eyni zamanda burada Amerika Birləşmiş Ştatlarının rolu bir qədər şişirdilir. Çünki Azərbaycan və Ermənistan arasında normallaşma prosesi 2023-cü ilin noyabrında Azərbaycanın təklif etdiyi ikitərəfli formatda başlanıb və bu ilin martında tərəflər sülh müqaviləsinin mətni üzrə razılıq əldə ediblər. Daha sonra ABŞ da bu prosesə dolayısı ilə qoşulub və danışıqların sürətlənməsində müəyyən rol oynayıb. Şübhəsiz ki, bu gün Vaşinqtonda keçirilən görüşdə müsbət nəticələr əldə olunacağı təqdirdə, ABŞ-ın da bu uğurda payı olacaq və bu, Vaşinqton üçün diplomatik dividendlər qazandıracaq”.

Bu fikirləri Aznews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp sülhpərvər siyasət həyata keçirir. Rubio qeyd edib ki, Tramp administrasiyası Hindistan-Pakistan və Kamboca-Tailand arasındakı münaqişələrin sülh yolu ilə həllinə nail olub və indi növbə Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə çatıb.

Politoloqun sözlərinə görə, Prezident Donald Tramp yenidən hakimiyyətə qayıtdıqdan sonra əsas prioritetlərindən biri dünyada sülhün bərqərar olunması və münaqişələrin diplomatik yolla həllinə nail olmaq olub.

“Faktiki olaraq, Tramp yeddi aylıq müddətdə dörd münaqişədə vasitəçilik edib və bunlardan ikisində real nəticələr əldə olunub. Belə ki, Rusiya–Ukrayna və İsrail–HƏMAS münaqişələrində hələlik irəliləyiş əldə olunmasa da, Kamboca–Tailand və Hindistan–Pakistan qarşıdurmalarında tərəflər atəşkəsə razılaşıblar. Bu səbəbdən Donald Tramp vasitəçi kimi təşəkkürlə qarşılanıb. Hazırda gündəmdə olan məsələ isə Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmasıdır. Bu münaqişənin müasir dövrün ən uzunmüddətli qarşıdurmalarından biri olduğunu nəzərə alsaq, Trampın bu istiqamətdə səyləri diqqətçəkicidir. Əgər bu səylər nəticə verərsə, şübhəsiz ki, bu, bəzi dövlətləri, xüsusilə də Rusiyanı narahat edəcək. Çünki Rusiya 200 illik təsir zonası hesab etdiyi Cənubi Qafqazda faktiki olaraq proseslərdən kənarda qalır. Bu, əslində Rusiyanın uzun müddət yürütdüyü yanlış siyasətin nəticəsidir. Moskva illərlə Azərbaycan–Ermənistan münaqişəsini manipulyasiya etməklə onun həllinə imkan verməyib, sadəcə olaraq bölgədə təsirini qorumağa çalışıb. 44 günlük müharibədən sonra ilkin mərhələdə Rusiya vasitəçilik imkanlarına malik idi, lakin bu fürsətdən istifadə etmədi. Üstəlik, Ukrayna ilə müharibə səbəbilə üzləşdiyi iqtisadi və diplomatik problemlər nəticəsində Rusiyanın Cənubi Qafqazdakı rolu daha da zəiflədi. ABŞ isə bu vəziyyətdən istifadə etdi və prosesə daha fəal şəkildə daxil oldu. Rusiya Vaşinqton razılaşmasına açıq şəkildə qarşı çıxmasa da, dolayısı yollarla təsir göstərməyə çalışacaq. Çünki bu mərhələdə ABŞ-la birbaşa qarşıdurmaya getmək istəmir. Lakin ehtimal olunur ki, Rusiya Ermənistandakı mövcud təsir mexanizmlərindən istifadə edərək prosesə mane olmağa çalışacaq. Bura revanşist dairələr, müəyyən kilsə strukturları və ya ordu daxilindəki qüvvələr daxildir. Ancaq hazırda baş nazir Nikol Paşinyan daxili vəziyyətə nəzarət edə bilir. Rusiyanın Ermənistandakı imkanları məhdudlaşıb və bu da onun əngəlləyici rolunu zəiflədib”.

Siyasi şərhçi əlavə edib ki, Rusiya Gümrüdə yerləşən 102-ci hərbi bazadakı qüvvələrini gücləndirməyə çalışır və bu yolla Ermənistan hakimiyyətinə təzyiq göstərmək niyyətindədir:

“Amma bu, yetərli olacaqmı? Bunu zaman göstərəcək. Dövlət çevrilişi və ya hərbi müdaxilə ehtimalı barədə də müəyyən ehtimallar irəli sürülür, lakin bu mərhələdə real nəticə doğuracaq addımların atılması sual altındadır. Paşinyanın daxili vəziyyətə nəzarəti, həmçinin Ermənistandakı Amerikanın geniş kəşfiyyat şəbəkəsi və ABŞ hərbçilərinin müəyyən bir qisminin hələ də orada qalması, Fransa hərbçilərinin müşavir və təlimatçı kimi fəaliyyət göstərməsi Rusiyanın təxribatlarının qarşısında əngəl yaradan əsas amillərdir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
31
aznews.az

1Mənbələr