Uzun müddət davam edən isti hava şəraitindən sonra avqustun 10-u gündüz şimal və qərb rayonlarından başlayaraq, hava şəraitinin dəyişəcəyi, ayın 12-dək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində yağıntının lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda, Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.