AZ

Sülh yolundakı mühüm qərar - Paraflanma nə deməkdir?

BAKI, 10 avqust. TELEQRAF

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması tarixi hadisədir. Məlumdur ki, tərəflər hələ mart ayında sənədin mətninin tam razılaşdırıldığını bəyan ediblər. Sənədin paraflanması isə regionumuzda sülhün təmin olunması üçün irəliyə doğru çox vacib addımdır.

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, hər hansı müqavilənin paraflanması diplomatiya və beynəlxalq hüquqda tərəflər arasında razılaşdırılmış sənədin imzalanmasından əvvəl müvəqqəti təsdiqlənməsi prosesidir. Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”i Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan layihəsini paraflayıblar.

İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını bir daha təsdiq edir. Paraflanma sülh sazişinin hüquqi qüvvəyə minməsi demək deyil. Bununla belə, paraflanma prosesi də sülh yolunda çox vacib mərhələdir.Bu mərhələ siyasi razılaşmanın simvolik təsdiqidir və əksər hallarda imzalanma mərhələsinə hazırlıq hesab olunur.

Millət vəkilinin sözlərinə görə, paraflanma mərhələsi beynəlxalq hüquq praktikasında geniş istifadə olunan bir prosedurdur və tərəflərin diplomatik iradəsini göstərən mühüm addımlardan biri sayılır. Bu proses, əslində, gələcəkdə imzalanacaqsənəd üzərində dəyişiklik edilməyəcəyini ifadə edir.
Dünyada bununla bağlı bir sıra nümunələr də var.

Samir Vəliyev qeyd edib ki, paraflanma beynəlxalq münasibətlərdə həm siyasi mesaj, həm də hüquqi-texniki mərhələ kimi böyük önəm kəsb edir. Paraflanma tərəflərin gələcəkdə imzalanacaq sənədə sadiqliyini ifadə edir və biz bunu liderlərin Vaşinqton bəyanatında izlədik. Liderlərin siyasi iradəsi təsdiqləyir ki, müəyyən mərhələdə sülh müqaviləsi imzalanacaq və ratifikasiyadan sonra qüvvəyə minəcək.

Vaşinqtonda imzalanan birgə bəyannamədə də qeyd olunur ki, sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac var. Yəqin ki, burada söhbət Ermənistan Konstitusiyasının dəyişdirilməsindən gedir. Çünki artıq Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət imzalanıb. Prezident İlham Əliyev Vaşinqtonda yerli media nümayəndələrinə müsahibəsində də vurğulayıb ki, əgər Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklər edilsəydi, bu gün müqavilə imzalana bilərdi. Yəni, sülh sazişinin imzalanması Ermənistanın əsas qanuna dəyişikliklər etməsinə bağlıdır. Bu, dövlətimizin prinsipal mövqeyidir. Sənədin paraflanması artıq bu mərhələyə inamla getdiyimizi təsdiqləyir.

Seçilən
1
3
teleqraf.com

4Mənbələr