AZ

Zəngəzurla bağlı razılaşma vəziyyəti dəyişdi - Çin hərəkətə keçdi

Azərbaycan, ABŞ və Ermənistan arasında əldə edilmiş razılaşma ilə Zəngəzur dəhlizinin önündəki əngəllər qalxdı.

Bakıvaxtı.az Teleqraf.az-a istinadən xəbər verir ki, bu barədə “HaberGlobal” yazıb.

Türkiyə portalı bildirib ki, Zəngəzur dəhlizi Azərbaycan üçün həm coğrafi bütövlüyün tamamlanması, həm maddi-texniki üstünlüyünün təmin edilməsi, həm də enerji dəhlizi rolunu oynaması baxımından mühüm rol oynayır.

Mənbənin fikrincə, bununla Türk dünyasının 100 illik xəyalı gerçəyə çevrilir:

“Dəhlizin açılması Türkiyə, Azərbaycan və Mərkəzi Asiya arasında birbaşa quru əlaqəsinin yaradılmasına maneələri aradan qaldıracaq, həmçinin bu marşrut Türkiyədən Mərkəzi Asiya və Xəzər regionuna uzanan geniş nəqliyyat və enerji şəbəkəsinin yaradılmasını asanlaşdıracaq. Zəngəzurun istismara verilməsi həm də Orta və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi irimiqyaslı infrastruktur layihələrinin inteqrasiyasını asanlaşdıracaq.

Dəhlizin tam istismarı üçün tələb olunan infrastruktur investisiyalarının 7 milyard dollara çatacağı proqnozlaşdırılır. Türkiyənin inşaat və logistika şirkətlərinin, xüsusən də avtomobil yolları, dəmir yolları və logistika obyektlərinin tikintisi başda olmaqla, bu layihələrdən təxminən 15 milyard dollarlıq iş əldə edəcəyi gözlənilir.

Növbəti onillikdə regional ticarət həcminin 3-4 dəfə artacağı gözlənilir ki, bu da təkcə Azərbaycan və Ermənistanın deyil, həm də bütün Cənubi Qafqazın iqtisadiyyatlarına müsbət təsir göstərəcək. Bildirilir ki, artan ticarət həcmi yeni enerji kəmərləri, elektrik şəbəkələri, neft-təbii qaz nəqlinə əlavə sərmayələrin qoyulmasına təkan verəcək”.

“HaberGlobal” qeyd edib ki, dəhliz Azərbaycanın Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərləri kimi mövcud infrastrukturuna əlavə olaraq, Naxçıvan vasitəsilə Türkiyə və Yaxın Şərqə enerjinin fasiləsiz ötürülməsinə imkan verəcək:

“Bu, İran və Rusiyanın nəzarətində olan mövcud enerji marşrutlarına alternativ olacaq. Xəzər dənizindən Türkiyə və oradan Avropaya yeni enerji marşrutları da təchizat təhlükəsizliyi və qiymət sabitliyinə töhfə verəcək”.

Türkiyəli ekspert, ehtiyatda olan kontr-admiral Deniz Kutluk, dəhlizin logistika daşımaları üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib:

“Burada dəmir yolu ön plana çıxır. Baş verənlər Türkiyənin Mərkəzi Asiya və Asiyaya çıxışı baxımından müsbətdir. Bununla belə, ABŞ-nin dəhlizi uzun müddət idarə etməsinin mənfi cəhətləri ola bilər, ona görə də biz ən əsas səbəbi Azərbaycan ərazisi ilə əlaqələndirməklə həll yollarını yaxından izləməliyik”.

Beynəlxalq münasibətlər üzrə ekspert, professor Hasan Köni hadisələri dəyərləndirərkən deyib:

“Çinin nöqteyi-nəzərindən Zəngəzur dəhlizi “Bir Kəmər, Bir Yol” təşəbbüsünün həlledici halqasıdır. ABŞ-nin nəzarəti Çinin Orta dəhliz layihəsini zəiflədə bilər. Pekin buna qarşı çıxmaq üçün İran üzərindən alternativ yollar yaratmağa çalışır. Rusiya üçün bu inkişaf Qafqazda nüfuzun itirilməsi deməkdir. ABŞ-nin nəzarətində olan dəhliz Moskvanın Qara dəniz və Cənubi Qafqazdakı strateji planlarını çətinləşdirəcək”.

 

 

Seçilən
25
7
bakivaxti.az

10Mənbələr