AZ

İcazəsiz foto və video yayan şəxsləri hansı cəza gözləyir?

İnsanların gizli şəkildə şəkil və ya video çəkilməsi və bu görüntülərin icazəsiz yayılması həm şəxsi həyatı pozan, həm də qanunla ciddi şəkildə qadağan olunan əməllərdən biridir. Belə hallar Azərbaycanda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir və törədən şəxslər ciddi cəzalarla üzləşə bilərlər. Mövzu ilə bağlı Mebtuat.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, şəxsin xəbəri olmadan hər hansı məlumatların toplanılması, fotosunun çəkilməsi və yayılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyəti yaradır:"Zərərçəkmiş şəxs barəsində məlumat və ya foto-videolar icazəsiz toplanmış və sosial şəbəkələrdə yayılmış şəxs xüsusi ittiham qaydasında həmin əməli törədən şəxsə qarşı onun yaşadığı ərazinin rayon məhkəməsinə və ya prokurorluğa müraciət edə bilər. Bu zaman mövcud sübutlar təqdim edilməli və qanuna uyğun tədbirlərin görülməsi tələb oluna bilər. Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə görə, şəxsi və ailə həyatı sirri olan məlumatların, sənədlərin, foto və video görüntülərin, səs yazılarının qanunsuz yayılması, satılması, digər şəxslərə verilməsi və ya toplanılması 1000 manatdan 2000 manatadək cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər və ya 1 ilə qədər islah işləri ilə cəzalandırılır".Hüquqşünas qeyd edib ki, eyni əməllər əgər vəzifəli şəxsin öz qulluq mövqeyindən istifadə edilməklə, pilotsuz uçuş aparatları vasitəsilə törədilərsə, 3 ilə qədər müəyyən vəzifə tutmaq və fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməmək şərti ilə 2 ilə qədər azadlığın məhdudlaşdırılması, yaxud 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
24
26
metbuat.az

10Mənbələr