AZ

İranın ikibaşlı SİYASƏTİ – Pezeşkian normal münasibət qurmaq istəyir, radikallar imkan vermir...

Avqustun 8-də Ağ Evdə baş tutan Azərbaycan, ABŞ və Ermənistan liderlərinin görüşü bütün dünyanın diqqət mərkəzindədir. Üçtərəfli görüşdə əldə edilən razılaşma təkcə regionda deyil, rəğbətlə qarşılanıb. Təsadüfi deyil ki, dünyanın 40-a yaxın ölkəsi və beynəlxalq təşkilat bu razılaşmaları dəstəkləyib. Yalnız iki region ölkəsi məsələyə mənfi münasibət sərgiləyib.

Onlardan biri təəssüf ki, cənub qonşumuz İrandır.

İranın rəsmi və qeyri-rəsmi kanalları bu razılaşmanın əleyhinə çıxışlar edir.

Məsələn İranın ali rəhbəri Əli Xameneinin birbaşa nəzarəti altında fəaliyyət göstərən mühafizəkar “Keyhan” qəzeti Ermənistan və Azərbaycan arasında ABŞ vasitəçiliyi ilə əldə olunmuş Zəngəzur dəhlizi (Tramp yolu) ilə bağlı razılaşmaya kəskin reaksiya verib.

Qəzet bu addımı “böyük xəyanət” kimi qiymətləndirərək, İslam Respublikasının bu məsələni cavabsız qoymamasını tələb edib.
 

Tehran rəsmiləri də qəzetin mövqeyini dəstəkləyən bəyanatlar veriblər. İranın xarici siyasət üzrə ali müzakirəçilərindən biri olan Əli Baqeri-Kəni bildirib ki, ölkə bu məsələni diqqətlə izləyir və asanlıqla geri çəkilməyəcək:



“Dünya da bu kimi məsələlər qarşısında susmayacaq.”

Maraqlıdır ki, Ağ Evdəki görüşdən sonra rəsmi Tehran İrəvandan hesabat tələb edib. Üstəlik, yaxın günlərdə bu məsələ ilə bağlı İran və Ermənistan arasında yüksək səviyyəli məsləhətləşmələr keçiriləcək.

İranın xarici işlər naziri Abbas Ərakçinin sözlərinə görə, Ermənistanın xarici işlər naziri ona zəng edəcək:
 

“Ermənistanın Baş naziri Nikol Paşinyan da telefonla əlaqə saxlayacaq. Həmçinin, çərşənbə axşamı Ermənistan xarici işlər nazirinin müavininin Tehrana səfəri planlaşdırılır. Biz tərəflərlə daim məsləhətləşmə prosesindəyik”.


İran yersiz hikkəsi

Cənubi Qafqaza davamlı sülhün gəlməsi molla-fars rejiminin maraqlarına qətiyyən uyğun deyil.

Rəsmi Tehran maraqlıdır ki, bölgədə münaqişə təhlükəsi hər zaman qalsın.
 

Və bundan istifadə edərək bölgə ölkələrinə təzyiq eləsin. Təsadüfi deyil ki, istər birinci, istərsə də ikinci Qarabağ savaşında İran Ermənistana hər cür hərbi və siyasi dəstək göstərib.


Eyni zamanda işğal dövründə Azərbaycanın sərvətlərinin talan edilməsində, maddi-mənəvi irsimizin məhv olunmasında da İranın müstəsna payı olub.

Bu gün də İran-Ermənistan əməkdaşlığı davam edir. Təsadüfi deyil ki, Vaşinqton görüşlərindən sonra rəsmi Tehran Paşinyan hökümətindən hesabat istəyib.
 

Bununla paralel rəsmi Tehran digər ölkələrdən fərqli olaraq razılaşmalarla nə Ermənistana, nə də ki, Azərbaycana təbrik məktubu göndərməyib. Üstəlik  Vaşinqton razılaşmasından yersiz narahatlığını dilə gətiriblər.


Maraqlıdır ki, məsələ ilə bağlı İranın siyasi elitasında fikir ayrılıqları var. Məsələn, İran Prezidenti Məsud Pezeşkian deyib ki, məsələ xəbərlərdə şişirdildiyi kimi deyil:

“İslam Respublikasının bu marşrutla bağlı tələbləri nəzərə alınıb”.

Göründüyü kimi, Ağ Evdəki razılaşmalara Pezeşkianın mövqeyi müsbətdir. İran Prezidenti ölkəsinin digər dövlətlərlə normal münasibətlər qurmasını istəyir.  Amma İrandakı dini radikallar və fars şovinistləri buna imkan vermirlər.

Elə İranın bütün problemlərinin səbəbkarı da bu qüvvələrdir. Cəmiyyətdə korrupsiya, rüşvətxorluq, ölkənin geridə qalması, bütün dünyadan təcrid olunması məhz bu şovinistlərin əməyinin məhsuludur.

Bəs elə isə İran nədən narahatdır?

Zəngəzur dəhlizi (Tramp yolu) kökündə fars şovinizmi dayanır. Məlumdur ki, molla-fars rejimi Azərbaycanın iştirakçı olduğu heç bir beynəlxalq layihəni dəstəkləmir.
 

Tək bir faktı deyək ki, Şimal-Cənub nəqliyyat dəhlizinin Astara-Rəşt dəmir yolunun inşasını İran müxtəlif bahənələrlə yubadır. İran bəzi rəsmiləri, xüsusilə Ali liderin müşaviri Əli Əkbər Vilayati kimi şovinistlər mehriban qonşuluq siyasətinin əleyhinə fəaliyyət göstərir.


Məsələn o, bu koridoru “geosiyasi təhlükə” adlandırır.

Əslində isə Zəngəzur dəhlizi (Tramp yolu) İran üçün təhlükə deyil. Sadəcə burda İranın tranzit üstünlüyünü itirmək qorxusu var. Yəni məsələ təhlükəsizlik yox, pul və təsir itkisidir.
 

Məlum olduğu kimi İran tərəfi hər zaman Ermənistan sərhədini özlərinin “qırmızı xətti” adlandırıb. Onlar hər dəfə bəyan ediblər ki, Ermənistan ərazisindən yeni dəhlizin açılmasına imkan verməyəcəklər.



Amma nədənsə Ermənistan ərazisindən dəhlizin açılmasına qəti etiraz edən rəsmi Tehran öz ərazisindən yeni dəhlizin açılmasına məmnunluqla razılıq verdi.

Artıq neçə ildir ki, Azərbaycanın əsas hissəsini Naxçıvanı birləşdirəcək yeni yolun tikintisi gedir.
 

Bu ilin sonunda tikintisi başa çatacaq avtomobil və dəmir yolları Orta Dəhlizin Cənub marşrutunun əsas qolu olacaq. Bu dəhliz hesabına İran həm iqtisadi, həm də siyasi dividendlər əldə edəcək.


Bu da o deməkdir ki, İranın Zəngəzur dəhlizi (Tramp yolu) qorxusu fərdi maraq çərçivəsindədir.

Yəni dəhliz İran ərazisindən keçəcəksə heç bir problem yoxdur. Amma Ermənistan ərazisindən keçərsə, bu “fəlakət”dir. Deməli, İranın davası “qədiri üçün yox, qarnı üçündür”.
 

İranın bu məsələyə müdaxiləsi beynəlxalq hüquq baxımından da əsassızdır. Layihə İranın torpağına dəymir, sərhədlərinə toxunmur.


Buna baxmayaraq, Tehran özünü bölgənin “qapı nəzarətçisi” kimi göstərməyə çalışır. Bu, sadəcə geosiyasi populizmdir — daxili auditoriyaya “güclü dövlət” obrazı yaratmaq cəhdidir.

Bütövlükdə isə bu cür cəhdlər şovinist rejimin qocalmasının göstəricisidir. Mənəvi cəhətdən tükənən molla-fars rejimi müasir reallıqları görə bilmir, yeni çağırışlarla ayaqlaşmır.

Bu cür populizm və sərsəmləmələrsə bölgədəki sülh prosesinə zərər vurur.

Surxay Atakişiyev, Bizim.Media

 

 

Seçilən
91
13
bizim.media

10Mənbələr