AZ

Yaşlanmanın yoluxucu olduğu kəşf edildi

Cənubi Koreya və ABŞ-dən olan alimlər, qocalmanın yalnız hər hüceyrədə baş verən fərdi bir proses olmadığını, həm də qan vasitəsilə hüceyrədən-hüceyrəyə yayıla bilən bir mexanizm ola biləcəyini aşkar ediblər.

E-saglam.az-ın məlumatına görə, elmi jurnalda dərc edilən araşdırmaya görə, insan hüceyrələri və siçanlar üzərində aparılan təcrübələr göstərib ki, yaşlı fərdlərin qanında olan HMGB1 adlı DNT tənzimləyici zülal, gənc hüceyrələrə keçdikdə onlarda da sürətlə qocalma əlamətləri yaranır.

Qocalma siqnalını daşıyan zülal

Normalda hüceyrə nüvəsində olan HMGB1, DNT-ni tənzimləyən mühüm bir proteindir. Lakin hüceyrələr yaşlandıqda və ya stress altında olduqda, “senesens” adlanan proses başlayır və HMGB1 nüvədən çıxaraq ətraf toxumalara yayılır.

Tədqiqatçılar müəyyən ediblər ki, HMGB1-in iki forması var:

Azaldılmış forma – oksigen çatışmazlığı zamanı yaranır və sağlam hüceyrələrə keçdikdə onların yaşlanmasını sürətləndirir.

Oksidləşmiş forma – belə təsir göstərmir, hüceyrələr normal şəkildə bölünməyə davam edir.

Təcrübələr zamanı insan böyrək, ağciyər, əzələ və dəri hüceyrələrinə azaldılmış HMGB1 əlavə edildikdə, onlar qısa müddətdə qocalma və iltihab əlamətləri göstərməyə başlayıb. Oksidləşmiş formada isə hüceyrələr sağlam qalıb.

Siçanlarda aparılan oxşar təcrübələr də eyni nəticəni verib: gənc siçanlara azaldılmış HMGB1 vurulduqda, cəmi bir həftə sonra erkən qocalma əlamətləri müşahidə olunub.

Yaşlılarda səviyyə yüksəkdir

Araşdırma göstərib ki, 70-80 yaş arası insanlarda azaldılmış HMGB1 səviyyəsi gənclərə nisbətən 40%-dən çox yüksəkdir. Eyni tendensiya yaşlı laboratoriya siçanlarında da qeydə alınıb.

Bu tapıntılar göstərir ki, qocalma siqnalları yalnız ayrı-ayrı hüceyrələrlə məhdudlaşmır, həm də qan vasitəsilə bütün orqanizmə yayıla bilir — sanki mikroskopik “vampirlər” hüceyrədən-hüceyrəyə keçərək prosesi sürətləndirir.

Alimlər araşdırmanın hələ erkən mərhələdə olduğunu, lakin qocalma mexanizmini anlamaqda mühüm bir addım sayıldığını bildirirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
27
e-saglam.az

1Mənbələr