AZ

Zəngəzur dəhlizi: İranda fikir ayrılığı, ABŞ amili gərginlik yaradır – ÖZƏL

"İranda Zəngəzur dəhlizi ( Tramp  yolu)  ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Bir tərəfdə Prezident Məsud Pezeşkian və komandası dəhliz məsələsində daha loyal mövqe nümayiş etdirir. Digər tərəfdə isə ali dini liderə yaxın qruplar Zəngəzur dəhlizinə ( Tramp  yolu)  qarşı sərt mövqe sərgiləyir və dəhlizin çəkilməsinə açıq şəkildə müxaliflik edirlər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, İran hakimiyyəti, ümumiyyətlə, bu məsələdə vahid mövqedən çıxış etmir. Halbuki Zəngəzur dəhlizi ( Tramp  yolu)  İran üçün heç bir halda mənfi təsir göstərəcək layihə deyil və bu, dəfələrlə izah olunub. İran tərəfi də bu məsələnin əslində problem yaratmayacağını yaxşı bilir. Sadəcə, İranı narahat edən əsas məsələ prosesdə ABŞ-nin iştirakı ilə bağlıdır. Məlum olduğu kimi, dəhliz 99 il müddətinə ABŞ-yə məxsus şirkət tərəfindən icarəyə götürülüb. İran bunu öz təhlükəsizliyi üçün ciddi risk hesab edir.

Siyasi şərhçi qeyd edib ki, əgər İran Qərb ölkələrinin regionda mövcudluğundan narahatdırsa, o zaman Brüsseldə imzalanmış üçtərəfli - Avropa İttifaqı, Ermənistan və ABŞ arasında bağlanan sazişə də etiraz etməli idi. Çünki həmin sazişdə İran ərazisində ABŞ sərhəd patrul qruplarının yerləşdirilməsi nəzərdə tutulurdu. Eləcə də, əgər İran Qərbin regionda yerləşdirilməsindən həqiqətən narahat idisə, Aİ-nin müşahidə missiyasının regiona gətirilməsinə və ABŞ-Ermənistan hərbi təlimlərinə də etiraz etməli idi. Halbuki bu hallarda İran susqunluq nümayiş etdirib. Belə olan halda, heç bir hərbi və ya mülki təhdid yaratmayan Zəngəzur dəhlizi ( Tramp  yolu)  məsələsində bu qədər aqressiv mövqe sərgiləməsi məntiqli görünmür. Digər tərəfdən isə, dəhlizin ABŞ şirkətinə icarəyə verilməsi Ermənistan ərazisindən keçən hissəyə aiddir. Bu, Ermənistanın suveren hüququdur - istənilən dövlət öz ərazisindən keçən yolun istifadəsini başqa ölkəyə icarəyə verə bilər.

Z. Əmrəliyev vurğulayıb ki, indiyədək İran-Ermənistan münasibətləri mehriban qonşuluq siyasəti çərçivəsində qurulub. Hətta Azərbaycan torpaqları işğal altında olduğu dövrdə də İran Ermənistana maksimum dəstək göstərib. Əgər indi Ermənistan İranı nəzərə almırsa, bu, birbaşa İranın öz siyasətinin nəticəsidir. 
İran heç bir halda Zəngəzur dəhlizinin ( Tramp  yolu)  açılmasına mane ola bilməz. Düşünürəm ki, Pezeşkian və komandasının mövqeyi, yekunda İranda rəsmi mövqe kimi irəli sürüləcək.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
50
olaylar.az

10Mənbələr