AZ

“Çelsi” Jotanın ailəsinə 13 milyon avro bağışlayacaq

“Çelsi” klubu “Liverpul”un vəfat etmiş futbolçusu Dioqo Jota və onun qardaşı Andre Silvanın ailəsinə maliyyə yardımı göstərəcək.

Arena.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Məlumata görə, London təmsilçisi klublararası dünya çempionatında qələbəyə görə qazandığı mükafatın bir hissəsini mərhum qardaşların ailəsinə bağışlayacaq. Jotanın ailəsi təxminən 13,3 milyon avro alacaq.

Xatırladaq ki, iyulun 3-də Dioqo qardaşı Andre ilə birlikdə İspaniyada yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi surətdə həlak olub.

“Çelsi” isə bu yay klublararası dünya çempionatının finalında PSJ-ni 3:0 hesabı ilə məğlub etməklə çempionluq sevinci yaşamışdı.

Dioqo Jota futbola 2005-ci ildə “Qondomar” klubunda qədəm qoyub, ardınca “Pasuş de Ferreyra”ya keçərək, böyük futbolda debüt edib. Hücumçu, karyerası ərzində “Atletiko” (Madrid), “Portu”, “Vulverhempton” və “Liverpul”da çıxış edib.

2024/2025-ci illər mövsümündə Jota “Liverpul” üçün 37 oyuna 9 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Vulverhempton” üçün isə Jota 131 oyun keçirib, 44 qol vurub, 19 məhsuldar ötürmə verib.

Jotanın klub karyerası ümumilikdə 182 oyun, 65 qol və 26 məhsuldar ötürmədən ibarətdir.

Dioquo Jota 2009-cu ilin noyabr ayında debüt etdiyi Portuqalya yığmasının heyətində 49 oyuna 14 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.

Jotanın qənimətlər muzeyində “Liverpul”la qazandığı İngiltərə Premyer Liqası (2024/2025), İngiltərə Kuboku (2022), İngiltərə Liqa Kuboku (2022, 2024), həmçinin “Vulverhempton” İngiltərə Çempionşipi (2017/2018) var.

Jota Portuqaliya yığması ilə UEFA Millətlər Liqasının ikiqat qalibi (2019, 2025) olub.

Seçilən
49
30
arena.az

10Mənbələr