AZ

Alyaskadan Bakıya müsbət mesaj: “Zəngəzur dəhlizinin...”

“ABŞ və Rusiya prezidentlərinin Alyaskadakı görüşü nəticə vermədi. Bu heç gözlənilmirdi də. 

Çünki işğala məruz qalan dövlətin lideri bu görüşdə iştirak etmirdi. Ukraynanın baş üzərindən sülhə nail olmaq mümkün deyil”.

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Alyaskada baş tutan ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin görüşü haqda qeyd edib.

O xatırladıb ki, Vaşinqton Moskvaya Ukrayna müharibəsinin “ərazi mübadiləsi” vasitəsilə həllini təklif edib:

“Kiyev bu təklifin əleyhinədir. Çünki Ukrayna müharibəni dayandırmaq üçün ərazilərinin bir hissəsinin işğalı ilə barışmalıdır. Vaşinqtonun təklifinə heç Moskva da razı deyil.

Rusiya Ukraynanın 4 bölgəsinin ona verilməsini tələb edir. Kreml hələ işğal edə bilmədiyi əraziləri də Ukraynadan tələb edir. Vaşinqton isə ancaq işğal edilənin Rusiyaya aid olunmasına tərəfdardır.

Buna baxmayaraq, Alyaskadakı görüş həm Rusiya Prezidenti Vladimir Putin, həm də ABŞ Prezidenti Donald Tramp üçün vacib idi. Putin üçün bu görüş ona görə vacib idi ki, Kreml sahibi uzun müddətdir Trampın müxtəlif təkliflərinə “yox” deyib.

O, bu dəfə də Ağ Ev sahibinin təklifinə “yox” desəydi, Donald Tramp Putinlə təmaslardan imtina edəcəkdi. Halbuki Vladimir Putin Trampın prezidentliyi dövründə ABŞ-la münasibətlərin normallaşdırılmasına çalışır.

Putin Trampın tərifə meyilli olduğunu bilərək, Alyaskada amerikalı həmkarının qulağına xoş olan ifadələr səsləndirib. Misal üçün Tramp hər dəfə bildirir ki, Bayden yox, o prezident olsaydı, Rusiya-Ukrayna müharibəsi başlamayacaqdı.

Putin Alyaskada bu fikri təsdiq edən cümlə işlədib: 

“Mən ABŞ-nin keçmiş prezidentini xəbərdar etmişdim, məni dinləmədi, Tramp o zaman prezident olsaydı, müharibənin başlamasının qarşısını alardı”. 

Digər tərəfdən Putin ABŞ-dakı bundan əvvəlki seçkinin Co Baydenin xeyrinə saxtalaşdırıldığını bildirib. Bununla Kreml sahibi Trampın digər arqumentini də dəstəkləyib. Putinin sözlərinə görə, ABŞ-da poçt üsulu ilə səsvermə saxtakarlığa şərait yaradıb. Tramp da eyni fikirdədir.

Putin Trampla görüşə daha yaxşı hazırlaşmışdı. Bunu mətbuat konfransında liderlərin açıqlaması da göstərdi. Putinin xüsusi hazırlanmış nitqi 8 dəqiqə çəkərkən, Trampın nitqi bunun yarısı qədər olmadı.

Alyaskadakı görüş Donald Tramp üçün də vacib idi. Ukrayna müharibəsiylə bağlı nəticə əldə olunmasa da, Ağ Ev sahibi problemin həlli yolunda çalışmalarını davam etdirdiyi görüntüsü yaradıb.

Belə olan halda Kreml açıq-aşkar Zəngəzur dəhlizinin işlədilməsi üçün ABŞ-nin səylərinin qarşısını almaq istəməyəcək. Əks halda, Putin “Tramp marşrutu”nun əleyhinə çıxmış olacaq ki, bu, Ağ Evdə mənfi qarşılanacaq. Bu, Azərbaycanla Ermənistana imkan yaradır ki, Zəngəzur dəhlizinin tikintisi və işə düşməsi prosesini sürətləndirsin”.

“Cebheinfo.az”

Seçilən
30
50
cebheinfo.az

10Mənbələr