Müğənni Rəqsanə İsmayılova həbs olunub. O, vətəndaşların 35 000 dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Ona görə də müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
KONKRET.az xəbər verir ki, müğənninin vəkili İlqar Rüstəmov məsələ ilə bağlı Teleqraf-ın suallarını cavablandırıb.
– Rəqsanə xanım Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunur? O, özünü təqsirli bilirmi?
– Rəqsanə xanım Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur. Özünü təqsirli bilmir. Barəsində başqa ittiham yoxdur.
– Şikayətçilər kimlərdir?
– Cinayət işinin konfidensiallığı səbəbindən şikayətçilərin adlarını açıqlamamız doğru deyil. Bu, istintaq sirridir. Vətəndaşın şikayəti üzrə araşdırma aparılır.
– Rəqsanə xanım Rusiyada yaşayırdı. Onun Azərbaycana qayıdışının barəsindəki ittihamlarla əlaqəsi varmı?
– Rəqsanə xanım ildə bir neçə dəfə ölkəyə gəlib-gedib. Sonuncu gəlişi sözügedən ittihamla bağlı deyil.
– Bir müddət əvvəl Rəqsanə xanımın həyat yoldaşından ayrılması barədə xəbərlər yayılmışdı. Onun boşanması ilə həbsi arasında əlaqə varmı?
– Bu barədə məlumatım yoxdur.
– Rəqsanə xanım hazırda harada saxlanılır?
– Hazırda Sabunçu Rayon Polis İdarəsində saxlanılır. Barəsində həbs qətimkan tədbiri seçilib.
– Bəs bununla əlaqədar apellyasiya şikayəti veriləcək?
– Biz onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə razı deyilik. Avqustun 18-i apellyasiya şikayəti verəcəyik.
– Əhvalı necədir?
– Əladır.