AZ

Vaşinqtonda tarixi sənədlər imzalandı 

Bu, antiazərbaycançı qüvvələrin iflasını da sürətləndirdi

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilərək, beynəlxalq münasibətlər sistemində nüfuzlu və fəal üzv olaraq daim uğur və nailiyyətlərə imza atır. Bu baxımdan dövlət başçısının ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri də tarixi əhəmiyyət kəsb edir. 

Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, səmimi ortamda aparılan müzakirələr, Azərbaycan liderinə olan hörmət əlaqələrin yeni dönəm üçün inkişafını özündə əks etdirir. Görüşlər və imzalanan sənədlər ölkəmizin rəhbərinin növbəti siyasi və diplomatik uğurunun, qələbəsinin göstəricisidir. 

Bu səfərin iki mühüm istiqaməti olduğunu qeyd edən deputat deyib ki, birincisi, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri, ikincisi isə Azərbaycan-Ermənistan sülh gündəliyi idi: "Bakı-Vaşinqton münasibətlərinin indiki səviyyəsi dövlətimizin başçısının ortaya qoyduğu iradəyə əsaslanır. Bayden dövründə iki ölkə münasibətləri tənəzzül dövrünü yaşayıb. 2024-cü il noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərindən  üç ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev böyük  uzaqgörənliklə və cəsarətlə prezidentliyə namizəd Tramp haqqında müsbət fikirlər söyləmiş, diplomatik dillə desək, onun namizədliyini dəstəklədiyini ifadə etmişdi. Həmçinin dövlət başçısı açıqlamalarında Donald Trampın prezidentliyi dövründə ABŞ-nin heç bir müharibəni başlatmadığını, onun ailə, ənənəvi dəyərlərə xüsusi önəm verdiyini bildirib. Sözsüz ki, Tramp prezident seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açıldı. İki liderin telefon danışıqları, eyni zamanda məktub mübadilələri həyata keçirilib. Bu mənada Prezident İlham Əliyevin Amerikaya səfəri fonunda ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub". 

Sevinc Hüseynova bildirib ki, ABŞ-Azərbaycan arasında əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir. Səfəri zamani iki ölkə arasında imzalanmış "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" buna əyani sübutdur. Eyni zamanda prezidentlər arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq Tramp tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqi dayandırılıb. Bu düzəliş torpaqlarımızın Ermənistan tərəfindən işğalı davam etdiyi bir dövrdə qəbul olunmuşdu. ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana blokada tətbiq etməsini bəhanə edərək ABŞ-dən Azərbaycana yardımları dayandırmışdı. Təəssüf ki, Cozef Bayden və Entoni Blinken administrasiyası Əfqanıstanda əməliyyatlar başa çatan kimi nankorcasına 907 saylı düzəlişi yenidən canlandırdılar. Onlar bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdılar. Prezident İlham Əliyevin məharətlə həyata keçirdiyi uğurlu siyasət nəticəsində Tramp tərəfindən ölkəmizə qarşı bu təzyiqlər aradan qaldırıldı.

Deputat vurğulayıb ki, səfər çərçivəsində Azərbaycan-Ermənistan sülh gündəliyinə dair əldə edilən razılaşmalar mühüm əhəmiyyətə malikdir. ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı. Məlum olduğu kimi, sülh müqaviləsini imzalamaq üçün iki əsas şərt var idi. Bunlar Minsk qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciət və Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi idi. Beləliklə, ATƏT sədrinə birgə müraciət məktubu imzalandı. Azərbaycan və Ermənistan arasında sazişin mətni paraflanandan sonra bu müqavilənin ratifikasiyası üçün növbəti addımların atılmasının zəruriliyi tanındı. Yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri Ermənistan Konstitusiyasına dəyişiklik edilməsidir. Vaşinqtonda Azərbaycan media nümayəndələrinə müsahibəsində Prezident İlham Əliyev bununla bağlı bildirdi ki, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı müştərək müraciət birinci maneəni aradan qaldırıb.

Deputat deyib ki, Vaşinqton görüşünün uğurlarından biri isə Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı əldə olunan razılıqlardır: "Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolla maneəsiz keçid təmin edilməlidir. Dövlət başçısının bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. İmzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvana maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur dəhlizinin (TRIPP) açılması reallaşır. Prezident Donald Tramp Zəngəzur dəhlizinin (TRIPP) qarantı rolunu oynayacaq". 

S.Hüseynova vurğulayıb ki, Zəngəzur dəhlizi (TRIPP) təkcə iqtisadi deyil, həm də siyasi anlamda regionu açır, Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələri arasında əlaqələri gücləndirir. Bu isə Azərbaycanın iqtisadi gəlirləri ilə yanaşı, siyasi dividendlərini də artırır. Ümumiyyətlə, Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri, imzalanan birgə sənədlər anti-Azərbaycan qüvvələrinin iflasıdır. Dövlət başçısının bu səfəri və əldə edilən tarixi nəticələrlə ölkəmiz beynəlxalq birlik tərəfindən bütün haqlarının tərənnümünə nail oldu. Bu, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin təntənəsidir.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
32
11
azerbaijan-news.az

10Mənbələr