AZ

Rusiyanın əks-təbliğat kampaniyasının heç bir əhəmiyyəti yoxdur

Kreml Azərbaycanın uğurlarını, müstəqil siyasətini həzm edə bilmir

"Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidentinin iştirakı ilə Birgə Bəyannamənin imzalanması, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanması və regional nəqliyyat dəhlizi ilə əlaqədar əldə olunmuş nailiyyətlər Cənubi Qaqazda davamlı sülhün və sabitliyin təmin olunması baxımından olduqca əhəmiyyətlidir". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. Deputat bildirib ki, Vaşinqtonda yazılan bu tarix region və dünya dövlətləri tərəfindən yüksək dəyərləndirilir. Bu, dövlət başçısı İlham Əliyevə təbrik məktublarında yer alan fikirlərdə də özünün aydın ifadəsini tapır. "Görüşdə qəbul edilmiş Birgə Bəyannamə uzun illər davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında real sülhün təmin olunması istiqamətində atılmış tarixi addımdır. Ermənistanda və ondan kənarda olan revanşist qüvvələr, erməni lobbisi, Azərbaycanın düşmənləri növbəti dəfə məğlub oldular. Regionda kommuniksiyaların açılması, Zəngəzur dəhlizinin Azərbaycanın şərtləri daxilində reallaşması ölkəmiz, region, ümumilikdə qlobal əhəmiyyət kəsb edir. Regionda sülhün yaranması, kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin reallaşması heç bir dövlətə, o cümlədən  Rusiyaya qarşı yönəlməyib. Əksinə, bu marşrut həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır", - deyə o bildirib.

Deputat təəssüflə qeyd edib ki, Rusiya Azərbaycanın uğurlarını, müstəqil siyasətini həzm edə bilmir. Kremldən idarə olunan qüvvələrin isterik şəkildə anti-Azərbaycan kampaniyası aparması qəbuledilməzdir. AZAL-ın təyyarəsinin Rusiya hava məkanında vurulması, Yekaterinburqda baş verən qətl hadisəsi, bu ölkənin mediasında təxribat xarakterli yazılar qeyri-dost yanaşmadır. Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı  həyata keçirdiyi zorakılıq və qanunsuz həbslər beynəlxalq hüquq normalarına tamamilə ziddir. Azərbaycanın informasiya resurslarına qarşı kiberhücumun arxasından da Rusiyanın çıxması Kremlin riyakar siyasətinin göstəricisidir. 

V.Rəhimzadə vurğulayıb ki, Rusiya bu siyasətinə son qoymalı, Azərbaycanın haqlı, ədalətli və beynəlxalq hüquqa uyğun olan tələblərini yerinə yetirməlidir: "Müxtəlif media orqanlarında təxribat xarakterli yazılar yazmaq, ayrı-ayrı şəxslərin dili ilə qarayaxma kampaniyası həyata keçirmək Rusiyaya müsbət heç nə qazandırmayacaq. Rusiyanın qərəzə əsaslanan bu siyasəti Kremlin regiondakı maraqlarına da zərbə vurur. Artıq  ədalətin, beynəlxalq hüququn müdafiəsi zamanıdır. Yeni dünya nizamının formalaşması da bunu diktə edir. Amma Rusiyanın Azərbaycana qarşı əks-təbliğat kampaniyası bu reallığa uyğun deyil". 

Deputat qeyd edib ki, Azərbaycan güclü, qüdrətli dövlət olaraq müstəqil siyasətini uğurla davam etdirir. Heç bir qüvvə dövlətimizin milli maraqlarının təmin olunmasına əsaslanan siyasətinə təsir göstərə bilməz. Kremldə anti-Azərbaycan kampaniyasını idarə edənlər bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
97
50
azerbaijan-news.az

10Mənbələr