AZ

Göygöldə 4-cü Milli Yaylaq Festivalı

Xalqımızın min illərə söykənən zəngin yaylaq ənənələrinin, elat mədəniyyətinin yaşadılması və təbliği məqsədilə Göygöl rayonunun Sarıyal ərazisində - Hacıkənd yaxınlığında yerləşən  "Xan yaylağı" ərazisində 4-cü Milli Yaylaq Festivalı keçirilir. 

Bu gün tamamlanan tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda yaylaq və elat ənənələrini yaşatmaq, tanıtmaq və turizm potensialını gücləndirməkdir. Əvvəlki illərdə olduğu kimi, builki festival da 3 əsas istiqamətə - mədəni-etnoqrafik hissə, milli yaylaq oyunları və ekoturizm (eko-ağro-etnoturizm) bölmələrinə bölünmüşdür. "Cavad xan" Tarix və Mədəniyyət Fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyi və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən festival üçün geniş sahədə tematik guşələr və digər tikililər qısa müddətdə inşa edilmişdir.

Festivalda xarici qonaqlar da iştirak edir. Qazaxıstandan gəlmiş kobız ifaçısı Aknar Tattibaykızı ikinci dəfə festivalda iştirak etdiyini deyir. Bildirir ki, bu, onun Azərbaycana ikinci səfəridir: "Qazaxıstanı təmsil edirəm. İfa edəcəyim kobızdır, qədim türk-şaman musiqi alətidir. Azərbaycan qardaş ölkədir və festivala bu musiqi alətini dünyaya tanıtmaq üçün gəlmişəm".

Festival zamanı minlərlə tamaşaçının iştirakı ilə müxtəlif mədəni layihələr həyata keçirilmişdir. Qonaqlar xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifalarını, yerli kollektivlərin çıxışlarını, milli rəqsləri, xalq mahnılarını izləmiş, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri ilə tanış olmuşlar. Tədbirdə səhnəciklər, teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq nümunələri və milli geyim sərgiləri də təqdim olunmuşdur. Ziyarətçilərə təbiət qoynunda yaylaq həyatı yaşamaq və gecələmək imkanı da yaradılmışdır.

Milli Yaylaq Festivalının layihə rəhbəri Müzadil Həsənov bildirib ki, festivalın əsas hədəflərindən biri türk dünyasının mədəniyyətlərini birləşdirməkdir: "Türkdilli xalqların vahid mədəniyyət çətiri altında birləşdirilməsi ilə yanaşı, qədim elat mədəniyyətinin və yaylaq ənənələrinin təbliği, yaşadılması da əsas məqsədlərdəndir. 15 avqustdan başlayan 4-cü Milli Yaylaq Festivalı əvvəlki illərlə müqayisədə daha zəngin və rəngarəng proqramla diqqət çəkir". 

3 gün davam edən (15-17 avqust) festival zamanı mədəni-etnoqrafik hissədə milli rəqslər, xalq mahnıları və tamaşalar nümayiş olunmuşdur. Etnoqəsəbədə yaşayış yurdları ilə yanaşı, Cıdır meydanı, "Yaylaq süfrəsi", "Sənətkarlıq guşəsi", "Yaylaq yatağı", "Pəhləvan meydanı" və digər tematik sahələr fəaliyyət göstərmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan"

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr