AZ

Turizm sahəsində çalışan yerli sahibkarlar hansı çətinliklərlə üzləşirlər?

"Regionda baş verən proseslər turizm sahəsində çalışan yerli sahibkarlara da təsirsiz ötüşmür". 

Bu sözləri turizm üzrə ekspert Ceyhun Aşurov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, müxtəlif ölkələrdə baş verən gərginliklər turistlərin sayının azalmasına gətirib çıxarır:

"Bu da sahibkarlara ciddi çətinliklər törədir. Məsələn, Hindistan-Pakistan və İran-İsrail müharibəsi turist axınına mənfi təsir etdi. Xüsusən bu, icarədə olan sahibkarlara, ciddi və sabit xərcləri olan sahibkarlara daha böyük təsirlər göstərdi". 

379955

Ekspertin sözlərinə görə, turizm sahəsində bir çox yeni addım atıla bilər:

"Hər zaman qeyd etdiyimiz kimi, ölkəyə turist axınını artırmaq lazımdır. Düzdür, quru sərhədləri bağlıdır. Amma biz ötən müddət ərzində bu addımın bir çox riskdən qorunmaq üçün atıldığını gördük. Lakin quru sərhədlər qapalı olsa belə, hava sərhədlərimiz açıqdır. Yəni havadan istifadəni daha da genişləndirməliyik. Bununla da ölkəyə girişi daha da asan etməliyik". 

Mütəxəssis qeyd edib ki, xüsusən beynəlxalq havalimanlarımız daha səmərəli işləməlidir:

"Bakıdan başqa, beynəlxalq statusda olan digər havalimanlarımızın fəaliyyəti də səmərəli təşkil olunmalıdır. Hazırda ölkəmizdə 9 beynəlxalq hava limanı var. Onların hər birinin səmərəli çalışmasını təmin etməliyik. Xarici turistlərin həmin havalimanlarından qəbul olunması artırılmalıdır. Ucuz daşıyıcıları Azərbaycan beynəlxalq havalimanlarıdan istifadəsində maraqlı olmalıdırlar".

Həmsöhbətimiz vurğulayıb ki, bu formada ölkəyə turist daxilini daha da artırmalıyıq:

"Əlbəttə ki, bu da həm Azərbaycanda iqtisadi canlanmaya, həm də ölkəyə valyuta daxil olmasına müsbət təsir göstərər. Eyni zamanda, vergi daxil olmaları və işçi qüvvəsi artar, işsizliyin isə səviyyəsi azalmış olar. Yəni bunlar kimi bir çox müsbət nümunələr saya bilərik".

Pərviz

Seçilən
74
9
hit.az

10Mənbələr