AZ

Vaşinqton görüşü: Ukrayna hansı seçim qarşısında qalacaq?

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşmək üçün ABŞ-yə uçub.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Yusif Bağırzadə bildirdi ki, Vaşinqtonda keçiriləcək görüş vacibdir:

"Belə ki, Ukraynanın prezidenti Zelenski, NATO-nun baş katibi Mark Rutte, Böyük Britaniyanın baş naziri Keir Starmer, Fransanın prezidenti Makron, Avropa Komissiyasının sədri Ursula von der Leyen, Finlandiyanın prezidenti Alexander Stubb, həmçinin Almaniyanın yeni seçilmiş kansleri cənab Mers ABŞ administrasiyasının rəhbəri Donald Trampla vacib görüş keçirəcəklər. Həmin görüşdə yaxınlarda Alyaskada baş tutmuş Putin-Tramp görüşünün nəticələri müzakirə olunacaqdır".

Müsahibimizin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə əlaqədar tərəflər müzakirə aparacaq və müəyyən bir qərar qəbul etməli olacaqlar:

"Onu da qeyd etmək lazımdır ki, Alyaska görüşündə Putin Trampa Ukrayna üçün kifayət qədər ağır bir təklif vermişdi. Həmin təklif Ukraynanın Krımdan imtina etməsi, Ukrayna ordusunun Donbas vilayətindən çıxarılması, faktiki olaraq Donbasın Rusiyaya verilməsi idi. Bunun əvəzində isə Putin söz vermişdi ki, Xarkov və Zaporojyedə olan rus ordusu mövqelərində qalacaq, amma Sum və Xerson oblastlarından geri çəkiləcək. Bu təklif, əlbəttə ki, Ukrayna üçün çox ağır bir təklifdir. Buna görə də Avropa liderləri belə hesab edirlər ki, Zelenski ilə Trampın görüşündə onların iştirakı vacibdir. Çünki məsələnin həlli ilə bağlı tərəflərin ortaq məxrəcə gəlməsi çox çətin olacaqdır. Nə Ukrayna konstitusiyası, nə də Ukrayna xalqı bu gün ərazilərdən imtina etmək fikrində deyil.

Nəticələri gözləmək lazımdır, amma Rusiyanın Ukraynaya verdiyi şərtlərin Ukrayna və ya Avropa liderləri tərəfindən qəbul olunacağı ehtimalı çox azdır. Trampın məqsədi isə ondan ibarətdir ki, əvvəllər ABŞ və Rusiya arasında bağlanmış orta və kiçik mənzilli ballistik raketlərdən istifadənin qadağan olunması haqqında müqavilə yenidən qüvvəyə minsin. Bildiyiniz kimi, Rusiya 2020-ci ildə bu müqavilədən birtərəfli qaydada çıxmışdır və onun müddəti 2026-cı ilin fevralında başa çatır. Buna görə də Rusiya çalışır ki, müqavilənin vaxtı uzadılsın və yenidən qoşulsun. Bundan başqa, Alyaska görüşündə tərəflər həmçinin Süveyş kanalının quruması və iqlim dəyişikliyi səbəbindən istifadə imkanlarının çətinləşməsi ilə əlaqədar Şimal yolundan istifadənin genişləndirilməsi məsələsini də müzakirə etmişdilər".

Politoloq əlavə etdi ki, Trampın əsas məqsədi ABŞ-nin Rusiya-Ukrayna müharibəsində tərəf kimi görünməməsidir:

"O, tərəflərin razılığa gəlməsini istəyir və bu vasitə ilə Nobel Sülh Mükafatına təqdim olunmağı hədəfləyir. Putinin Ukraynaya verdiyi təkliflər nədən ibarətdir? Bunlar Ukraynanın Krımdan imtina etməsi, Ukrayna ordusunun Donbas vilayətindən çıxarılması və bu ərazilərin Rusiyaya təhvil verilməsidir. Digər tərəfdən, Rusiya ordusu Zaporojye və Xerson vilayətlərində mövqelərində dayanmalı, əvəzində isə Sum və Xarkov vilayətlərindən çıxaraq həmin əraziləri Ukraynaya təhvil verməlidir. Yəni təkliflər kifayət qədər ağırdır. Tərəflərin hər hansı bir razılığa gəlməsi ehtimalı çox azdır. Çünki Ukrayna konstitusiyası və xalqı belə itkilərə getməyə razı olmayacaqlar. Zelenski təklif edir ki, əvvəlcə atəşkəs rejimi elan olunsun, sonra sülh danışıqları davam etdirilsin. Ancaq Rusiya tərəfi bildirir ki, əvvəlcə sülh müqaviləsi bağlanmalı, sonra atəşkəsə və sülh prosesinə keçilməlidir. Arestoviçlə görüşdən sonra, həmçinin Tramp və Stiv Uorkun bəyanatlarını nəzərə alsaq, görürük ki, onlar da Rusiyanın mövqeyi ilə çıxış edirlər. Onlar da bildirirlər ki, əvvəlcə sülh müqaviləsi bağlanmalı, sonra atəşkəs elan olunmalıdır. Buna görə də tərəflərin razılığa gəlməsi ehtimalı çox azdır".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
50
redaktor.az

10Mənbələr