ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında baş tutan Alyaska sammitində böyük təhlükəsizlik pozuntusu baş verib. Zirvəni hazırlayan amerikalı personalın məxfi sənədləri bir otelin printerində qoyub getdiyi məlum olub.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “NPR” radiosu məlumat yayıb.
Bildirilib ki, ABŞ Protokol Departamenti tərəfindən hazırlanmış və sammitlə bağlı həssas məlumatları ehtiva edən sənədlər görüşün keçiriləcəyi hərbi bazanın yaxınlığındakı oteldə printerdə qalıb.
Səkkiz səhifəlik sənədin birinci bölməsində sammitin saat cədvəli və iclas otaqlarının təfərrüatları yer alıb. Sənədlər arasında Trampın Putinə verməyi planlaşdırdığı “Amerika Qartalı” heykəlinin təfərrüatlarını əks etdirən sənəd də olub.