AZ

Pezeşkian İrəvana bu qovluqla gedir: Zəngəzur dəhlizi masada olacaq - MÜSAHİBƏ

BAKI, 18 avqust. TELEQRAF

Politoloq Fərhad Mehdiyev Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fərhad bəy, Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək magistralın (Zəngəzur dəhlizinin) açılması Rusiya və İran üçün də əlverişlidir. Dəhlizin öz nəzarətində açılması iddiasında olan Rusiya İrəvanın bu planı ilə razılaşacaqmı?

- Zəngəzur dəhlizinin indiki şərtlər daxilində, yəni ABŞ-yə məxsus şirkətin nəzarətində açılması ilə razılaşmayacaq. Kreml üçün bu ciddi itgi və nəzarət imkanlarının itirilməsidir. Əslində dəhlizin açılması fonunda Rusiyanın ondan istifadə imkanları var. Qara dənizdən Rusiyaya gələn mallar Dardenel boğazından keçir. Bu Rusiya tərəfi üçün əlavə çətinliklər yaradır. Beləliklə, malların beynəlxalq bazarlara çıxmasında problemlər yaranır. Amma buna alternativ olaraq Zəngəzur dəhlizi Rusiya üçün əlavə imkanlar açacaq. Sadəcə olaraq Rusiya dəhlizin başqasının nəzarətində olmasını istəmir. Bu Moskvanın xoşuna gəlmir. Kreml özü bu dəhlizə nəzarət etmək iddiasındadır. İndi isə bu imkanlar Rusiyanın əlindən çıxaraq onun əsas rəqiblərindən bir olan ABŞ-nin əlinə keçir. Ona görə də Rusiya bu planla heç cür razılaşmaycaq.

- Dəhlizin ABŞ-nin nəzarətində açılmasına qarşı çıxan buna daha aqressiv yanaşma sərgiləyən İranın mövqeyində hansısa dəyişiklik gözlənilirmi?

- İran da Rusiya kimi eyni mövqedən çıxış edir. Faktiki olaraq İran da Zəngəzur dəhlizindən potensial olaraq istifadə edə bilər. Amma rəsmi Tehran Rusiyanın təzyiqi və təkidi ilə buna qarşı çıxır. İran daxilində bu məsələdə ikili yanaşmalar var. Prezident Məsud Pezeşkian bu məsələdə daha yumşaq mövqe sərgiləyir. Amma mühafizəkar qanad İranın bu dəhlizin açılmasına qarşı olduğunu iddia edir.

- Dəhlizin ABŞ-nin nəzarətində açılması fonunda Moskva və Tehran bu məsələdə Vaşinqtonla kompromisə gələ bilərmi?

- Əgər ABŞ-lə İran danışıqları bərpa olunsa bir çox məsələlərin müzakirəsi mümkün olacaq. İranın da Zəngəzur dəhlizinin açılmasına razılaşması Bakı-Tehran və ya İrəvan-Tehran münasibətlərindən asılı olmayacaq. Bu daha çox Amerika İran münasibətlərindən asılı olan bir məsələdir. İsrail-İran müharibəsindən sonra Tehranın siyasi islahatlara getməsi gözlənilir. İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin bu məsələyə görə önə çıxması ilə bağlı fikirlər səslənir.

- İran Prezidenti Məsud Pezeşkianın Ermənistana bu gün gözlənilən səfərində Zəngəzur dəhlizi və digər mövzulara aid məsələlərin də müzakirə ediləcəyi deyilir. Səfərin dəhliz məsələsində İranın mövqeyinə təsir etməsi gözlənilirmi?

- Paşinyanın dəhlizlə bağlı açıqlaması əslində İrana verilən bir mesajdır. Ermənistan iqtisadi cəhətdən daha çox İrandan asılıdır. İrəvan məhz İranın yaratdığı imkanlarla blokadadan çıxmağa çalışır. Ermənistan da istəyir dəhlizin açılması İranla münasibətlərin pozulması hesabına başa gəlməsin Paşinyan da bunu başa düşür. Pezeşkian da dəhliz məsələsində daha mötədil davranır. Amma İranda prezidentin iradəsi həll şeyi həll etmir. Ümidlər var ki, Pezeşkianın Ermənistana səfəri İrəvan-Tehran münasibətlərinin pozulmamasına təsir edəcək.

- Tehranın dəhlizin açılmamasına razılıq verməməsi ehtimalında nə baş verə bilər?

- İran Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir deyə bir anlayış yoxdur. Dəhliz Ermənistan ərazisindən keçir. İrəvan da bununla razılaşdıqdan sonra İranın bu məsələdə razılıq verib-verməməsinin heç bir əhəmiyyəti olmayacaq. Sadəcə olaraq Ermənistan bu məsələyə görə İranla münasibətləri pozmamağa çalışır.

Seçilən
41
50
teleqraf.com

10Mənbələr