AZ

Rusiyadakı azərbaycanlılara DAHA BİR ŞOK – Tamamilə qadağan edilir, 4 ay sonra…

Rusiya Əmək Nazirliyi 2026-cı ildən etibarən miqrantların iş kvotalarını azaltmağı nəzərdə tutan layihə təqdim edib. Bu təkliflər, xüsusilə də Uzaq Şərq bölgələrində yaşayan azərbaycanlı icmasına ciddi təsir göstərəcək.

Layihəyə görə, Amur vilayətində əcnəbilərin kənd təsərrüfatı, qida sənayesi, texnika təmiri, baytarlıq və qiymətli metalların hasilatında işləməsi tamamilə qadağan oluna bilər. Yəhudi Muxtar Vilayətində pərakəndə ticarətdə miqrantların payı 50%-lə məhdudlaşdırılacaq, sərnişin daşımaları və taksi xidmətlərində isə onların iştirakı tamamilə yasaqlanacaq. Çukotkada idarəedici şirkətlərdə kvotalar 25%-ə endiriləcək, Primoryedə isə idman sahəsində və ev təsərrüfatlarında əcnəbilərin işləməsinə tam qadağa qoyulacaq.

Bundan başqa, onlarla digər regionda da oxşar düzəlişlər nəzərdə tutulur. Ümumilikdə plan aşağıdakı istiqamətləri əhatə edir:

• tikinti sektorunda miqrantların payı 80%-dən 50%-ə endiriləcək;
• meşə və ağac emalı sahəsində bu rəqəm 50%-dən 40%-ə salınacaq;
• ictimai iaşədə 50%-ə qədər azaldılacaq;
• spirtli içki və siqaret ticarətində isə miqrantların işləməsi tamamilə qadağan ediləcək.

Müşahidəçilərin fikrincə, Rusiyada bu ilin ortalarından yüksələn anti-miqrant kampaniyası artıq qanuniləşdirilərək bütün gücü ilə davam edir. Əvvəllər polis basqınları və inzibati təzyiqlərlə həyata keçirilən məhdudiyyətlər indi hüquqi çərçivəyə salınaraq miqrant icmalarını, xüsusilə də azərbaycanlıları hədəfə alır.

Ən çox zərər çəkənlər arasında Rusiyanın Uzaq Şərq vilayətlərində uzun illərdir ticarət, xidmət sektoru və kənd təsərrüfatı ilə məşğul olan azərbaycanlılar yer alır. Yeni qaydalar onların iş imkanlarını məhdudlaşdırmaqla yanaşı, yaşayış hüquqlarını da ciddi şəkildə çətinləşdirir.

Məsələnin ən təhlükəli tərəfi isə odur ki, əvvəllər situativ və müvəqqəti xarakter daşıyan məhdudiyyətlər indi qanun gücünə malik olur. Bu isə gələcəkdə siyasi münasibətlər düzəlsə belə, miqrantların üzləşdiyi problemlərin asanlıqla aradan qalxmayacağı anlamına gəlir. Ekspertlər hesab edirlər ki, Kremlin bu addımı əslində cəmiyyətdə artan narazılıqları “qanuni pərdə” altında leqallaşdırmaq məqsədi daşıyır.

Azərbaycanlı miqrantların fəaliyyətlərinin məhdudlaşdırılması həm onların ailə büdcəsinə, həm də Azərbaycana göndərilən pul köçürmələrinə mənfi təsir göstərəcək. Bu isə təkcə miqrantların deyil, ölkə iqtisadiyyatının müəyyən təbəqələrinin də zərər görməsi ilə nəticələnə bilər.

Görünən odur ki, Rusiya ilə Azərbaycan arasında siyasi münasibətlərdə müəyyən yumşalmalar olsa da, qanuniləşən bu məhdudiyyətlər azərbaycanlı miqrantlar üçün qalıcı problemə çevrilir və onların həlli indi əvvəlkindən qat-qat çətin görünür.

Musavat.com

Seçilən
12
28
editor.az

10Mənbələr