AZ

Qarabağ Ferntsvaroş u keçsə də, keçməsə də

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Çox yox, iki ay öncə bu mövsüm Azərbaycan klublarının avrokuboklarda nə ilə yadda qalacağı, qitəmiqyaslı turnirlərin Liqa mərhələsində neçə komanda ilə təmsil olunacağımız ciddi müzakirə mövzusu idi. Əlbəttə, Çempionlar Liqasında (ÇL) çempion "Qarabağ"ın, Avropa Liqasında (AL) ölkə kubokunun son qalibi "Sabah"ın, Konfrans Liqasında (KL) isə Premyer Liqadakı mübarizəni uyğun olaraq 2-ci və 3-cü sıralarda başa vurmuş "Zirə" ilə "Araz-Naxçıvan"ın nə ilə yadda qalacağı böyük maraq doğururdu. Təəssüf ki, Ağdam təmsilçisindən başqa, təmsilçilərimizin heç-biri pley-offa vəsiqə qazanmağı bacarmadı. Yenə ümid yalnız "Qarabağ"adır. Öncə İrlandiya çempionu "Şelburn"u (3:0, 1:0), ardından Şimali Makedoniyanın ən güclüsü "Şkendiya"nı (1:0, 5:1) mübarizədən kənarlaşdıran "köhlən atlar" pley-offda "Ferentvaroş"la (Macarıstan) üz-üzə gələcəklər. Ağdam komandası artıq Macarıstana yollanıb və sabah "yaşıl qartallar"la ilk matçına çıxacaq. 

Yanan da mən, yaman da mən?

Maraqlıdır ki, bu mərhələyə qədər inamla irəliləyən "Qarabağ"a ünvanlanan tənqidlər səngimir. Sosial şəbəkələri nəzərdən keçirsək, istər klubun, istərsə də komandaya yönəlmiş narazılıqların bitib-tükənmək bilmədiyinə şahidlik edərik. Təbii, bir qədər anlaşılmaz vəziyyətdir. Hərçənd mövcud tənqidləri də bir neçə qrupa ayırmaq olar. Bəziləri nədənsə "ağ-göylər"in uzun müddətdir ki, sahib çıxdığı "ən yaxşı" imicinə qısqanclıqla yanaşanlar, digərləri bəlli həyəcan fonunda fikir bildirməyə tələsənlər, üçüncü qism isə belə desək, küyə düşənlərdir. Əlbəttə, sağlam tənqid inkişaf üçün faydalıdır, amma artıq növbəti dəfə AL-in Liqa mərhələsindəki yerini təmin etmiş camiəyə qarşı aşırı basqı olduqca yersiz görünür. Mövcud ab-havanı və münasibətə baxanda istər-istəməz məşhur deyim yada düşür: Yanan da mən, yaman da mən?

Rəhbərliyi qınayanlar çoxdur

Hər dəfə olduğu kimi, yenə Avropadakı mübarizənin qızğın çağında rəhbərliyi transferlərə az pul xərcləməkdə qınayanlar öz ampluasındadır. Fəqət reallıq budur ki, "Zirə"dən icarədən qayıdan və "Sumqayıt"a keçən Rüstəm Əhmədzadəni saymasaq, ötən mövsümün sonunda "Qarabağ"ı tərk edən 5 futbolçunun əvəzinə, heyətə eyni sayda oyunçu qatılıb. Gedənlərdən birinin - İsmayıl İbrahimlinin ötən mövsüm icarə əsasında formasını geyindiyi "Zirə"yə daimi əsasda keçdiyi, Əlcəzair çempionatına yollanan albaniyalı hücumçu Redon Cicanın geridə qalan "futbol ili"ndə komandaya kömək edə bilmədiyi, monteneqrolu Marko Veşoviçin son vaxtlar ehtiyatda qaldığı faktdırsa, deməli, heyətdəki faydalı futbolçuların sayı həqiqətən artırılıb. Ağdamlıların sıralarına cəlb edilən oyunçuların hər biri isə ayrı-ayrılıqda komandanın gücünə güc qatacaq adlardır. Əvvəlki klublarında adından söz etdirməyi bacarmayanların Qurban Qurbanovun rəhbərliyi altında hansı səviyyədə "artırdığını", ölkənin ən yaxşı futbol məşqçisinin güvəndiyi sistemdə parladığını dəfələrlə görmüşük. Buna dair bir-iki yox, yeddi-səkkiz misal çəkmək olar. Klub hələ də transfer çalışmalarını sürdürür və yaxın vaxtlarda heyətə yeni oyunçu və ya oyunçuların qatılması gözləniləndir. Hərçənd bu yay başqa futbolçu gəlməsə də, yenilər uyğunlaşdıqca komandanın ifasında daha parlaq oyun izləyəcəyimiz şübhə doğurmur. Həqiqət budur ki, rəhbərlik məşqçilər korpusunun gözaltı etdiyi bütün futbolçularla təmas qurulmasına, onların ölkəmizə gəlməyə razı salınmasına çalışır. Əcnəbi hücumçu transferi naminə yanlış seçim etmək ehtimalı da nəzərə alınmalıdır. On ildən çoxdur ki, Avropa klubuna çevrilən və bu yöndə inamlı addımlar atmağa davam edən camiənin transfer siyasəti effektli deyilsə, bu uğurlar haradandır? Bir məqamı da unutmayaq ki, yaşı 30-u keçməmiş hazır istedadlara fantastik məbləğlər təklif olunur. "Qarabağ" nə top liqaların təmsilçisidir, nə də Səudiyyə Ərəbistanının. Ona görə də yeni transferlər planında suyu haqlı olaraq üfürə-üfürə içən, yüz ölçüb bir biçən, mümkün olanın ən yaxşısını etməyə çalışan Ağdam klubu barədə reallıqdan uzaq, daha çox pafos qoxusu verən fikirlər səsləndirməkdən vaz keçmək məsləhətdir. Əksinə, futbol ictimaiyyətinin nümayəndələri digər klubları doğru yola səsləməli, normal büdcəsi olanları "ağ-göylər"dən öyrənməyə səsləməlidirlər.     

Gələnlər: Rüstəm Əhmədzadə ("Zirə", icarədən qayıdıb), Dani Bolt ("Torrense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku (“Mafra”, Portuqaliya), Sami Mmai ("Dinamo Zaqreb", Xorvatiya), Joni Montiel ("Rayo Valyekano", İspaniya).

Gedənlər: Yassin Benzia, Marko Veşoviç, Patrik Andrade ("Araz-Naxçıvan"), İsmayıl İbrahimli ("Zirə"), Redon Cica (“SSPA Şabab Riadi Beluizdad”, Əlcəzair), Rüstəm Əhmədzadə ("Sumqayıt"). 

Müqavilə müddətini artıranlar: yoxdur.   

Nə Zubir "tükənib", nə də Axundzadə sıradan hücumçudur

Rəhbərliyi transferlərə böyük pullar xərcləməməkdə suçlayanların "Qarabağ"ın oyunçularını da qaralamaları üzücü reallıqdır. Ötən mövsüm ərzində cinah hücumçusu Abdullah Zubirlə əbəs yerə müqavilə yeniləndiyini, bu futbolçunun "tükəndiyini" iddia edənlər yəqin ki, "Şkendiya" ilə ev oyunundan sonra böyük yanlışlığa yol verdiklərinin fərqinə varıblar. Hazırda yaxşı formada olan 33 yaşlı ön xətt oyunçusu 5:1 hesablı darmadağının reallaşdığı axşamın ən diqqətçəkən siması idi. Marko Yankoviç zədədən əziyyət çəkdiyi zaman kəsiyində bir qədər geridə, yaradıcı dayaq yarımmüdafiəçisi mövqeyində oynayan Kadinin "baltalanması" barədə də oxşar fikirlər səsləndirmək olar. Bu gün 21 yaşlı hücumçu Nəriman Axundzadə də əsas qınaq obyektlərindəndir. Axundzadənin heç vaxt komandaya legioner forvard qədər fayda verə bilməyəcəyi, yaxaladığı qol epizodlarını sağa-sola xərclədiyi vurğulanır. Halbuki bu gənc forvard sözün əsl mənasında, böyük potensiala sahibdir və son iki mövsümdə yeni səviyyəyə çatıb. Azərbaycan millisinin hücumçusu ÇL-də 2 qol vurmağa da imkan tapıb. Nərimanın keçirdiyi matçları dərindən təhlil etməyi bacaranlar məntiqlə, onun taktiki planda da nə dərəcədə inkişaf etdiyini görməlidirlər. Bəli, Axundzadənin hələ öyrənəcəyi çox şey var və "Qarabağ"ın yeni mərkəz hücumçusu ilə güclənməsi mövqe uğrunda rəqabətin yüksəlməsi prizmasından "90 nömrə"nin özünün də xeyrinə olar. Lakin gənc oyunçunu bu drəcədə sıxma-boğmaya salmaq absurddur. Azərbaycan futbolu tarixində hansı yerli hücumçu bu yaşda beynəlxalq matçlarda ön plana çıxıb ki? Müqayisə üçün ad tapmağa çalışsaq, yenə iki sabiq "Qarabağ"lının - Vaqif Cavadovla Mahir Emrelinin üzərində dayanacağıq, deyilmi? Tutaq ki, bir də futbolun sirlərinə Qurbanovun rəhbərliyi altında yiyələnmiş Rauf Əliyevin... Bəs sonra? 

"Ferentsvaroş"u keçsələr də, keçməsələr də...

Yuxarıda qeyd etdiyimiz kimi, "Qarabağ" artıq AL-in Liqa mərhələsində oynamaq hüququna yiyələnib və büdcəsini təxminən 17 milyon manat civarında zənginləşdirib. Bəli, ÇL-in Liqa mərhələsi növbəti hədəfdir, ancaq AL-in əsas mərhələsində mübarizə aparmaq da böyük uğurdur. Bura qədər keçilən uğurlu yolu sıradan nəticə qismində görənlərin hər biri utopiya ilə həqiqətin sərhədlərini qarışdırmış, futbol anlayışı şübhə altında olan adamlardır. "Qarabağ" "Ferentsvaroş"u keçsə də, keçməsə də ən xoş sözlərə layiqdir. Macarıstan futbolunun ənənələri ilə dərindən maraqlananlar, bu komandanın Ferents Puşkaşın vətənində rəqib tanımadığını anlayanlar reallıq hissini itirməməli, hadisələrə doğru münasibət göstərməyə çalışmalıdırlar. Təbii, kimlərinsə şəxsi mənafeinə hesablanmış tənqidləri nəzərdə tutmuruq, onların dərdi bir başqadır.

Fanat.Az     

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
50
fanat.az

10Mənbələr