AZ

Eyni ruh, eyni qətiyyət

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türk dünyasının qəhrəmanlıq salnaməsi də ortaq miras kimi öyrənilməli və gənclər arasında təbliğ olunmalıdır

On ikinci məqalə

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasınını uğurla davam etdirir. 1 may 30 sentyabr tarixləri arasında reallaşdırılan layihə müasir dövrdə Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyır. Biz, ortaq dəyərlərimizi, ortaq mirasımız bilmədən etibarlı ortaq gələcək qura bilmərik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz Türk dünyasıdır. Ailəmizin etibarlı təməllər üzərində qurulması həm də ortaq tarixi keçmişimizə sahib çıxmaqdan keçir. Layihənin məqsədi Türk dünyasında bu istiqamətdə atılan addımları, ortaq mirasımızla bağlı tarixi faktları türk dünyasına, o cümlədən uşaq, yeniyetmə və gənclərə çatdırmaqdır. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, həmçinin, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan mütəxəssislərin fikirləri əsasında 12 məqalənin hazırlanması nəzərdə tutulub. Müxtəlif sahələri əhatə edən həmin 12 məqalənin sonuncusu oxuculara təqdim edilir. Bu məqalədə Türk dünyasında önəmli yer tutan qəhrəmanlıq, vətənpərvərlik, dövlətə sadqililikdən bəhs edəcəyik. Çünki Türk dünyasının qəhrəmanlıq dastanları, mübarizə tarixi də ortaq mirasımız kimi bu gündən gələcəyə daşınmalıdır.

Dr. Yücel Karauz: Türklərin döyüşkənliyi və mübarizliyi tarixi genlərindən gəlir

Beləliklə, Türkiyənin Azərbaycandakı sabiq hərbi atteşesi, ehtiyatda olan general Dr. Yücel Karauz dedi ki, türklərin döyüşkənliyi və mübarizliyi tarixi genlərindən gəlir: “Türklər yaşadıqları yeri vətən torpağı etməyə, yəni o torpağı həm əkib-becərməyə, həm də qorumağa qadir olub, torpaq, vətən üçün misilsiz qəhrəmanlıqlar göstəriblər. Məsələn Orxon yazılı abidələrindən bəri “il” (dövlət) və “yurt” anlayışları müqəddəs sayılıb. İkincisi, Göytürklərdə “Ötüken” həm siyasi mərkəz, həm də mənəvi yurd simvolu olub. Başqa bir misal Anadoluya köçən Oğuz tayfaları üçün yurd, əslində, əcdadların qanı ilə əldə edilmiş torpaq mənasını daşıyıb. Bu misallarn sayını artırmaq olar, lakin elə bu 3 fakt da məsələyə tarixi işıq salmağa kömək edir. Günümüzə baxanda Azərbaycanın 44 günlük Vətən savaşında tarixi zəfərini, Türkiyənin sərhədyanı ərazilərdə terrorla mübarizə əməliyyatlarını, Qazaxıstanın müstəqillik günləri kimi hadisələrdə milli coşqunun ön plana çıxdığını götürük. Hətta idman yarışlarında belə milli kimlik və bayraq sevgisi güclü şəkildə hiss olunur. Bununla belə, dəyişən zaman şərtləri fonunda öz dəyərlərimizi qorumaq üçün davamlı işlər görməliyik ki, bununla bağlı təklifləri sonda ümimiləşdirəcəm”.

Qeyd edildi ki, türklərin vətənpərvərliyi dövlət quruculuğu baxmından da dünyada fərqlənmələri ilə bağlıdır: “Tarixdə Göytürklər, Uyğurlar, Qaraxanoğulları, Səlcuqlar, Osmanlılar, Baburlar, Xivə Xanlığı kimi çox sayda türk dövləti qurulub. Bu zaman dövlət davamlı və institusional şəkildə müqəddəs sayılıb, törə ilə (qanun sistemi) ilə ədalətin təmin edilməsi ənənəsi qoyulub. Günümüzə gəlincə, Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan kimi müstəqil dövlətlərin və KKTC-nin mövcudluğunu qeyd edə bilərik. Həmçinin Türk Dövlətləri Təşkilatının (TDT)yaradılması, ortaq siyasi iradə nümunəsidir. Onu da deyim ki, türkün gücü həm də dövlət-xalq birlyindədir. Bunun tarixi kökləri var. Məsələn, Orxon yazılarında Bilgə Kağanın “Türk milləti üçün gecə yatmadım, gündüz oturmadım” ifadəsi. Ümumiyyətlə türklərdə rəhbərin vəzifəsi milləti qorumaq, xalqın vəzifəsi isə dövlətə sadiq qalmaq idi. Müasir dövrdə bunun örnəklərinə gəlincə, Türkiyədə milli səfərbərlik çağırışlarında xalqın könüllü dəstəyi, Azərbaycanda Qarabağ zəfərində gənclərin önə çıxması, həmçinin xalqın orduya qida, pul və avadanlıq dəstəyi, Qırğızıstanda 2010-cu il hadisələrində xalqın dövlət nizamını qoruma səyı və s. göstərə bilərik”.

Qəhrəmanlar dünən də var, bu gün də var, sabah da olacaq

Bildirildi ki, türklərin vətənpərvərliyi kimi qəhrəmanlıqları da ortaq miras kimi öyrənilməli və gənclər arasında təbliğ olunmalıdır: “Bizdə qəhrəmanlar dünən də var, bu gün də var, sabah da olacaq. Məsələn, tarixin o başında Alparslan, Teymur, Fateh Sultan Mehmet, sonrakı dövrdə Nuru Paşa kimi qəhrəmanlar vardısa, müasir dövrdə də biz Qarabağın işğaldan azad edilməsi uğrunda şəhid olan Polad Həşimov və Türkiyədə 15 iyul şəhidlərinin qəhrəmanlıqlarını gördük. Ortaq miras kimi bu qəhrəmanlıqların öyrənilməsi üçün ortaq addımlar atılmalıdır. Məsələn, ortaq tarix dərslikləri və sənədli layihələr hazırlanmalı, ortaq milli bayramlar (məsələn, Novruz) Türk dünyasının bütün coğrafiyasında qeyd edilməli, gənclər arasında vətənpərvərlik duyğusu gücləndirilməli, ortaq qəhrəmanlıq ensiklopediyası, kino layihələri və seriallar hazırlanmalı, nəhayət, türk dünyası məktəblərində ümümtürk qəhrəmanlıq dastanları tədris olunmalıdır. Eyni zamanda, türk gəncliyi arasında ortaq simvollar və mədəni kodların (Bozqurd, tuğ, otaq, Novruz tonqalı, toy (şölen), Dədə Qorqud, Manas, Koroğlu kimi ədəbi abidələr, qopuz, dombra, qaval kimi musiqi alətləri) dərindən təbliği, müxtəlif istiqamətlərdə ortaq mövzuların işlənməsi, yeni dünyanın tələblərini də diqqətə alaraq ortaq televiziya və rəqəmsal yayım platformasının yaradılması, mədəniyyət festivalları, həmçinin Pan-Türk idman oyunlarının təşkili önəmli ola bilər”.

Dr. Y.Karauz əlavə etdi ki, bütün bu sadalananların reallaşması üçün vahid bir proqram, 5, yaxud 10 illik strategiya işlənib hazırlanmalıdır: “Təbii ki, əgər biz belə bir təklif veririksə, sabah onun ilkin hazırlanma forması üçün təkilfləri paketini də təqdim etməyə hazırıq. Şübhə etmirik ki, CASCFEN-in “Türk dünyası: Ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi bəhs etdiyimiz istiqamətdə təkilf və layihələrin meydana çıxması baxımından da Türk dünyası üçün uğurla nəticələnəcək. Ona görə də bu layihə növbəti illərdə də davam etdirilməli, toxunduğumuz məqamların daha da konkretləşdirilmiş formada Türk dünyasına çatdırılması üçün vasitə rolunu oynamalıdır”.

Hikmət Babaoğlu: Vətən müharibəsində əldə edilən tarixi zəfər bütün türk xalqlarının qələbəsinə çevrildi

Millət vəkili Hikmət Babaoğlu isə dedi ki, 44 günlük Vətən müharibəsində əldə edilən böyük tarixi zəfər təkcə Azərbaycanın deyil, bütün türk xalqlarının qürur mənbəyinə çevrildi: “Uzun illərdir türk xalqları bir-birindən ayrı salınaraq məğlubiyyətlərə düçar edilmişdi. Son iki əsrdə Türküstanın işğalı, Azərbaycanın ikiyə bölünməsi və nəhayət, yüz il əvvəl Osmanlının süqutu ilə tamamlanan bu proses, təbii ki, türk xalqlarının dünya siyasətindəki mövqeyinin zəifləməsinə gətirib çıxarmışdı. XX əsrin sonlarında müstəqilliyini bərpa edən türk xalqlarının bir qismi hərbi münaqişələrə cəlb olundu, işğala məruz qaldı. Digərləri isə hərbi və siyasi təzyiqlərlə üzləşərək müstəqillik imkanları məhdudlaşdırıldı. Belə bir şəraitdə milli iradənin təntənəsinə, türk xalqlarının döyüşkən keçmişinin yenidən dirçəlməsinə, qan yaddaşımızın təzələnməsinə böyük ehtiyac vardı”.

Qeyd edildi ki, Azərbaycan türk dövlətləri içərisində ən həssas həlqə olaraq seçilmişdi və daim başımız üzərində müxtəlif imperiyaların təhdid qılıncı yellənirdi: “Azərbaycan Prezidenti çıxışlarının birində demişdi ki, “bizim düşmənlərimizdən biri də bizə hələ də müstəmləkə gözü ilə baxan ölkələrdir”. Biz yaxşı bilirik ki, bu ölkələr kimlərdir. Onların bu gün də Azərbaycanın tarixi zəfərini qəbul etməməsi göstərir ki, Prezident İlham Əliyev bu məsələdə tamamilə haqlıdır. Beləliklə, milli iradəsi məhdudlaşdırılmaq istənilən Azərbaycan, özündə güc taparaq elə bir tarixi zəfər əldə etdi ki, bu, şimallı-cənublu bütün Azərbaycanın qəlbindən gələn və imperiyalara meydan oxuyan bir qələbə idi. Azərbaycan bu zəfəri döyüş meydanında qazandığı kimi, diplomatik masada da qoruyaraq məntiqi sonluğa çatdırdı. Bu isə bütün türk xalqlarının qələbəsinə çevrildi. Təsadüfi deyil ki, 2021-ci ildə İstanbulda keçirilən tədbirdə Azərbaycan Prezidenti Türk Dünyasının Ali Ordeni ilə təltif edildi və bu ali mükafat ona Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının iştirakı ilə təqdim olundu. Bu, sadəcə bir təltif deyil, türk xalqlarının özünə inamını bərpa edən, onların nəyə qadir olduğunu bir daha yaddaşlara həkk edən mühüm bir rəmzi hadisə idi. Hər kəs gördü ki, Azərbaycan ən çətin, mürəkkəb və strateji cəhətdən həssas bir coğrafiyada necə möhtəşəm bir qələbə əldə edib”.

Millət vəkili dedi ki, bu qələbə, tarixi mərhələdə milli kimliyimizin, türk xalqları ilə ortaq sosial dəyərlərimizin və ortaq siyasi təfəkkürümüzün yenidən formalaşması üçün olduqca əhəmiyyətlidir: “Nəticə etibarilə, qarşıdakı tarixi mərhələdə TDT-nın böyük gələcəyə doğru irəlilədiyi bir zamanda ortaq kimlik, ortaq siyasi düşüncə və qlobal məkanda, eləcə də Türk dünyasında baş verən hadisələrə vahid baxışın formalaşması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın qələbəsi belə bir nümunə yaratdı və qələbəyə ehtiyacı olan türk xalqları üçün həm rol modelə, həm də cazibə mərkəzinə çevrildi. Bu isə yalnız iqtisadi və kommunikasiya baxımından deyil, həm də tarixi və mənəvi birləşməmiz üçün tamamilə yeni bir yolun başlanğıcı oldu”.

H.Babaoğlu sonda əlavə etdi ki, türk gəncliyi bunu bilməli, dərindən öyrənməlidir: “Bilinməlidir ki, Türk dünyasının Malazgirt, Çanaqqala , Qarabağ savaşlarının arxasında dayanan əsas məqamlardan biri də strateji düşüncə və birlik ruhudur. Bu ruhun yeni dövrdə qorunması və gələcəyə aparılması üçün qələbə bayramları ortaq şəkildə qeyd olunmalı, o cümlədən Qarabağ qələbəsinin Türk dünyasında qardaşlıq bağlarını möhkəmləndirməsindəki rolundan ətraflı bəhs edilməlidir”.

Züleyha Karaman: Kıbrıs və Azərbaycan türklərinin mübarizəsi də Türk Dünyasının ortaq mirası kimi gələcəyə də işıq tutur

Öz növbəsində mövzu ilə bağlı danışan KKTC Xarici İşlər Nazirliyinin mətbuat katibi Züleyha Karaman dedi ki, elə mübarizələr var, sərhədləri aşır, yalnız bir millətin deyil, bütöv bir mədəniyyətin şərəfini daşıyır: “Coğrafiyalar dəyişsə də, yaşanan acılar və göstərilən qəhrəmanlıqlar ortaq bir ruhun izlərini özündə əks etdirir. Türk dünyasının ayrılmaz parçası olan Kıbrıs və Azərbaycan türklərinin mübarizəsi bu ortaq ruhun ən güclü nümunələrindən biridir. Hər iki xalqın yaşadığı ağrılar, göstərdiyi cəsarət və yazdığı dastanlar eyni ruhun təcəssümüdür: Türkün azadlıq sevgisi, vətən məhəbbəti və zülm qarşısında əyilməyən başı…”.

Qeyd edildi ki, iki xalq, iki fərqli cəbhədə, eyni inamla, eyni qətiyyətlə, eyni şərəflə dirəndi: “Bu dirənişin ən möhkəm dayağı isə Türkiyənin qardaşlıqdan doğan dəstəyi oldu. Akdenizdə Mavi Vətənin ürəyində yerləşən Kıbrısın 1878-ci ildə müvəqqəti olaraq İngiltərəyə verilməsi ilə Kıbrıs türkləri üçün təzyiq və ayrı-seçkilik dolu bir dövr başlandı. 1923-1960-cı illər Kıbrıs türkləri üçün ən ağır dövrlərdən biri idi. Bir tərəfdən ingilislərin təzyiqi, digər tərəfdən isə yunanların terror hərəkətləri ilə üz-üzə qaldılar. 1923-dən etibarən yunanların Enosis (Kıbrısı Yunanıstana birləşdirmə) arzusu Kıbrıs türklərinin varlığını ciddi təhdid etməyə başladı”.

Qeyd edildi ki, 1955-ci ildə yunan terror təşkilatı EOKA yaradıldıqdan sonra türk kəndləri hədəfə alındı, qadın-uşaq demədən günahsız insanlar qətlə yetirildi.

Daha sonra baş verənlərin də Kıbrıs türklərinin mübarizə tarixinə yazıldığını deyən Z.Karaman vurğuladı ki, Kıbrıs türkləri Dr. Fazıl Kiçik və Rauf Denktaşın rəhbərliyi ilə təşkilatlandılar, dözdülər, misilsiz qəhrəmanlıqlar sərgilədilər, zülmə qarşı müqavimət göstərdilər: “Tarixə “Qanlı milad” kimi düşən və 21 dekabr 1963-də tətbiq edilən “Akritas Planı” Kıbrıs türklərinin məhvini hədəfləyirdi. 1963–1974-cü illər Kıbrıs türkləri üçün qan, göz yaşı və köç deməkdir. 15 iyul 1974-də rumların və Yunanıstanın dəstəyi ilə həyata keçirilən çevrilişdən sonra, Anavətən və garantör Türkiyə beynəlxalq hüquqdan doğan haqqını istifadə edərək 20 iyul 1974-də Kıbrıs Barış Hərəkatını başlatdı. 14 avqustdakı ikinci hərəkatla Kıbrıs türkləri azadlığına qovuşdu, Enosis xəyalları tarixə gömüldü. Kıbrıs Barış Hərəkatı yalnız hərbi əməliyyat deyildi. Bu, türk millətinin taleyinə sahib çıxma iradəsi idi. Türkiyə heç bir təzyiq qarşısında geri çəkilməyərək Kıbrıs türklərinin təhlükəsizliyi və müstəqilliyi üçün şərəfli bir duruş sərgilədi. Bu hərəkat dünyadakı bütün türklərə “yalnız deyilsiniz” mesajı verdi. Bu gün Kıbrıs türkləri Anavətən Türkiyənin güvəncində, öz torpağında, müstəqil və bərabərhüquqlu bir dövlət olaraq sərbəst yaşayır”.

Qarabağ zəfərinə gəlincə, Z.Karaman “bununla bağlı çox söz demək olar. Lakin ümumilişdirsək qeyd edə bilərik ki, Prezident İlham Əliyevin liderliyində Azərbaycan 2020-ci ildə gücünü sahədə göstərdi. Bu, yalnız hərbi qələbə deyil, illərin göz yaşının, çəkilən əzabların və bəslənən ümidlərin gerçəyə çevrilməsi idi” dedi.

Bildirildi ki, Kıbrıs və Azərbaycan türklərinin mübarizəsi fərqli zamanlarda, lakin eyni ruhla yazıldı: “Hər iki xalq köçə məcbur edildi, qətliama uğradıldı, məhv edilmək istəndi. Amma heç biri torpağından, kimliyindən, şərəfindən, müstəqilliyindən imtina etmədi. Dirəndi, təşkilatlandı, ayağa qalxdı və nəhayət qalib gəldi.

Kıbrısdan Qarabağa uzanan bu hekayə Türk millətinin əsrlər boyu zülmə qarşı necə dik dayandığının, vətən uğrunda necə birləşdiyinin ən güclü sübutudur. Bu dirənişlər və qəhrəmanlıqlar Türk dünyasının ortaq mirasıdır və gələcəyə də işıq tutur. Kıbrıs və Azərbaycan türklərinin göstərdiyi qəhrəmanlıqlar, Türk millətinin dirəniş ruhunu, vətən sevgisini və şərəfini əks etdirən dastanlardır. Bu dastanlar gələcək nəsillərə ötürülməli və ortaq yaddaşda möhkəm yer almalıdır”.

Bəli Z.Karamanın qeyd etdiyi kimi Kıbrısda verilən şanlı dirəniş yalnız bir tarix dərsi deyil, azadlıq üçün mübarizənin nə demək olduğunu göstərir. Qarabağda qazanılan zəfər isə sadəcə xəritə dəyişikliyi deyil, səbrin, inamın və birliyin gücünün göstəricisidir. Kıbrıs və Azərbaycan türklərinin mübarizəsi Türk dünyasının ortaq yaddaşında möhkəm yer almalıdır. Bu zəfərlər yalnız iki bölgənin deyil, bütün Türk millətinin ortaq qürurudur. Məktəblərdə, mədəni tədbirlərdə, ədəbiyyatda və incəsənətdə bu qəhrəmanlıqlar yaşadılmalı, öyrənilməli və öyrədilməlidir. Çünki bu mübarizə Türk dünyasının hər guşəsində yaşayan xalqlara ilham qaynağıdır. Bu ruh gələcəkdə də Türk dünyasının birliyini və həmrəyliyini gücləndirəcək ən böyük ortaq mirasdır.

Cavid Şahverdiyev

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
21
sia.az

10Mənbələr