AZ

"Donbas dilemması: Ukrayna üçün "qırmızı xətt" və Moskvanın uduzan strategiyası" - "The Telegraph"

"Donbasın təslim edilməsi Ukraynanın müdafiəsini iflic edər, Moskvanın isə müharibə boyu əldə etdiyi nəticələr gözləntilərlə müqayisədə zəifdir..."

Donbasın verilməsi Ukrayna üçün "praktiki olaraq mümkünsüzdür". Bu bölgə yalnız siyasi simvol deyil, həm də strateji "qaladır".

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Strateji əhəmiyyət

Nəşr qeyd edir ki, Donetsk vilayətinin yüksəklikləri illərdir qurulan müdafiə xətləri ilə əhatə olunub və faktiki olaraq Ukraynanın mərkəzinə açılan qapını qoruyur. Əgər bu mövqelər süqut etsə, Rusiya ordusu həm Xarkov, həm də Zaporojye istiqamətində Ukrayna qüvvələrini mühasirəyə almaq üçün meydan əldə edəcək.

Donbasın şəhərləri - Kramatorsk, Slavyansk, Drujkovka və Konstantinovka logistika baxımından həyati rol oynayır. Buradakı dəmir yolu və magistrallar Xarkov və Kiyevlə əlaqə yaradır, təchizat və tibbi yardımı asanlaşdırır. Bu imkanların itirilməsi Ukraynanın müdafiəsini zəiflədər, yeni müdafiə xətləri isə açıq cinahlarla daha həssas mövqedə qalardı.

Tarixi simvol və siyasi məna

2014-cü ildə məhz Donbasda Ukrayna ordusu ilk dəfə Rusiya qüvvələrinə qarşı qələbə qazanmışdı. Slavyanskın azad olunması Kiyev üçün müqavimətin simvoluna çevrilib. Rusiya isə bu bölgəni öz "qiyamının başlanğıcı" kimi təqdim edir. Bu səbəbdən Donbas həm tarixi, həm də ideoloji baxımdan hər iki tərəf üçün xüsusi rəmz daşıyır. Putin Rusiyada cəmiyyətə açıq bəyan edib ki, məqsədi Donetsk və Luqanskın tam işğalıdır. Buna görə də Kreml üçün Donbası əldə etmək yalnız hərbi yox, həm də siyasi öhdəlik kimi görünür.

Moskvanın zəif irəliləyişi

Bununla belə, faktlar göstərir ki, Rusiya müharibə boyu iddialarına uyğun nəticə əldə edə bilməyib. "DeepState" monitorinq qrupu hesablayıb ki, son 1010 gündə Moskva cəmi 5842 kv km ərazi işğal edib. Bu isə Ukraynanın beynəlxalq sərhədlər daxilindəki ərazisinin cəmi 0,96 faizi deməkdir. İlk mərhələdə ruslar daha böyük əraziləri ələ keçirsə də, Xarkov və Xerson vilayətlərində Ukraynanın əks-hücumları nəticəsində onların böyük hissəsi geri qaytarılıb. Sonrakı hücumlar, o cümlədən Baxmut istiqamətindəki irəliləyişlər ciddi nəticə verməyib.

Sülh tələbi və siyasi oyunlar

Avqustun 15-də Alyaskada keçirilən Tramp-Putin görüşündə Kremlin əsas tələbi Donbasın təhvil verilməsi olub. Putin atəşkəsə razılıq verməyib, əvəzində Tramp Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri təklif etməyə çalışıb. Amma Zelenskinin mövqeyi dəyişməzdir: Donbasın verilməsi Ukraynanın müdafiəsini iflic edər və yeni işğalların qarşısını almağı mümkünsüzləşdirər.

Moskva Donbası "sülhün bədəli" kimi təqdim etsə də, həm strateji, həm tarixi, həm də real hərbi balans baxımından bu bölgənin təslim edilməsi Ukrayna üçün qəbuledilməzdir. Ən əsası isə, son üç ilin statistikası göstərir ki, Rusiya böyük ritorikasına baxmayaraq, Ukrayna torpaqlarında yalnız minimal nəticə əldə edə bilib.

Seçilən
44
50
moderator.az

10Mənbələr