AZ

Tramp-Zelenski-Avropa liderləri bir arada - Kim nə dedi...

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə keçirilən toplantıda Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri bir araya gəliblər.

Görüşün əsas mövzusu Ukraynada müharibənin dayandırılması, təhlükəsizlik zəmanətləri və trilateral formatda, Yəni ABŞ, Ukrayna və Rusiya arasında yeni danışıqların aparılması olub.

Modern.az-ın məlumatına görə, Tramp görüşü “çox uğurlu” adlandırıb və yaxın vaxtlarda üçtərəfli görüşün təşkil edilə biləcəyini açıqlayıb.

O bildirib ki, Rusiya təhlükəsizlik zəmanətlərini qəbul etməyə razılaşıb və tərəflər arasında “ərazilərin mümkün mübadiləsi” məsələsi də müzakirə olunur. ABŞ lideri optimist olduğunu deyərək, “bu gün razılaşmaya nail olmaq mümkündür” ifadəsini işlədib.

Zelenski isə bütün tərəflərin müharibəni bitirmək istədiyini vurğulayıb. O, ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı verdiyi siqnalı “çox güclü mesaj” kimi qiymətləndirib. Zelenski həmçinin qeyd edib ki, bu, indiyədək Tramp ilə ən yaxşı söhbət olub və Kiyev ABŞ və Rusiya ilə üçtərəfli görüşə hazırdır.

NATO-nun Baş katibi Mark Rutte müharibənin dayandırılmasının vacibliyini vurğulayaraq, “öldürmələri və Ukraynanın infrastrukturunun dağıdılmasını dayandırmalıyıq” deyib və Trampı çıxılmaz vəziyyəti həll etdiyinə görə alqışlayıb.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen “ədalətli və davamlı sülh” üçün birgə işləməyin vacibliyini bildirib və “hər bir uşağın öz ailəsinə qayıtmalı olduğunu” qeyd edib.

Almaniya kansleri Fridrix Merz gələcək görüşlərin atəşkəssiz mümkün olmayacağını deyərək, Rusiyaya təzyiq göstərilməsinin zəruriliyini vurğulayıb.

İtaliyanın Baş naziri Corcia Meloni təhlükəsizlik zəmanətlərinin əhəmiyyətinə toxunaraq, “hər cür sülhün ilkin şərti budur ki, bu müharibə bir daha təkrarlanmasın” ifadəsini işlədib.

Fransa Prezidenti Emmanuel Makron isə uzunmüddətli və möhkəm sülh üçün trilateral görüş formatının vacibliyini önə çəkib.

Böyük Britaniyanın Baş naziri Keir Starmer də məsələnin yalnız Ukraynanın deyil, Avropa və Birləşmiş Krallığın təhlükəsizliyi ilə bağlı olduğunu bildirib.

Seçilən
0
50
modern.az

10Mənbələr