AZ

“Daşkəsəndə qadınların məşğulluğunun artırılması” layihəsi çərçivəsində növbəti seminar keçirilib

“AzerGold” QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı ilə “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsi çərçivəsində növbəti maarifləndirici seminar təşkil edilib.

Tədbirin məqsədi “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən kəndlərdə yaşayan qadınların əmək bazarına inteqrasiyasına dəstək göstərmək, onların məşğulluq imkanları barədə məlumatlandırılmasını təmin etmək və yerli əmək resurslarının səmərəli istifadəsinə töhfə verməkdir.

Seminarda iştirak edən qadınlara Agentliyin aktiv məşğulluq proqramları - peşə hazırlığı, ödənişli ictimai işlər, özünəməşğulluq proqramı, həmçinin mövcud vakansiyalar və işəgötürənlərlə əməkdaşlıq imkanları haqqında geniş məlumat təqdim olunub. Eyni zamanda, “AzerGold” QSC tərəfindən həyata keçirilən sosial layihələr, regionda icmaların inkişafına yönəlmiş təşəbbüslər və qadınların iqtisadi cəhətdən gücləndirilməsi istiqamətində görülən işlər seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, onlara “AzerGold”un elektron işə qəbul sistemi, vakant yerlər üzrə namizədlərin imtahan üsulu ilə əmək fəaliyyətinə cəlb edilməsi, eyni zamanda Agentliyin təqdim etdiyi xidmətlərdən istifadə imkanları barədə geniş bəhs olunub, qadınların bu xidmətlərdən yararlanmaları üçün zəruri məsləhətlər verilib.

“Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsi 2023-cü ildən icra edilir. Layihə çərçivəsində təlimlərdə iştirak etmiş və Agentliyə rəsmi müraciət etmiş qadınlardan 2 nəfəri müvafiq peşə üzrə işlə təmin edilib. Bundan başqa, 4 nəfər özünüməşğulluq proqramı çərçivəsində Qadın gözəllik salonu zərfi üzrə aktivlərlə təmin olunub, daha 7 nəfər növbəyə alınıb.

Seçilən
19
10
report.az

10Mənbələr