AZ

"Tramp və Zelenski Ağ Evdə: Sülh planı və Qərbin imtahanı" - "TRT Global"

"Ukrayna müharibəsinin gələcəyi və Qərbin dəstəyi..."

Putinlə Alyaskada keçirilən sammitdən dərhal sonra ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə Ağ Evdə görüşüb. 

Moderator.az xəbər verir ki, bu barədə "TRT Global" nəşri yazıb.

Nəşr qeyd edir ki, gündəliyin əsas mövzusu sülh planı və təhlükəsizlik zəmanətləri olub. Vaşinqtonda Zelenskiyə Qərb ölkələrinin yüksək rəsmilərindən ibarət "İstəklilətər koalisiyası" da qoşulub.

İkinci Vaşinqton səfəri və diplomatik hazırlıq

Bu, Zelenskinin son aylarda Ağ Evə ikinci səfəri idi. Fevraldakı görüş qalmaqallarla yadda qaldığından bu dəfə Avropanın aparıcı liderləri, xüsusilə Almaniya kansleri Fridrix Mers Zelenskiyə xüsusi təlimat verib. Məqsəd - Tramp qarşısında balanslı mövqe sərgiləmək və səhvlərdən qaçmaq olub.

Putin ultimatumundan sonra Qərbin dəstəyi

Tramp-Putin sammitindən sonra mediada Vaşinqtonun mövqeyinin yumşaldığı barədə narahatlıqlar yayılıb. ABŞ prezidenti atəşkəsin vacibliyini rədd edib, Ukraynanın müəyyən əraziləri itirəcəyinin qaçılmaz olduğunu bildirib. Hətta mətbuata sızan məlumata görə, Tramp Avropaya Donbasın tam şəkildə Rusiyaya verilməsini nəzərdə tutan plan təklif edib.

Buna cavab olaraq Avropa liderləri - Mers, Rütte, Stubb, Makron, Starmer Zelenskiyə dəstək nümayiş etdirmək üçün Vaşinqtona yollanıb. Onlar bəyan edib ki, Ukrayna ordusuna heç bir məhdudiyyət qoyula bilməz və Rusiyanın Kiyevin NATO və ya Avropa İttifaqına üzvlüyünə veto hüququ ola bilməz.

Trampın açıq mesajı və Zelenskinin mövqeyi

Tramp Zelenskini Ağ Evdə şəxsən qarşılayıb və görüşü "çox məhsuldar" adlandırıb. ABŞ lideri Ukraynaya "yüksək səviyyəli təhlükəsizlik  təminatı vəd etsə də, NATO üzvlüyünü istisna edib. O, bu zəmanətlərin Alyansın 5-ci maddəsi ilə müqayisə olunub-olunmayacağını açıq buraxıb.

Zelenski müharibə şəraitində ərazi güzəştlərinə razı olub-olmayacağı sualından yayınsa da, görüşdən əvvəl "torpaqları vermək mümkün deyil" deyib. O, həmçinin müharibədən sonra seçkilərin keçirilməsini nəzərdə tutub, amma bunun üçün təhlükəsizlik təminatlarının vacibliyini vurğulayıb.

Üçtərəfli görüş gündəmdə

Tramp sülhün əldə olunması üçün Zelenski və Putinlə birgə üçtərəfli görüş keçirilməsini təklif edib. Zelenski bu ideyanı dəstəkləyib. İtaliya baş naziri Meloni sammitin Romada, Fransa prezidenti Makron isə Cenevrədə keçirilməsini təklif edib. "Sky News"-un məlumatına görə, Zelenski və Tramp Romaya, Putin isə Cenevrəyə üstünlük verir.

Ekspertlərin qiymətləndirməsi

Siyasi analitiklərə görə, Tramp sürətli sülh razılaşmasına can atır. Onun ərazi məsələsində "razılaşdırılmış xətt" ideyasına üstünlük verdiyi bildirilir. Bu isə NATO-nun mövqeyinə - cəbhə xətti üzrə sərhədlərin müəyyənləşdirilməsinə uyğun gəlir.

Digər tərəfdən, Avropa liderlərinin Trampa qarşı strategiyası :tərif və yaltaqlıqla təzyiq göstərmək" kimi qiymətləndirilir. Analitiklər hesab edir ki, bu yanaşma effektiv deyil: Tramp tərifi qəbul edir, amma qərarlarını yalnız öz maraqları əsasında verir.

Zelenski-Tramp görüşü Ukrayna üçün həm risklər, həm də yeni imkanlar açıb. ABŞ açıq şəkildə NATO üzvlüyünü istisna etsə də, təhlükəsizlik zəmanətləri vəd edib. Lakin əsas sual açıq qalır: Trampın "sülh planı" Ukrayna üçün real zəmanət olacaqmı, yoxsa Moskvanın maraqlarına uyğun "sürətli razılaşma"ya gətirib çıxaracaq?..

Seçilən
101
38
moderator.az

10Mənbələr