AZ

UEFA “Qarabağ” üçün məşhur hüquqşünası göndərdi

Macarıstanda "Ferentsvaroş" və "Qarabağ" arasında keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.

Matç Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Sportinfo.az xəbər verir ki, baş hakim Joau Pedru da Silva Pineyruya yan xətt hakimləri qismində Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Klaudiu Filipe Ruivo Pereyra yerinə yetirəcək.

Pineyrunun 37 yaşı olmasına baxmayaraq, böyük oyunlarda 2015-ci ildən görünməyə başlayıb.

Məhz həmin il Portuqaliya Primerasında ilk matçını idarə edən səbəbkar 1 ildən sonra FİFA hakimi adını qazanıb. Hazırda adı elit kateqoriya hakimləri siyahısındadır.

Son illərdə vətənində keçirilən ən səs küylü “Sportinq” – “Portu” qarşılaşmaları ona həvalə olunub. Lakin 2022-ci ilin fevralında bu komandaların oyununda Lissabon təmsilçisinin müdafiəçisi Sebastyan Koatesə göstərdiyi qırmızı vərəqəyə görə, o vaxtdan sonra “Sportinq” azarkeşləri üçün arzuolunmaz şəxsə çevrilib.

Joao Pedrunu hakimlik karyerasının ən böyük uğuru bu ilin avqustun 13-də UEFA Superkubokunu idarə etməsidir. Baş hakim funksiyasını yerinə yetirdiyi PSJ ilə “Tottenhem” arasındakı duel 2:2 hesabı ilə başa çatmış, ingilislər penalti zərbələrində dəqiq oynayaraq kuboku qazanmışdı.

Əsas ixtisası hüquqşünas olan Pineyro avrokuboklarda 38 görüşü idarə etsə də, indiyə qədər yolu nə “Ferentsvaroş”la, nə də “Qarabağ”la kəsişib.

Əvəzində, “Neftçi”nin oyununu idarə edib. 2021-ci ildə Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Yunanıstanda “Olimpiakos”la gerçəkləşən qarşılaşmadakı qərarları məhz bu adam verib.

Meydan sahiblərinin 1:0 hesabı ilə qalib gəldiyi matçda Pineyru hər komandadan bir futbolçuya “qırmızı” göstərib ki, bizimkilərdən 65-ci dəqiqədə Mert Çeliki meydandan uzaqlaşdırıb.

Avqustun 19-da Budapeştdəki "Groupama Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Cavab oyunu isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
18
sportinfo.az

1Mənbələr