“Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel konandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş” üzərində Macarıstandakı əzmkar qələbəsini (3:1) stadiondan canlı izləyib. 


Rekord.az xəbər verir ki, o, qarşılaşmadan sonra matçla bağlı təəssüratlarını klubun mətbuat xidmətinə bölüşüb.


Tahir Gözel komandanın bu mövsüm turnirin Liqa mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirmə əzminə heyranlıq duyduğunu bildirib: “Bilirsiniz ki, Çempionlar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlamışıq. Artıq pley-offdayıq. Hər zaman olduğu kimi, bu gün də komandamın yanında idim. Bugünkü qələbəyə görə hədsiz qürurluyuq. Komanda olaraq xalqımıza bu cür sevinc hisləri yaşatdığımız üçün çox sevinirik”.




Klub prezidenti müxtəlif ölkələrdən Macarıstana yollanaraq “Ferensvaroş” stadionunda “Qarabağ”ı dəstəkləyən azərbaycanlı azarkeşlərə təşəkkürünü bildirib: “ABŞ-dən, Çexiyadan, Avropanın bir çox ölkələrindən gələn azarkeşlərimiz bizi dəstəkləyirdilər. Sayları 500 nəfər olmasına baxmayaraq, 22 minlik stadionda yerli fanatlardan heç də geri qalmadılar, hətta bəzən onları üstələdi, komandamızı qələbəyə ruhlandırdılar. Birinci hissədə hesabda geri düşsək də, onların dəstəyi futbolçularımıza yenidən güc-qüvvət verdi. Azarkeşlərimizin sədaqəti, ruhu “Qarabağ”a hər zaman əlavə motivasiyadır”.


O, komandasının üstün oyunla qələbə qazanmasının böyük önəm kəsb etdiyini söyləyib: “Qələbədən çox bunu necə əldə etmək önəmlidir. Məni ən çox sevindirən də üstün oyun sərgiləməyimiz, topa daha çox sahib olmağımız idi. Xüsusən də, ikinci hissədə möhtəşəm çıxış etdik. Birinci hissədə bəxtsiz qol buraxsaq da, layiqli qələbə qazandıq. Taktiki üstünlüyümüzə rəqib uzun ötürmələrlə cavab verməyə çalışdı. Çünki təkbətək mübarizələrdə futbolçularımızla bacara bilmirdilər. Pley-off mərhələsində qələbə qazanmaq futbolçuların əhval-ruhiyyəsini yüksəltməklə yanaşı, həm də tarixi hadisədir”. 



Tahir Gözel matçda son nöqtəni qoyan Musa Qurbanlının qoluna xüsusi sevindiyini sözlərinə əlavə edib: “Məni sevindirən məqamlardan biri də Musa Qurbanlının gözəl qol vurması oldu. Çünki bu, ona əlavə motivasiya verəcək. Onun qolu təkcə prezident yox, bir azarkeş kimi məni çox həyəcanlandırdı, sevindirdi. Bundan başqa, Toral Bayramovun Avropa Liqasının Liqa mərhələsində “Bodo-Qlimt”ə vurduğu qolun ötən mövsümün turnirdə ən ən gözəl 10 qolu sırasına düşməsi də məni qürurlandırdı. Həmin qolu UEFA-nın “Youtube” səhifəsində 3 milyondan çox insan izləmişdi”.


Komandasının səfərdə 3:1 hesablı qələbə qazanmasına baxmayaraq, klub prezidenti arxayınlaşmaq üçün erkən olduğunu düşünür. O, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşündə azarkeşlərin dəstəyinin çox vacib olacağını vurğulayıb: “İndi son 90 dəqiqəmiz qalıb. Cütün taleyinə hələ aydınlıq gəlməyib. Qarşımızda mübariz ruhlu, çox güclü və təhlükəli rəqib var. Maksimum dərəcədə diqqətli olmalıyıq. Texniki heyət də bunu yaxşı bilir. Azarkeşlərimizdən komandamıza böyük dəstək nümayiş etdirmələrini xahiş edirəm. Çünki cavab matçında azarkeş dəstəyi həlledici rol oynaya bilər. İnanıram ki, komandamız bu turnirin Liqa mərhələsinə adlayacaq. Həmin mərhələdəki matçlarda da komandamın yanında olacağam, dəstəkləyəcəyəm”.