AZ

Deputat: “Qazdan istifadə etməsən də, qaz xəttinin saxlanmasına çəkilən xərcin üzərinə düşən hissəsini də ödəməlisən”

Milli Məclisin deputatı Aydın Mirzəzadə qaz tarifinin artırılacağı ilə bağlı müzakirələr fonunda qiymət dəyişiklərinin kasıbların, aztəminatlı ailələrin əleyhinə olması, işlədilməyən qaza görə ödəniş edilməsi barədə səslənən fikirlərə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, qazın pulu təkcə istifadə edilən qazdan ibarət deyil.

 

“Mənzilimizə qazın gəlməsi üçün borular çəkilməli, qazpaylayıcı stansiyalar qurulmalı, qaz xəttinə qulluq edən işçilərin maaşı verilməlidir.           Qazın mənzilimizə gəlməsinə qədər çəkilən kommunikasiyalar, onun vaxtaşırı təmiri, diaqnostikası, dəyişilməsi, stansiyanın saz vəziyyətdə saxlanılması, işçilərin əməkhaqqı ilə təminatı, texnika - bütün bunların hamısı sonda 1 kubmetr qazın qiymətinə oturdulur və qəribə vəziyyət yaranır. Müəyyən vaxtda qazdan istifadə edən vətəndaş ancaq qazın pulunu ödəyir. Buna görə sistem bir qədər dəyişilir. Sən qazdan istifadə etməsən də, qaz xəttinin vəziyyətinin saxlanmasına çəkilən xərcin üzərinə düşən hissəsini də ödəməlisən. Söhbət qazdan istifadədən deyil, sistemin saxlanmasından gedir ki, insan ona lazım olanda qazdan istifadə edə bilsin. Bu zaman tam qazın pulu yox, ancaq azacıq müəyyən bir hissə ödənir. Dünyada belədir və bu sistem Azərbaycanda da tətbiq ediləcək”.

 

Qeyd: Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) müəyyənləşir, bu sıraya sabit tarif daxil edilir. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Qaz təchizatı haqqında” qanunda əksini tapıb.

 

Qanuna əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) 2028-ci il iyulun 1-dən tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq.

 

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılardır:

 

- qazın topdansatış tarifləri;

 

- qazın nəqli tarifləri;

 

- qazın saxlanması xidmətlərinin tarifləri;

 

- qazın paylanması tarifləri;

 

- istehlakçılara qazın pərakəndə satış tarifləri;

 

- qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri;

 

- qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri;

 

- sabit tarif.

 

Sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.

 

Qaz təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarına uyğun olaraq hesablanacaq. Qaz təchizatı subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək.

 

Keçid maddələrinə əsasən, qazın topdansatış, nəqli, saxlanması xidmətləri, istehlakçılara pərakəndə satış, qazın nəqli şəbəkəsinə qoşulma xidmətləri, və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, o cümlədən sabit tarif bu qanunun qüvvəyə mindiyi gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qeyd edilənlər nəzərə alınmaqla, tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

 

Bununla bərabər, qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və qazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə qaz satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödəniləcək. Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.

 

Aytəkin Qardaşova

Tarix: 20 Avqust 2025, 11:52   
Seçilən
87
2
pravda.az

10Mənbələr