AZ

DYP sürücülərə müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ötmə və manevretmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib.

Ölkə.az xəbər verir ki, müraciətdə deyilir:

"Yollarda təhlükəsizliyin təmin olunması hər bir sürücünün məsuliyyətli davranışından asılıdır. Bu baxımdan ötmə və manevretmə qaydaları xüsusi əhəmiyyət daşıyır. Təəssüf ki, son zamanlar bəzi sürücülərin bu qaydaları pozması nəticəsində ağır yol-nəqliyyat hadisələrinin baş verdiyi müşahidə olunur.

Ötmə və manevretmə qaydalarının pozulması nə ilə nəticələnir?

- Qarşı zolağa çıxaraq ötmə zamanı sürücülərin qarşıdan gələn nəqliyyat vasitəsini nəzərə almaması cəmi bir neçə saniyə ərzində toqquşmaya səbəb ola bilər. Bu isə həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını birbaşa təhlükə altına qoyur.

- Düzgün siqnal vermədən və ya sürət həddini aşaraq edilən qəfil manevrlər digər sürücüləri çaşdırır, qəza ehtimalını dəfələrlə artırır.

- Xüsusilə avtobus, yük maşını kimi iri nəqliyyat vasitələrinin qarşısında və ya onların arxasında edilən riskli ötmələr yol-nəqliyyat hadisələrinin ən faciəvi səbəbləri sırasında yer alır.

Müşahidələr göstərir ki, ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verən qəzalar daha çox ağır xəsarətlərlə və insan ölümü ilə yadda qalır. Bir anlıq diqqətsizlik və ya məsuliyyətsizlik təkcə qaydanı pozan sürücünün deyil, onunla bərabər günahsız insanların da həyatına son qoya bilər".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edirək bunları tövsiyə edib:

- Yalnız yol şəraitinin imkan verdiyi hallarda, işıq və yol nişanlarının tələblərinə tam riayət etməklə ötmə əməliyyatı aparın.

- Qəfil və gözlənilməz manevrlərdən çəkinin, sükan arxasında məsuliyyətli olun.

"Unutmayın ki, yol hərəkəti qaydaları həyatınızı qorumaq üçün nəzərdə tutulub, DYP-dən bildirilib.

Seçilən
62
27
olke.az

10Mənbələr