AZ

Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub

Şair Məmməd İsmayıl Tovuz rayonunda dəfn edilib. SİA-nın məlumatına görə, şair Məmməd İsmayıl öz vəsiyyətinə uyğun olaraq doğulduğu Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində, anasının məzarının yanında dəfn olunub.

Dəfn mərasimində şairin ailə üzvləri, doğmaları, şair və yazıçılar, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti), 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib.

1966-1973-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1976–1980-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, eləcə də digər ədəbi-mədəni idarələrdə müxtəlif vəzifələrdə çalışıb.

Son illər Məmməd İsmayılın səhhətində problemlər yaranmışdı. Sonuncu dəfə bir neçə gün əvvəl vəziyyəti yenidən ağırlaşaraq xəstəxanalardan birinə yerləşdirilən şair avqustun 19-da orada vəfat edib.

Seçilən
87
21
sia.az

10Mənbələr