AZ

Qarabağda təhsil almaq istəyən gənclər: “Bu universitetdə təhsil almaq üstünlükdür”

Respublika fənn olimpiadalarının (RFO) qalibi olan Şirvan-Salyan regionunun 3 məzunu Qarabağ Universitetinə müsabiqədənkənar qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzinə (DİM) müraciət edib.

AzEdu.az həmin məzunlarla əlaqə saxlayaraq onların təəssüratlarını öyrənib.

Həmin məzunlardan biri Salyan rayonu Dayıkənd kənd tam orta məktəbinin məzunu Pəri Bağırova Azərbaycan dili və ədəbiyyat fənni üzrə RFO-da gümüş və bürünc medal qazanıb.

O, Qarabağ Universitetində təhsil almaq üçün “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasını seçib.

166325

“Əvvəlcə universitet açılar-açılmaz içimdə belə bir hiss var idi ki, mən oranı seçməliyəm. Çünki Qarabağ Universiteti doğma torpaqlarımızda fəaliyyət göstərir və bu, mənə olduqca maraqlı gəlirdi. Düşünürəm ki, universitet zamanla daha da inkişaf edib yeni imkanlar təqdim edəcək. Ona görə də seçimim Qarabağ Universiteti oldu.

Sözün düzü, Bakıda oxumaq kimi bir fikrim olmayıb. Təbiəti sevməyim, vətənpərvərliyim və digər xüsusiyyətlərim məni birbaşa Qarabağ Universitetinə yönəltdi. Təhsilimi başa vurduqdan sonra Qarabağda qalaraq işləmək istəyirəm.

Mən RFO-nun qalibi olub müsabiqədənkənar qəbul imkanı qazandım. İstəyirəm ki, gələcəkdə şagirdlərim də belə uğurlara nail olsun. Çünki mən qalib yetişdirmək arzusundayam.

Universitetin rektoru və əməkdaşları ilə əlaqə saxlamışdım. Onların tələbələrə və digərlərinə qarşı çox səmimi münasibət göstərdiklərinin şahidi oldum. Həmçinin Qarabağ Universitetinin tələbələri ilə də danışmışdım. Onların təəssüratları da çox müsbət idi. Yeni açılmasına baxmayaraq, bu ali məktəbin ölkənin ən prestijli universitetlərindən birinə çevriləcəyinə inanıram.

Valideynlərim əvvəlcə düşünürdülər ki, yol uzaqdır. Amma mən qəti şəkildə orada oxumaq və gələcəkdə Qarabağda işləmək istədiyimi bildirdim. Onlar da sağ olsunlar, fikrimi dəstəklədilər. Deyə bilərəm ki, bu yolda ən böyük dəstəyim elə valideynlərim olub.

Mən abituriyentlərə də tövsiyə edirəm: yolun uzaqlığı və məsafə heç bir əngəl deyil. Əsas məsələ keyfiyyətli təhsil və insanı irəli aparan universitetdir. Mənim fikrimcə, bu universitet Qarabağ Universitetidir. Abituriyentlər seçim edərkən yalnız istəklərinə deyil, həm də gələcəkdə onlara fayda verəcək təhsilə üstünlük verməlidirlər".

Neftçala rayonu Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbinin məzunu Xədicə Dünyamalıyeva Tarix fənni üzrə RFO-larda qızıl, gümüş və bürünc medalların sahibidir. O bildirib ki, Qarabağ Universitetində “Tarix” ixtisası üzrə təhsil almaq üçün müraciət edib:

166324

“Əslində Qarabağ Universitetində təhsil almaq istəməyimin öz hekayəsi var. Keçən il 10-cu sinifdə oxuyarkən xəbərlərdə universitetlə bağlı məlumat paylaşılırdı. Qeyd edilirdi ki, Xankəndidə Qarabağ Universiteti açılacaq. Həmin vaxt məndə böyük maraq və həvəs yarandı. O gündən etibarən bunun xəyalı ilə yaşamışam.

Qarabağda oxumağın özü böyük qürurdur. Nəzərə alsaq ki, uzun illər torpaqlarımız düşmən tapdağında olub, indi isə bu ölkənin gənci kimi məhz Qarabağ Universitetində təhsil almaq mənim üçün fəxrdir. Əminəm ki, seçimimdə heç zaman yanılmayacağam.

Burada təhsil almaq istəyimlə bağlı ilk müraciətim atama oldu. Atam narazılıq etmədi və dedi ki: “Mən sənin arxandayam, ürəyin hara istəyirsə, ora get”. Ardınca bu fikrimi hazırlıq müəllimimlə də bölüşdüm. O da mənə dedi: “Əgər arzundursa, onun arxasınca get”. Düşünürəm ki, hər şey çox mükəmməl olacaq.

Uşaqlıq illərimdən magistratura pilləsini xaricdə oxumağı planlaşdırıram. Amma gələcəkdə Qarabağ Universitetində də bu pillə üzrə təhsil almaq mümkündür. Abituriyentlərə demək istərdim ki, bəlkə də onların həyatlarında ən doğru qərar Qarabağ Universitetini seçmək olar. Çünki bu ali məktəbi seçən əsla yanılmaz. Hətta ikinci şansım olsa, yenə də həmin universiteti seçərdim.

Tarix çox önəmli bir ixtisasdır. İstər Vətən müharibəsində, istərsə də Prezident İlham Əliyevin tarixi çıxışlarında gördük ki, düşməni tariximizlə susdurmaq mümkündür. Mən də çalışacağam ki, gələcəyin uğurlu və düzgün tarixçilərindən biri olum".

Neftçala rayonu Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbinin məzunu Vaqif Rzayev Tarix fənni üzrə RFO-da bürünc medal qazanıb. Vaqif Qarabağ universitetində təhsil almaq üçün “Tarix müəllimliyi” ixtisasını seçib:

166326

“Olimpiada qalibi olaraq deyə bilərəm ki, digər universitetlərdən fərqli olaraq Qarabağda təhsil almaq daha üstündür. Çünki burada təhsil səviyyəsi çox yüksəkdir. Qarabağ Universitetini fərqləndirən əsas cəhətlərdən biri də onun daim diqqət mərkəzində olmasıdır. İşğaldan azad edildikdən sonra Qarabağ bütün dünyanın maraq dairəsindədir. Heç bir ölkə işğaldan azad etdiyi ərazidə bu qədər qısa müddətdə belə inkişaf və quruculuq işləri həyata keçirə bilməz. Amma biz bunu bacardıq.

Qərar verdiyim zaman ailəm əvvəlcə bir qədər narazı idi. Lakin sonradan bu fikirlərindən daşındılar və hər biri mənim seçimimi dəstəklədi. Hazırda qərarımın tam arxasındadırlar.

Düşünürəm ki, gələcəkdə Qarabağ Universitetində təhsil almaq istəyənlər ən düzgün qərarı vermiş olacaqlar. Çünki bu seçim onları əsla peşman etməyəcək. Mən isə Qarabağdan ayrılmaq istəmirəm. Buna görə də təhsilimi bitirdikdən sonra burada yaşayıb işləməyi planlaşdırıram".

Seçilən
12
azedu.az

1Mənbələr