AZ

Suriyadan Türkiyəyə qadağa: Rəsmən dayandırdılar

Suriya hökuməti Türkiyədən gətirilən 20 kənd təsərrüfatı və quşçuluq məhsulunun idxalını qeyri-müəyyən müddətə dayandırıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərar 15 avqust 2025-ci ildən etibarən qüvvəyə minib və əsas məqsədin yerli istehsalçıları qorumaq və qida təhlükəsizliyini təmin etmək olduğu bildirilib.

Yeni qayda çərçivəsində dondurulmuş toyuq əti, yumurta, pomidor, üzüm, alma, kartof, əncir, albalı, bibər və digər məhsulların Suriyaya idxalı tamamilə dayandırılıb.

Bu qərarla yanaşı, 1 iyun 2025-dən qüvvədə olan və pomidor, xiyar, kök, qarpız, balqabaq, badımcan, lobya və soğanın idxalını məhdudlaşdıran əvvəlki qadağaların əhatə dairəsi də genişləndirilib.

Suriya İqtisadiyyat və Sənaye Nazirliyi bildirir ki, xüsusilə Həma bölgəsində toyuq istehsalçılarının ucuz qiymətlərə görə yaşadığı çətinliklər yeni qadağanın əsas səbəblərindən biridir. Dəməşq Ticarət Müşavirliyi Türkiyədən Suriyaya kənd təsərrüfatı və heyvandarlıq məhsulları ixrac edən şirkətlərə xəbərdarlıq edərək ticarət planlarını yenidən nəzərdən keçirməyə çağırıb.

Mütəxəssislər bildirirlər ki, bu addım Türkiyənin ixrac gəlirlərinə ciddi təsir göstərə bilər. İxracın azalması daxili bazarda təklifin artmasına və nəticədə qiymət təzyiqinin güclənməsinə səbəb ola bilər. Xüsusilə toyuq və yumurta istehsalçıları üçün yeni bazarlar axtarışı zərurətə çevriləcək.

Seçilən
37
1
publika.az

2Mənbələr