AZ

Şəhidlər Xiyabanı hasara alınsın! - Deputatlardan REAKSİYA

Avqustun 17-də üç turistin Şəhidlər Xiyabanındakı qeyri-etik davranışları ölkə gündəmində ciddi müzakirələrə səbəb olub. Hadisədən dərhal sonra onlar polis tərəfindən saxlanılıblar. Bunun ardından məhkəməyə çıxarılıblar. Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başladılmış hər üç nəfər barədə məhkəmə 3 ay həbs qətimkan tədbirinini seçib.

Bununla belə hadisədən sonra bir sıra təkliflər irəli sürülüb. Şəhidlər Xiyabanına foto və video çəkilişlərinə məhdudiyyətlərin qoyulması, qısa geyimdə olan şəxslərin əraziyə buraxılmaması kimi təkliflər irəli sürülüb

Modern.az irəli sürülən təkliflə bağlı deputatların fikirlərini öyrənib.

Saytımıza açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, cəmiyyətdəki bəzi münasibətlər hüquqla tənzimlənə bilmir:

“Şəhidlər Xiyabanında ərəb turistlərin yol verdiyi hərəkətlər birbaşa cinayətdir. Bu hərəkətlər Azərbaycan xalqına, onun dəyərlərinə qarşı hörmətsizlikdir. Hər şeydən əvvəl biz təşəkkür edirik ki, bu cür qeyri-etik hərəkət edən turistləri dərhal Azərbaycanın hüquqi-mühafizə orqanları layiqli şəkildə cəzalandırmaq üçün addımlar atdılar. Cəmiyyətdə elə münasibətlər var ki onların hamısını hüquqla tənzimləmək olmur. Yəni bizim qanunla qadağan olunmayan fəaliyyətlərimiz azadlıqlarımızdır. Hər bir cəmiyyətin hüquqla tənzimlənən münasibətlər sistemi var. Eləcə də hər bir cəmiyyətin adət-ənənə, mənəviyyat, əxlaq və dəyərlərlə tənzimlənən ictimai münasibətlər sistemi mövcuddur. Ona görə mən düşünürəm ki, 3 ərəbin hərəkətlərinə görə biz cəmiyyətimizdə formalaşmış çox dəyərli ənələrimizə hansısa məhdudiyyətlər gətirməli deyilik.  Məsələn Şəhidlər Xiyabanını ziyarət edib şəkillər çəkirik, mətbuatda paylaşılır. Rəsmi protokol tədbirləri zamanı da yenə şəkillər və video çəkilir.  Hər birimiz fərdi qaydada şəhidlərimizi ziyarət edir və eyni qaydada paylaşımlar edirik. Bunların hamısı dəyərlərimizə hörmət və rəğbətlə, şəhidlərimizə sonsuz hörmətlə edilir. Ona görə də, əlbəttə, hansısa ərəblərin hərəkətlərinə görə  Şəhidlər Xiyabanında foto və video çəkilişlərini qadağan edə bilmərik”.

H.Babaoğlu geyimlə bağlı təkliflərə isə belə reaksiya verib:

“Geyim formasına gəldikdə, heç bir azərbaycanlı heç vaxt Şəhidlər Xiyabanında uyğun olmayan geyim formasında getməz. Bunu biz yaxşı bilirik. Ona görə  biz üç ərəbə görə bu günə qədər tarixən formalaşıb gələn əxlaqi, mənəvi, milli və dini dəyərlərimizi, mənəvi ictimai müstəvidən hüquqi müstəviyə keçirə bilmərik. Təşəkkür edirik ki, Daxili İşlər Nazirliyi hadisəyə operativ reaksiya göstərərək əxlaqsız hərəkətlərə yol verənləri cəzalandırıbdır. Bu da gələn bütün turistlər üçün dərs mahiyyəti daşıyır”.

Milli Məclisin İnsan hüquqları komitəsinin digər bir üzvü Arzuxan Əlizadə xüsusi hansısa qaydaların tətbiq edilməsinə elə də ciddi ehtiac olmadığını düşünür:

“Şəhidlər Xiyabanı bizim and yerimizdir. Şəhidlər Xiyabanında Azərbyacanın müstəqilliyinin əldə edilməsində, eləcə də ərazi bütövlüyünün təmin edilib, qorunmasında müstəsna xidmətləri olan, canlarından keçən, həyatını qurban verən igid oğullarımızın və qızlarımızın ruhları uyuyur. Bu baxımdan hər birimizin müqəddəs hesab etdiyimiz yer və xüsusi günlərdə ziyarət olunan məkandır. Bu baxımdan müəyyən qaydalara ilk növbədə şəhidlərimizn ruhuna hörmət və rəğbət ehtiva edən qaydalara əməl edilməsi birmənalı olaraq vacib məsələdir. Yalnız Azərbaycan vətəndaşları yox, ölkəmizə səfər edən rəsmi şəxslər də protokol qaydası olaraq Şəhidlər Xiyabanını ziyarət edirlər. Eyni zamanda xarici  turistlər də buranı ziyarət edir və orada uyuyan qəhrəman bacı-qardaşlarımızın xatirəsinə ehtiram göstərirlər. Amma təəssüflər olsun ki, biz belə bir hadisə ilə rastlaşdıq. Bundan sonra müəyyən qaydaların olması, çərçivələrin cızılmalı olduğu ilə bağlı məsələ gündəmə gəldi.  Xüsusi hansısa qaydaların tətbiq edilməsinə düşünürəm ki, elə də ciddi ehtiac yoxdur”.

Deputat vurğulayıb ki, istənilən halda Şəhidlər Xiyabanında nəzarət mexanizmi olmalıdır:

“Ora gələn şəxslər əvvəlcədən bilməlidirlər ki, Şəhidlər Xiyabanında özlərini aparmaq qaydalarına diqqət etməli, davranışları ilə Azərbaycan xalqına ehtiram göstərdiklərini bilməlidirlər. Əks bir addım atılırsa, bu, Azərbaycan xalqına və dövlətinə sayğısızlıq kimi qiymətləndiriləcək. Qanun çərçivəsində də həmin şəxslər öz əməllərinə müvafiq olaraq cəzalandırılmış olacaq. Üç ərəbəsilli turistin cəzalandırıldığının biz şahidi olduq. Azərbaycanlı və ya əcnəbi olmasından asılı olmayaraq, hər kəsin  hörmətsizlik nümayiş etdirdiyi halda cəzalandırılacağı ilə bağlı bu, əslində, ciddi dərs olacaq”.

Deputat Sahib Alıyev deyib ki, Səudiyyə Ərəbistanından gələn üç turistin Şəhidlər Xiyabanında  özlərini mürtəd kimi aparmalarının ardından bu qədər səs-küyün qaldırılmasını və özəlliklə də ksenofob yanaşmaları düzgün hesab etmir:

“Azərbaycan polisi bununla bağlı gərəkən addımları çox operativ şəkildə atdı, indi onlar məhkəmə qarşısındadırlar, ittiham olunduqları maddəyə görə iki ilədək islah işlərinə cəlb edilə, yaxud da beş ilədək həbslə üzləşə bilərlər. Bilirsiniz, Şəhidlər Xiyabanında ləyaqətsiz  davranış ilk növbədə bunu edənin özünün kimliyini ortaya qoyur. Şəhidlərimiz isə haqq etdikləri ucalıqda necə var həmişə elə də qalacaqlar”.

S.Alıyev foto-video çəkilişlərini məhdudlaşdırılması, eləcə də şortla girişin qadağan olunması ilə bağlı təkliflərlə bağlı bunları deyib:

“Orada foto-video çəkilişlərin məhdudlaşdırılmasına gəldikdə, burada hansı ölkənin təcrübəsinə dayanılır və bu, necə reallaşdırılacaq?  Şəhidlər, eləcə də Fəxri Xiyabana şortla getməyi isə mən də düzgün saymıram, fikrimcə, heç bir yetkin azərbaycanlı bunu özünə rəva bilməz. Amma söhbət əcnəbilərdən gedirsə, bunun üçün hər hansı qanuna ehtiyac yoxdur. Xiyabanın girişində xəbərdarlıq lövhəsi yetərlidir. Avropanın özündə belə bir sıra yerlərə şortla gedilmir”.

Deputat Samir Vəliyev vurğulayıb ki, Şəhidlər Xiyabanı Azərbaycan xalqının müqəddəs and yeridir:

“Azərbaycanın müstəqilliyi, suverenliyi yolunda öz canlarını fəda etmiş bu məzarlarda uyuyan insanlar əbədiyyətə qovuşaraq qəhramanlıq simvoluna çevrilmişlər.   Şəhidlər Xiyabanı isə bizim üçün müqəddəs yerdir. Bu gün yüz minlərlə insan, istər yerli vətəndaşlar, istərsə də şəhərimizin qonaqları Şəhidlər Xiyabanını ziyarət edirlər.  Lakin ziyarətçilərin hər hansı qeyri-etik davranışı təbii ki, yolverilməzdir. Əcnəbi vətəndaşlar, şəhərimizin qonaqları isə bu məsələdə daha həssas olmalıdırlar”.

Deputat söyləyib ki, Şəhidlər Xiyabanında hər hansı qeyri-etik davranışların, hərəkətlərin qarşısının alınması ilə bağlı təkliflər də verib:

“Şəhidlər Xiyabanında hər hansı qeyri-etik davranışların, hərəkətlərin qarşısının alınması yollarından biri hesab edirəm ki, Şəhidlər Xiyabanın bütövlükdə hasara alınması və keçid məntəqəsinin qoyulması ola bilər. Belə bir təcrübə dünya ölkələrində də var. Bu təcrübənin tətbiq edilməsi xoşagəlməz halların qarşısının alınmasında ciddi effekt verəcək. Digər tərəfdən, Şəhidlər xiyabanına daxil olan şəxslər geyim tərzinə də diqqət etməlidir. Qeyd etdiyim praktikanın tətbiq olunması bu məsələyə də nəzarət etmək imkanı verəcək.

Eyni zamanda Şəhidlər Xiyabanında ciddi polis nəzarətinin aparılması da düşünürəm ki, bu cür halların qarşısını alacaq”.

Seçilən
29
3
modern.az

4Mənbələr