AZ

Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia

  Bakı ilə İrəvan arasında tarixi sənədin gələn ilin seçkilərinə qədər türk şəhərində imzalanması ehtimalı var - gözlənti
“İran mənbələrinin məlumatına görə, Zəngəzur dəhlizinin eni 6 km olacaq və Türkiyənin cənub-şərqindəki "David dəhlizi" ilə birləşdiriləcək". Tribunainfo.az xəbər verir ki, bu iddia ilə iranlı ekspert Əhməd Kazemi çıxış edib. Onun sözlərinə görə, sülh sazişi gələn il imzalanacaq. “Əbu-Dabidə əldə olunmuş razılaşmalara əsasən, yekun sənədin 2026-cı il aprelin 24-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə İstanbulda imzalanması planlaşdırılır”.

Kazemi bundan başqa digər bir iddiasını da dilə gətirib. “Dəhliz doqquz iştirakçıdan ibarət beynəlxalq investisiya konsorsiumu tərəfindən idarə olunacaq. Gəlir aşağıdakı kimi bölüşdürülür: 40%- ABŞ, 30%- Ermənistan və Azərbaycan, qalan 30%-i isə hələ dəqiqləşməyib”.

İranlı ekspertin yekun sülh sənədinin imzalanması ilə bağlı açıqladığı tarix sual doğurur. Əvvəla, niyə məhz 24 apreldə imzalanması təftiş oluna bilər. Üstəlik, həmin gün ermənilər qondarma soyqırımını qeyd edirlər.

İkincisi, Ermənistanda gələn il gərgin dövrdür və parlament seçkiləri keçiriləcək. Seçkilər iyunda olacaq və iki ay qalmış Paşinyanın sülh sənədini imzalaması inandırıcı görünmür. Ən əsası, buna qədər referendum keçirilməli və Ermənistan konsitusiyadan ərazi iddialarını çıxarmalıdır. Paşinyan isə 18 avqustda xalqa müraciətində referendumdan söz açmadı.

Təbii ki, Ermənistana “ev tapşırığı” verilib. Prezident İlham Əliyev müsahibəsində İrəvanı həmin “ev tapşırığını” icra etməli olduğunu bildirib. Bundan sonra istənilən an sülh müqaviləsinin bağlana biləcəyini açıqlayıb. Ona görə də gələn ilin parlament seçkilərinədək Ermənistanda referendum keçirilməsi istisna deyil. Bəzi analitiklərə görə, Paşinyan 2026-cı il seçkilərinə qədər konstitusiyaya düzəliş etmək və yekun sülh sənədini imzalamaqla ölkəsinə, xalqına dayanıqlı sülh gətirdiyini deyərək parlamentdə qələbəsini sığortalamış ola bilər.

Xatırladaq ki, Bakı və İrəvan sülh mətnini avqustun 8-də Ağ Evdə paraflayıblar. Bu da geri oxunması mümkün olmayan sənəddir.

Bu mənada, iranlı ekspertin proqnozları nə dərəcədə real görünür? Məhz 24 apreldə İstanbulda sülh sazişi imzalana bilərmi, yoxsa yekun sənədə də ABŞ-da qol çəkəcəklər?



 Züriyə Qarayeva

Siyasi ekspert Züriyə Qarayevanın sözlərinə görə, yekun sülh müqaviləsinin imzalanması bir tələbin icrasından asılıdır. Onun fikrincə, Ermənistan hakimiyyəti referenduma gedəcək və son şərti də yerinə yetirəcək: “İnanıram ki, Paşinyan Vaşinqton razılaşmasını pozmayacaq və sülh müqaviləsinin bağlanması üçün qanunvericiliyə dəyişikliyə gedəcək. Çünki bu prosesi uzatmaq zərərlidir və regionu qarışdırmaq istəyən qüvvələrə fürsət yarada bilər. Nə qədər ki, Rusiya və İranln bölgəyə müdaxilə etmək gücü o səviyyədə deyil, İrəvan referendumu qısa zamanda keçirməli və konstitusiyadan bizə qarşı ərazi iddialarını ləğv etməlidir. Hər halda, bu gözləntimiz yüksəkdir və Paşinyanın ictimai rəyi hazırlamaq üçün addımlar atacağını düşünürəm. Sadəcə, qarşıdakı seçkilər onu narahat edir. Bu kritik mərhələni keçərsə, yekun sülh sənədinin imzalanması üçün məlum tələbi icra edəcək”.

Ekspert istisna etmir ki, parlament seçkilərinə qədər də referenduma ola və iqtidar əlini gücləndirə bilər: “Paşinyanın xalqa müraciətində çox mühüm iki çağırış var idi. Əvvəlcə dedi ki, əgər xalq Qarabağı verdiyini düşünürsə, inqilab etsin. Bu arxayınlıqla söylədi və erməni cəmiyyətinin ovqatını gözəl bilir. Ardınca dedi ki, Qarabağa qayıdış olmayacaq. Yəni bu səhifə bağlanıb. O baxımdan, Paşinyan növbəti çıxışında elan edəcək ki, əgər Qarabağ Ermənistana aid deyilsə, onda bu iddianı konstitusiyada və müstəqillik bəyannaməsində saxlamalı deyilik. Bir sözlə, Paşinyan şüurda inqilab etməyə çalışır”.

Qarayeva yekun sülh sənədinin məhz 24 apreldə imzalanacağına şübhə ilə yanaşır və iranlı təhlilçinin ermənilərə ironiya etdiyini düşünür: “Ola bilsin ki, həmin ekspert anti-Azərbaycan şəxsdir. Guya işarə vurur ki, Paşinyan məhz uydurma genosid günü "təslimçi sülh aktı"na qol çəkəcək. Burada erməni cəmiyyətinə absurd bir eyham var. Görüş yerinin İstanbulda olmasına gəlincə, bu haqda proqnoz verməkdə çətinlik çəkirəm. Lakin yekun sənədin imzalanma mərasimi Tiflisdə də ola bilər. Sadəcə, bu prosesin təşəbbüskarı Tramp olduğu üçün elə Ağ Evdə də imzalanmasını gözləyirəm. Bizim üçün fərq etməz, əsas odur ki, bu saziş imzalansın".



Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin sözlərinə görə, sənədin İstanbulda imzalanması mümkündür, sadəcə, Paşinyan bunu bir türk şəhərində etməklə erməni cəmiyyətində qıcıq doğura bilər: “Ona görə də elə Vaşinqtonda qol çəkiləcəyinə ehtimal edirəm. Çünki Tramp da bunu arzulayır. O, özünü əldə edilmiş razılaşmanın memarı hesab edir. ABŞ lideri istəməz ki, məsələyə tam nöqtə qoyulması başqa bir platformada baş tutsun. Hər halda, top Ermənistandadır və son şərti icra etməlidir. Ağ Ev rəhbəri də yekun sülh sazişinin 8 avqustda niyə imzalanmadığını yaxşı başa düşdü və etirazı olmadı. Azərbaycan Prezidenti görünür ki, amerikalı həmkarına Ermənistan konstitusiyası haqda informasiya verib, o da qəbul edib. Odur ki, İrəvan zəhmət çəksin və tələbimizi yerinə yetirsin. Məncə, sülh sənədi paraflandıqdan sonra ermənilər ayağa qalxmayıblarsa, deməli, reallıqla barışıblar”.

S.Əsədli yekun sülh müqaviləsinin seçkilərdən sonra imzalanacağını daha çox ehtimal edir: “Paşinyan seçkidə qələbəsini təmin etməklə yerini möhkəmləndirir, Rusiya təhlükəsini xeyli dərəcədə azaldır, sonra immunitetsiz vəziyyətdə olan erməni cəmiyyətini referenduma çağırır. Nəticədə isə öz hədəfinə çatacaq, revanşistlərin hay-küyü də effekt verməyəcək. Yəni biz 2026-cı ilin sonu, yaxud 2027-ci ildə yekun sülh müqaviləsinə şahid ola bilərik. Hətta Paşinyan referendumun 2027-ci ildə keçiriləcəyini anons etmişdi. Amma bu, zaman itkisidir və özünə zərərdir, prosesi tezləşdirmək lazımdır”.  /Musavat.com

Seçilən
19
5
referans.az

6Mənbələr