AZ

Azərbaycan Ukraynaya sülhməramlı göndərə bilər

Avqustun 18-də ABŞ lideri Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə təkbətək görüş olub. Daha sonra Avropa liderlərinin və NATO Baş katibinin də qatıldığı sammit keçirilib. Tərəflər Ukraynayaya təhlükəsizlik zəmanətlərinin verilməsinin önəmindən bəhs ediblər. Təhlükəsizlik zəmanəti ilə bağlı bir sıra versiyalar irəli sürülüb. Bunlardan biri də NATO hərbçilərinin sülhməramlı qüvvələr kimi Ukraynaya göndərilməsidir. NATO sülhməramlı göndərərsə, heç şübhəsiz ki, bura Türkiyə hərbçiləri də qoşulacaq. Azərbaycan indiyə kimi Kosovo, İraq və Əfqanıstan kimi ölkələrdə Türkiyə ilə birgə sülhməramlı fəaliyyət göstərib.

Ukraynaya da Azərbaycan hərbçiləri göndərilə bilərmi?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov Modern.az-a bildirib ki, Ukraynaya Türkiyə ilə birgə Azərbaycan hərbçiləri də yollana bilər:

“Düşünmürəm ki, Ukraynaya böyük sayda hərbçimizi göndərə bilərik. Amma vaxtilə Kosovo, İraq və Əfqanıstanda Türkiyə ilə yanaşı olmuşuq. Türkiyənin Ukraynaya təhlükəsizlik zəmanəti ilə bağlı əməliyyata cəlb olunacağı halda, fərz edirəm ki, Azərbaycan əsgərləri də yola düşə bilər”.

Parlamentari vurğulayıb ki, burada söhbət məsuliyyətdən gedir:

“Bizə Ukrayna yaxındır, Rusiya da uzaq deyil. Sülhün olmasında maraqlıyqsa, bu, beynəlxalq məsuliyyətdir. Azərbaycan da bu məsuliyyətdən boyun qaçırmayacaq. Əfqanıstanda, Kosovoda bizim nə işimiz vardı? Bu, beynəlxalq məsuliyyətdir. Azərbaycan bu məsələdə də öz nüfuzuna uyğun şəkildə iştirak edə bilər. Hesab edirəm ki, Azərbaycanın iştirakı Ukrayna üçün də məqbuldur, Rusiya üçün də məqbul ola bilər”.

Seçilən
5
2
modern.az

3Mənbələr