Xəbər verdiyimiz kimi, Bakıda 36 yaşlı psixoloq Nilufər Abdulla “Etalon” hospitalda liposaksiya (bədənin müxtəlif nahiyələrindən piyin çıxarılması) əməliyyatından sonra vəfat edib.
Psixoloqun bacısı Fidan Abdulla “Baku TV”yə müraciət edərək olanlar haqda danışıb və bir sıra faktları açıqlayıb. Onun sözlərinə görə, əməliyyatı cərrah Seymur Məmmədov icra edib:
“Bacımı cərrah Seymur Məmmədov əməliyyat edib. Pərviz doktorun bir komandası var və Seymur həkim orada işləyir. Əməliyyatxanada yalnız Seymur Məmmədov var idi. Biz Pərviz doktora klinikanı bəyənmədiyimizi bildirdik, lakin o dedi ki, əsas həkimdir, həkimimiz də professionaldır. Mən son ana qədər palatada bacımın yanında idim. Reanimasiyaya keçirmədilər. Mənə dedilər ki, bura, onsuz da reanimasiyadır. Amma əslində palata idi. Bacım gözlərini açdı və dedi ki, çox ağrıyıram”.
Fidan Abdulla bacısının ölümündə birbaşa “Etalon” klinikasının tibb işçilərini günahlandırıb:
“Burnundan oksigen və təzyiq aparatını çıxardılar, ürək döyüntüsünü göstərən aparatı bağladılar. Səbəbini soruşanda dedilər ki, yatıb. Aparatı çıxardıqdan yarım saat sonra tibb işçisi otağa daxil oldu və vəziyyətin ağır olduğunu gördü. Bacımın ürək döyüntüləri aparatda azalırdı – 50, 40, 30... 0 olduqda məni otaqdan çıxardılar. Sonra isə dedilər ki, müdaxilə edirik. Amma bacım artıq dünyasını dəyişmişdi”.
Onun sözlərinə görə, Nilufər Abdulla üç uşaq anası idi: “Bacımın 7 yaşında əkizləri, 9 yaşında böyük övladı var. Onlara hadisəni deməmişik, efirə baxmağa icazə vermirik, telefonlarını da əllərindən almışıq”.
Ətraflı videomaterialda →