AZ

“Kəlbəcərə köçün başlanması tarixi prosesin ən mühüm hadisələrindən biridir” - Mircəlil Qasımlı

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən məqsədyönlü siyasət nəticəsində işğaldan azad olunmuş ərazilərə mərhələli şəkildə Böyük Qayıdış prosesi icra olunur. Bu gün Kəlbəcər rayonuna köçün başlanması həmin tarixi prosesin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir.
 
Milli Məclisin deputatı, Kəlbəcərin millət vəkili Mircəlil Qasımlı Moderator.az -a açıqlamasında bildirib ki, sakinlərin doğma yurdlarına qayıdışı Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və əzmini nümayiş etdirir: “Bu mühüm addım ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli tədbirlərin, uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir”.
 
 
Deputatın sözlərinə görə, Kəlbəcərin bərpası və məskunlaşdırılması təkcə sosial rifahın təmin olunması deyil, həm də Azərbaycanın iqtisadi, mədəni və strateji inkişafına mühüm töhfə verəcək: “Rayonun zəngin təbii sərvətləri, münbit torpaqları və turizm potensialı yaxın illərdə respublikamızın ümumi inkişafına yeni dinamika qazandıracaq”.
 
Mircəlil Qasımlı qeyd edib ki, hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməli, Kəlbəcərin sürətli inkişafına öz sahəsində dəstək göstərməlidir: “Elm, təhsil, mədəniyyət və ictimai fəaliyyət sahələrində görüləcək işlər bölgənin dirçəlişinə əlavə stimul verəcək”.
 
Deputat əmin olduğunu bildirib ki, dövlətin yaratdığı şərait və xalqın həmrəyliyi nəticəsində Kəlbəcər qısa zamanda Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.
Seçilən
23
moderator.az

1Mənbələr