AZ

Gərginlik artır – Moskva və Tehranın Zəngəzur təlaşı hansı məqsədlərə xidmət edir?

Vaşinqton görüşündən sonra regionda proseslər daha da sürətlənib. İran prezidentinin Ermənistana səfərinin ardından bu dəfə Rusiyanın Baş nazirinin müavini İrəvana gəlib. Onun gəliş məqsədi Zəngəzur dəhlizi ilə bağlı detalları öyrənmək və prosesləri yaxından izləmək kimi dəyərləndirilir. Moskvanın bu addımı təsadüfidirmi? Paşinyan İran və Rusiyanın təzyiqinə tab gətirəcəkmi? İran prezidentinin Ermənistana səfəri İrəvanın Vaşinqton görüşündə üzərinə götürdüyü şərtlərə təsir edə bilərmi?
 
Bu barədə Moderator.az-a danışan  politoloq Çingiz Şahbazi bildirib ki, Vaşinqton görüşü  tarixi hadisədir və bu səbəbdən bu görüş  istər siyasi, istərsə də müttəfiqlik münasibətləri baxımdan bölgənin şəkillənməsini dəyişəcək:
 
“Əlbəttdə ki, Cənubi Qafqaz Rusiyanın siyasi hakimiyyətinin arxa baxçası hesab olunub və Rusiya bu səbəbdən baş verənləri sükutla ötürmək niyyətində deyil. Rusiya ekspertləri  Vaşinqtonda üçtərəfli görüşlə bağlı fikir bildirərkən, Rusiyanın Cənubi Qafqazda uduzduğunu qeyd edirlər. Bu səbəbdən Azərbaycana qarşı çirkin qarayaxma kampaniyası aparılır və çağırışlar olunur. Azərbaycan o zamanlardakı Azərbaycan deyil və Rusiyanın ölkəmizə asanlıqla müdaxiləsi artıq mümkün deyil. Rusiya  üçün yalnız Ermənistan vasitəsilə regionda cərəyan edən hadisələrə müdaxilə etmək şansı qalır və Rusiya bu şansdan istifadə etmək məcburiyyətindədir. Bu səbəbdən Rusiyanın baş nazirinin müavininin Ermənistana səfər etməsi və Zəngəzur dəhlizi ilə bağlı prosesləri  detalları ilə araşdırması, əlbətdə ki bu bir cəhddir və Rusiyanın bu addımı təsadüfi deyil və ən azından Ermənistanın siyasi hakimiyyəti üçün təhdid hesab olunur. İran prezidentinin və Rusiya baş nazirinin müavininin Ermənistan səfərləri Vaşinqton görüşündə əldə olunan razılaşmalara heç bir təsiri ola bilməz və Ermənistanın siyasi hakimiyyəti də bu istiqamətdə iradə nümayiş etdirir və düşünürəm ki, belə səfərlər bundan sonra da davam edə bilər və sonda hər kəs reallıqları qəbul etmək məcburiyyətindədir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
17
moderator.az

1Mənbələr