AZ

Delta Telekom a hücum Rusiyadan ola bilərmi?

ain.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan internetində qısa müddətlik problemlər müşahidə olundu. İstifadəçilər internet bağlantısında və müxtəlif resurslara çıxışda çətinliklərlə üzləşdilər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasına görə, bu problemlər ölkənin əsas magistral internet provayderlərindən biri olan Delta Telekom-a qarşı həyata keçirilən DDoS tipli kiberhücum nəticəsində yaranıb.

Nazirlik bildirir ki, internet xidmətlərinin davamlılığını təmin etmək üçün trafik dərhal digər backbone operatorlara – Azertelecom və Aztelecom şəbəkələrinə yönləndirilib.

Əslində, Azərbaycanın qlobal internetə çıxışını təmin edən bir neçə backbone operatorunun mövcudluğu bu cür kritik vəziyyətlərdə itkilərin minimuma endirilməsinə və xidmətlərin sürətlə bərpasına şərait yaradır. Bu, rəqabətin və alternativlərin nə qədər vacib olduğunu bir daha göstərdi.

Amma əsas sual budur: ölkənin ən iri magistral operatoruna, dövlət qurumları və kritik infrastrukturu internetlə təmin edən Delta Telekom-a hücum haradan və nə məqsədlə qaynaqlana bilərdi?

Mövcud siyasi konteksti nəzərə alsaq, bu hücumun mənbəyinin Rusiyadan ola biləcəyi ehtimalı istisna edilmir. Son dövrlər Bakı ilə Moskva arasında müşahidə olunan gərgin münasibətlər bu ehtimalı daha da gücləndirir.

Unutmayaq ki, Azərbaycanın beynəlxalq internet trafiki hələ də böyük ölçüdə Rusiya üzərindən təmin olunur. Bu isə ölkəni müəyyən risklər qarşısında qoyur.

Xatırladaq ki, Rusiya daha öncə Ukraynada yerləşən SOCAR strukturlarına bir neçə dəfə hücumlar edib.

Bu hadisə bir daha göstərdi ki, kritik infrastrukturun təhlükəsizliyi strateji məsələdir. Ölkə üçün rəqəmsal suverenlik yalnız daxili təhlükəsizliklə deyil, həm də xarici asılılıqların azaldılması ilə mümkündür.

Kommunikasiyalar, internet alternativliyi sevir .

Buna görə də, alternativlərin, Transxəzər fiber-optik layihəsi kimi alternativ marşrutların sürətləndirilməsi, internet trafikinin diversifikasiyası və müstəqil çıxış kanallarının yaradılması Azərbaycanın informasiya təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.

Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
azpost.info

5Mənbələr