AZ

Azərbaycanda internetə kiberhücumun arxasında Rusiya dayanır? - Şərh

Bu gün Azərbaycan internetində qısa müddətlik problemlər müşahidə olunub. İstifadəçilər internet bağlantısında və müxtəlif resurslara çıxışda çətinliklərlə üzləşiblər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasına görə, yaranan çətinliklər ölkənin əsas magistral internet provayderlərindən biri olan "Delta Telekom"a qarşı həyata keçirilən DDoS tipli kiberhücum nəticəsində baş verib. Nazirlik bildirir ki, internet xidmətlərinin davamlılığını təmin etmək üçün trafik dərhal digər backbone operatorlara - Azertelecom və Aztelecom şəbəkələrinə yönləndirilib.

Redaktor.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, Azərbaycanın qlobal internetə çıxışını təmin edən bir neçə backbone operatorunun mövcudluğu bu kimi kritik vəziyyətlərdə itkilərin minimuma endirilməsinə və xidmətlərin sürətlə bərpasına şərait yaradır:

"Bu hadisə bir daha göstərdi ki, rəqabət və alternativlər rəqəmsal təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır. Amma əsas sual budur: ölkənin ən iri magistral operatoruna - dövlət qurumları və kritik infrastrukturu internetlə təmin edən "Delta Telekom"a hücum haradan və hansı məqsədlə qaynaqlana bilərdi?", - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, mövcud siyasi konteksti nəzərə alanda, hücumun mənbəyinin Rusiyadan olması ehtimalı istisna edilmir:

"Son dövrlər Bakı ilə Moskva arasında müşahidə olunan gərgin münasibətlər bu ehtimalı gücləndirir. Rusiya dövlətlərarası münasibətlərdə kiberhücumlardan ən çox istifadə edən ölkələrdən biridir. Azərbaycanın beynəlxalq internet trafiki hələ də böyük ölçüdə Rusiya üzərindən təmin olunur və bu da müəyyən risklər yaradır".

Osman Gündüz əlavə edib ki, bu hadisə ölkədə kritik infrastrukturun qorunmasının və rəqəmsal suverenliyin vacibliyini bir daha ortaya qoydu:

"Rəqəmsal təhlükəsizlik yalnız daxili müdafiə tədbirləri ilə bitmir, həm də xarici asılılıqların azaldılması ilə mümkündür. Buna görə də alternativlərin yaradılması, xüsusilə Transxəzər fiber-optik layihəsinin sürətləndirilməsi, internet trafikinin diversifikasiyası və müstəqil çıxış kanallarının təmin olunması Azərbaycanın informasiya təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır".

Seçilən
0
6
redaktor.az

10Mənbələr