Bu gün Azərbaycan internetində qısa müddətlik problemlər müşahidə olunub. İstifadəçilər internet bağlantısında və müxtəlif resurslara çıxışda çətinliklərlə üzləşiblər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasına görə, bu problemlər ölkənin əsas magistral internet provayderlərindən biri olan “Delta Telekom”a qarşı həyata keçirilən DDoS tipli kiberhücum nəticəsində yaranıb.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib.
“İnternet xidmətlərinin davamlılığını təmin etmək üçün trafik dərhal digər backbone operatorlara – Azertelecom və Aztelecom şəbəkələrinə yönləndirilib.
Əslində, Azərbaycanın qlobal internetə çıxışını təmin edən bir neçə backbone operatorunun mövcudluğu bu cür kritik vəziyyətlərdə itkilərin minimuma endirilməsinə və xidmətlərin sürətlə bərpasına şərait yaradır. Bu, rəqabətin və alternativlərin nə qədər vacib olduğunu bir daha göstərdi.
Amma əsas sual budur: ölkənin ən iri magistral operatoruna, dövlət qurumları və kritik infrastrukturu internetlə təmin edən Delta Telekom-a hücum haradan və nə məqsədlə qaynaqlana bilər?
Mövcud siyasi konteksti nəzərə alsaq, bu hücumun mənbəyinin Rusiyadan ola biləcəyi ehtimalı istisna edilmir. Son dövrlər Bakı ilə Moskva arasında müşahidə olunan gərgin münasibətlər bu ehtimalı daha da gücləndirir.
Rusiya dövlətlərarası gərgin münasibətlərdə kiberhücumlardan daha çox istifadə edən ölkələr sırasındadır.
Unutmayaq ki, Azərbaycanın beynəlxalq internet trafiki hələ də böyük ölçüdə Rusiya üzərindən təmin olunur. Bu isə ölkəmizi müəyyən risklər qarşısında qoyur.
Xatırladaq ki, Rusiya daha öncə Ukraynada yerləşən SOCAR strukturlarına bir neçə dəfə hücumlar edib.
Bu hadisə bir daha göstərdi ki, kritik infrastrukturun təhlükəsizliyi strateji məsələdir. Ölkə üçün rəqəmsal suverenlik yalnız daxili təhlükəsizliklə deyil, həm də xarici asılılıqların azaldılması ilə mümkündür.
Buna görə də, alternativlərin, Transxəzər fiber-optik layihəsi kimi alternativ marşrutların sürətləndirilməsi, internet trafikinin diversifikasiyası və müstəqil çıxış kanallarının yaradılması Azərbaycanın informasiya təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir",- deyə Gündüz qeyd edib.