Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqində pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə bağlı Rusiya tərəfinə etiraz notası göndərib.
Nazirliyin saytında yayılan məlumatda qeyd olunub ki, Polşa hökuməti Rusiyanı qəsdən təxribat təşkil etməkdə və ölkənin suverenliyinə hörmətlə bağlı öhdəliklərini pozmaqda ittiham edir.
Hadisə avqustun 20-də, saat təxminən 02:00-da (Bakı vaxtı ilə 04:00), Lyublin voyevodalığının Osiny kəndində qarğıdalı tarlasında baş verib. Partlayış yaxınlıqdakı evlərin pəncərələrini sındırsa da, xəsarət alan olmayıb.
Regional prokurorluğun nümayəndəsi hadisəni araşdıran zaman, həmin obyektin ehtimal ki, pilotsuz uçuş aparatı olduğunu və Belarus istiqamətindən gəldiyini bildirib.
Polşanın Müdafiə Naziri Władysław Kosiniak‑Kamysz dronun Rusiyaya məxsus olduğunu iddia edib.