AZ

Fransada 10 sentyabr qasırğası

Yelisey Sarayının beynəlxalq arenada mövqeyinin zəifləməsi Fransa üçün ciddi problemlər yaradır. Bu vəziyyətə reaksiya olaraq siyasətçilər həyəcan təbili çalmaqdadırlar. Onlar qeyd edirlər ki,  xüsusilə prezident Emmanuel Makronun həyata keçirdiyi siyasət nəticəsində Fransa beynəlxalq aləmdə əhəmiyyətli uğursuzluqlarla üzləşir. Makronun siyasi komandası daxili və xarici məsələlərdə səriştəsiz yanaşmalar nümayiş etdirərək Fransa xalqının etibarını itirib.   Bununla yanaşı, ölkə beynəlxalq səhnədə də əvvəlki nüfuzunu getdikcə itirir və bu, Fransa üçün ciddi narahatlıq doğurur. Hazırda Makronun rəhbərliyi altında Fransa bir çox strateji məsələlərdə qeyri-müəyyən və qarışıq mövqelər sərgiləyib.  Bu ölkə Avropa İttifaqı (Aİ) daxilində bir sıra mühüm qərarlarda səlahiyyətini və nüfuzunu zəif göstərib, eləcə də beynəlxalq münaqişələrdə qərarlarını düzgün təhlil etməyib. Bu vəziyyət Fransa üçün uzunmüddətli geosiyasi itkilərə yol açıb.

Həmçinin, Prezident Makronun rəhbərlik etdiyi hökumətin siyasətindəki səhvlər və qeyri-effektiv qərarlar iqtisadi inkişafın ləngiməsinə, xarici borcun artmasına və sosial gərginliklərin dərinləşməsinə səbəb olub. Bu da ölkədə narazılıq və etirazların artmasına gətirib çıxarır. Baş nazir Fransua Bayrunun 2026-cı il üçün açıqladığı və 44 milyard avro qənaəti nəzərdə tutan büdcə layihəsindən sonra sosial şəbəkələrdə “10 sentyabr səfərbərliyi” adlı yeni etiraz dalğası formalaşmağa başlayıb. Etirazın əsas şüarlarından biri “hər şeyi 10 sentyabrda bloklayacağıq”dır. Aksiya təşkilatçıları bunun “sadəcə tətil deyil, xalqın dinc üsyanı” olduğunu bildirirlər. Müxtəlif şəhərlərdə koordinasiyalı fəaliyyət üçün Telegram qruplarının yaradılması da nəzərdə tutulur. Yayılan məlumatlar göstərir ki, hərəkatın əsas məqsədi 10 sentyabrdan etibarən Fransada bütün ictimai və iqtisadi fəaliyyəti tam və müddətsiz dayandırmaqdır. Hərəkat iştirakçıları ölkəni iflic vəziyyətinə salmaq niyyətindədir. Sosial şəbəkələrdə yayılan çağırışlarda vətəndaşlar yalnız mitinq və tətillərə deyil, həm də məktəbə getməməyə, işə çıxmamağa, istehlakdan imtinaya, kart ödənişlərini dayandırmağa və bank hesablarındakı pulları çıxarmağa səslənirlər. Bütün bu aksiyalarla dövlət təsisatlarını sarsıtmaq və “təşkil olunmuş reketçiliyə” qarşı kollektiv reaksiya göstərmək hədəflənir.

Fransa Avropa İttifaqında ikinci ən böyük iqtisadiyyata malik olsa da, inkişaf dinamikası baxımından birlik üzrə orta göstəricilərdən geridə qalır. Baş nazir Fransua Bayru tərəfindən irəli sürülən qənaət paketi isə məhz ölkənin artan xarici borcu ilə əsaslandırılıb. Bu plan qəbul olunacağı təqdirdə, dövlət qurumlarının birləşdirilməsi, pensiya və sosial müavinətlərin dondurulması, bəzi dövlət bayramlarının ləğvi kimi ciddi tədbirləri əhatə edəcək. Fransa hökuməti, bu qənaət tədbirlərinin əsasən dövlət xərclərinin azaldılması hesabına həyata keçiriləcəyini bildirib. Bu qənaət tədbirləri, sosial sahələrdə, o cümlədən təhsil və səhiyyə sektorlarında ixtisarlar və islahatlar şəklində həyata keçirilə bilər. Bu isə əhalinin müxtəlif təbəqələri arasında narazılığa səbəb ola bilər.

Narazı hərəkatın təşkilatçıları barədə dəqiq məlumat yoxdur. Ənənəvi olaraq Fransada etiraz aksiyalarına həmkarlar ittifaqları rəhbərlik etsə də, bu dəfə onların prosesdən tamamilə kənarda qalması diqqət çəkir. Etiraz dalğasının spontan və mərkəzsiz şəkildə təşkil olunması, liderliyin olmaması vəziyyətin idarəolunmaz xarakter alması riskini daha da artırır. Belə şəraitdə hərəkatın hansı istiqamətdə inkişaf edəcəyi və nə qədər davam edəcəyi barədə proqnoz vermək çətinləşir. Bu, həm də dövlət strukturları üçün əlavə təhlükəsizlik təhdidləri yaradır. Narazı hərəkat iştirakçıları özlərini heç bir siyasi partiya ilə əlaqələndirmədiklərini bildirir, hətta siyasi qüvvələrin bu prosesdən faydalanmasından narahatlıqlarını ifadə edirlər. Bununla belə, bir çox müşahidəçilər onların şüar və tələblərinin sol siyasi xəttə daha yaxın olduğunu vurğulayırlar. Bəzi analitiklər isə bu hərəkatın “sarı jiletlər” hərəkatının davamı və ya ondan ilhamlanan qruplar tərəfindən tədricən istiqamətləndirildiyini düşünürlər. Bu da prosesin daha geniş sosial narazılıq dalğasına çevrilə biləcəyi ehtimalını artırır. Etiraz hərəkatının geniş vüsət alması rəsmi dairələrdə ciddi təlaş doğurub. Hakimiyyət nümayəndələri 2018-ci ilin sonlarında ortaya çıxan “sarı jiletlilər” hərəkatının yenidən təkrarlanmasından narahatlıq keçirirlər. Hazırkı çətin daxili-siyasi durumda iqtidarın əsas hədəfi 2027-ci ildə keçiriləcək prezident seçkilərinədək mövcud sabitliyi qoruyub saxlamaqdır. Prezident Emmanuel Makron ölkədaxili məsələlərə demək olar ki, müdaxilə etmir. Son müsahibəsində o, parlamentin buraxılması ehtimalını istisna edərək, bu gedişatı qəbul etdiyini və yalnız xarici siyasətə fokuslandığını dolayısı ilə etiraf edib. Dövlət başçısı həmçinin baş nazir Fransua Bayrunun gələn seçkilərədək vəziyyəti idarə edə biləcəyinə inandığını bəyan edib.

Siyasi mübarizədə fürsət axtaran bəzi qüvvələr mövcud gərginliyi hakimiyyəti devirmək üçün şansa çevirmək niyyətindədirlər. Onlar prezidentin istefasına nail olub, növbədənkənar seçkilərə gedilməsini istəyirlər. Bu kontekstdə ifrat solçu “Üsyankar Fransa” hərəkatının lideri Jan-Lük Melanşon da səssiz qalmayıb. O, avqustun 17-də verdiyi açıqlamada xalqın təşəbbüsünü açıq şəkildə dəstəklədiyini və “hakimiyyəti bitirmək” istəyində olduğunu bildirib.

Belə bir atmosferdə Fransa hökuməti qarşıdan gələn aylarda ciddi siyasi təzyiqlərlə üzləşə bilər. Sentyabr ayı həm küçələrdə genişmiqyaslı etirazların baş verməsi, həm də parlamentin tətildən qayıtdıqdan sonra büdcə layihəsinin müzakirəsi zamanı hökumətə qarşı etimadsızlıq səsverməsinin gündəmə gəlməsi baxımından kritik görünür. Melanşonun çağırışları və onun rəhbərlik etdiyi solçu blokun etimadsızlıq təklifi ilə çıxış edəcəyi ehtimalı siyasi vəziyyətin daha da gərginləşəcəyinə işarə edir.

Büdcə layihəsinə qarşı narazılıq təkcə ictimaiyyətlə məhdudlaşmır. Həmkarlar ittifaqları da bu sənədə ciddi etiraz edirlər. Onlar sentyabrın əvvəlində bir araya gələrək, birgə mövqe müəyyənləşdirmək və koordinasiyalı fəaliyyət planı hazırlamaq niyyətindədirlər. Artıq ittifaqlar kollektiv şəkildə büdcə layihəsinə qarşı imza toplama kampaniyasına start veriblər və bu günə qədər 275 mindən çox vətəndaş etiraz sənədini imzalayıb. “Fəhlə Gücü” (FO) təşkilatı isə heç bir görüşü və qərarı gözləmədən sentyabr ayında etiraz aksiyası keçirməyə hazırlaşdığını açıqlayıb. Bu isə onu göstərir ki, həmkarlar ittifaqları da prosesi daha geniş xalq hərəkatına çevirməyə səy göstərirlər.

Hakimiyyətin qənaət paketinə qarşı artan müqavimət siyasi elitanın cəmiyyətdən getdikcə uzaqlaşdığını ortaya qoyur. Xüsusilə həmkarlar ittifaqlarının və geniş xalq kütlələrinin bu prosesə qoşulması hərəkatın miqyasını böyüdə və hökumət üçün ciddi siyasi sınağa çevrilə bilər. Bütün bunlar onu deməyə əsas verir ki, Fransa qarşıdan gələn aylarda dərin sosial-siyasi təlatümlərlə üz-üzə qala bilər.

Göründüyü kimi, Makron başqa ölkələrin daxili işlərinə qarışmaq əvəzinə, əvvəlcə öz vətəndaşlarının problemləri ilə ciddi şəkildə məşğul olmalıdır. Fransada iqtisadiyyat geriləyir, narazılıqlar artır, amma o, bunları görməzdən gəlir. Ölkəsini idarə etməkdə göstərdiyi zəiflik və səriştəsizlik onun liderlik qabiliyyətinə ciddi sual doğurur.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
12
ikisahil.az

1Mənbələr