AZ

Sosial siyasət məqsədyönlü islahatlara əsasən davam etdirilir

Davamlı inkişafda olan ölkəmizin sosial siyasət strategiyası dövlətimizin iqtisadi qüdrətini möhkəmləndirir, vətəndaşların yaşayış səviyyəsinin yüksəlməsini təmin edir. Son illərdə həyata keçirilən dörd sosial islahatlar paketi çərçivəsində milyonlarla insanın sosial təminatında böyük irəliləyişlər əldə edilib. Xüsusilə minimum pensiyanın 2,5, orta aylıq pensiyanın 2,4 dəfə, müavinət və təqaüd ödənişlərinin isə 5 dəfəyə qədər artırılması ölkə vətəndaşlarının sosial rifahın gücləndirilməsinə yönəlmiş siyasətin uğurlarındandır. 2021-ci ildə dövlət büdcəsində 10,3 milyard manat olan sosialyönümlü xərclərin 2024-cü ildə 15,5 milyard manata, cari il üçün 16,9 milyard manata çatdırılması qısa müddətdə 1,6 dəfə artım deməkdir. Sosialyönümlü xərclərin dövlət büdcəsində çəkisinin 41 faizə çatması isə əhalinin sosial rifahının dövlət siyasətinin prioritet istiqaməti olduğunu təsdiqləyir.

Dövlətin əsas hədəflərindən olan sosial islahatlar strategiyasının uğurlu davamına nümunə 2025-ci ilin əvvəlindən beşinci paketin reallaşdırılmasıdır. Bu ilin əvvəlindən minimum əməkhaqqı 400 manata, minimum pensiyanın məbləği 280 manatdan 320 manata qaldırılıb. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının orta hesabla 15 faiz artırılması da bu istiqamətdə atılan mühüm addımlardandır. 2025-ci il üçün təsdiq edilən qanunlarla yaşayış minimumu və ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması da sosial təminat sisteminin gücləndirildiyinin təsdiqidir.

 Prezident İlham Əliyev bu il- yanvarın 7-də yerli telekanallara müsahibəsində yeni sosial islahatlar paketinin hazırlanmasını strateji əhəmiyyətli hədəflər kimi diqqətə çatdıraraq bildirmişdi ki, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar.” 3 milyon insanı əhatə edəcək sosial islahatlar paketi mühüm addımlardan olmaqla, geniş əhali təbəqəsinin maddi təminatını yaxşılaşdırmağa yönəlib. Sosial islahatların bu qədər genişmiqyaslı şəkildə həyata keçirilməsi dövlətin bu məsələlərə verdiyi önəmin və ölkə vətəndaşlarının rifahını daha da artırmaq istiqamətindəki qətiyyətinin göstəricisidir.Bəllidir ki, minimum əməkhaqqının artırılması yalnız aşağı gəlirli vətəndaşların maddi vəziyyətini yaxşılaşdırmaqla məhdudlaşmır, eyni zamanda, dövlət büdcəsindən maliyyələşdirilən strukturlarda çalışan işçilərin əməkhaqlarının artmasını təmin edir.

Pensiyaların artırılması dövlətin vətəndaşlarının sosial təminatını daha da gücləndirmək məqsədi daşıyır və yeniliklər hər il Prezident İlham Əliyevin sərəncamları ilə həyata keçirilir. 2025-ci ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması ilə yaşlı, fiziki cəhətdən sağlamlığını itirmiş insanların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir, onların rifahını daha da yaxşılaşdırır. Pensiyaların indeksləşdirilərək artırılması, elektron sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsi sahəsində görülən işlər vətəndaşlar tərəfindən məmnuniyyətlə qarşılanır. Tətbiq olunan yeniliklər, dövlətin sosial siyasətində müasir yanaşmalar vətəndaşların rahatlığı üçün nəzərdə tutulur. 2025-ci ildə əmək pensiyalarının, şəhid ailələri, əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, aztəminatlı ailələr və digər həssas qruplar üzrə müavinət və təqaüdlərin artırılması üçün nəzərdə tutulan vəsaitlərin davamlı artımı dövlətin aztəminatlı ailələrə diqqətinin ifadəsidir. Birinci və İkinci Qarabağ müharibələrinin, 20 Yanvar şəhidlərinin, Əfqanıstanda həlak olmuş hərbçilərin ailələri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər üçün ayrılan vəsaitlər davamlı olaraq artırılır. Sosial islahatlar paketi təkcə rəqəmlərin artımı ilə deyil, həm də daha ədalətli və ehtiyaclara uyğun yanaşma ilə seçilir. Təqaüdlərin fərqli dərəcələr üzrə artırılması şəxslərin sağlamlıq durumu və sosial vəziyyəti nəzərə alınaraq həyata keçirilib. Uşaqlara və ailələrə aylıq və birdəfəlik müavinətlərdə də ciddi artımlar hiss olunur. Yeni doğulmuş uşağa görə birdəfəlik müavinət 600 manata çatdırılıb. Beşdən çox uşağı olan qadınlara, aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum uşaqlara və hərbi qulluqçuların ailələrinə verilən müavinətlərdə artımlar tətbiq olunub. Sosial müdafiə sisteminin daha da gücləndirilməsinə mühüm töhfə olan müavinət və təqaüdlərin müxtəlif qruplar üzrə ehtiyaclara uyğun şəkildə artırılması isə sosial ədalətin nümunəsidir. Sosial siyasət sahəsində aparılan ardıcıl və məqsədyönlü islahatlar, idarəetmədə şəffaflığın artırılması, eləcə də rəqəmsal texnologiyaların tətbiqi ilə xidmətlərin daha çevik və ədalətli şəkildə çatdırılması daha səmərəli sosial təşəbbüslər üçün də dayanıqlı və səmərəli bazadır.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
30
ikisahil.az

1Mənbələr