AZ

Kəlbəcər balı artıq “Balland” brendi ilə təqdim olunur

Kəlbəcər, 22 avqust, Elcan Məmmədov, AZƏRTAC

Kəlbəcər təkcə təbiətinin gözəlliyi ilə deyil, həm də əsrlər boyu yaşadılmış arıçılıq ənənələri ilə seçilir. Dağlıq relyef, nadir flora örtüyü, saf dağ çaylarının yaratdığı mikroiqlim burada istehsal olunan balın dadı, keyfiyyəti və müalicəvi xüsusiyyətlərini fərqləndirən əsas amillərdəndir.

Avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcər şəhərinin mərkəzində fəaliyyətə başlayan “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib.

“2021-ci ildə Kəlbəcərdə arıçılıq təsərrüfatımızda olarkən Prezident İlham Əliyev Kəlbəcər balının unikal dada malik olmasını və xüsusi çiçək dadı verdiyini söyləmişdi. Həmin balın dünya bazarına ixracı ilə bağlı tapşırıqlarını verib. Biz də bu tapşırıqdan stimul alaraq Kəlbəcər balını “Balland” markası ilə brendləşdirdik və mağaza açmaq qərarına gəldik,”- deyə mağazanın sahibi Sabir Mustafayevin oğlu Ruslan Mustafayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

Arıçılıq bu bölgənin sakinləri üçün sadəcə peşə deyil, nəsildən-nəslə ötürülən həyat tərzidir. Bu ənənəni yaşadan ailələrdən biri də Mustafayevlərdir. 40 ildən artıqdır arıçılıqla məşğul olan bu ailə Vətən müharibəsindən sonra doğma yurda dönərək təsərrüfatını yenidən qurub. Hazırda 400-dən çox arı ailəsinə sahib olan təsərrüfat ölkədə nümunəvi ailə təsərrüfatlarından biri kimi tanınır.

Xüsusilə 2021-ci ildə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı bu təsərrüfata baş çəkməsi və Kəlbəcər balı barədə söylədiyi fikirlər arıçılar üçün böyük stimul yaradıb. Bu diqqətin məntiqi davamı olaraq açılan “Balland” mağazasında yalnız bal deyil, həm də propolis, arı südü, çiçək tozu, mum və digər təbii məhsullar təqdim olunur.

Yeni mərkəz sadəcə satış yeri deyil, həm də Kəlbəcər balının brend kimi tanıdılması və beynəlxalq bazarlara çıxarılması üçün platforma rolunu oynayır. Gələcəkdə məhsulların “Made in Azerbaijan” etiketi ilə xaricə ixracı və onlayn satış imkanlarının yaradılması nəzərdə tutulur.

Bu layihə həm yerli arıçılığın inkişafına, həm də işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi canlanmaya xidmət edir. Təmiz ekoloji mühitdə istehsal olunan Kəlbəcər balı artıq yeni brend simasında – “Balland” adı ilə təqdim olunur və bölgənin kənd təsərrüfatı potensialının güclənməsinə mühüm töhfə verir.

Seçilən
26
2
azertag.az

3Mənbələr