Azərbaycanda fövqəladə hal nəticəsində məhv olmuş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrində yeni yaşayış sahələrinin tikintisi məqsədəuyğun hesab edilmədikdə həmin torpaq sahələrinin əvəzinə torpaq sahələri dövlət ehtiyat fondu torpaqlarından ayrılacaq.
Bu barədə "Unikal"a Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu dəyişiklik 14 iyul 2025-ci il tarixində qəbul edilmiş “Torpaq, Mülki, Mənzil, Şəhərsalma və Tikinti Məcəllələrində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanununda öz əksini tapıb.
Sözügedən ayrılma mümkün olmadıqda isə mütənasib dəyərdə bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə yönəldiləcək. Belə olan halda torpaq sahələri bələdiyyə tərəfindən hərrac keçirilmədən və aidiyyəti dövlət qurumlarının rəyləri tələb olunmadan təqdim ediləcək.
Qanunla aşağıdakı hallarda tikinti işləri fövqəladə hal nəticəsində məhv olmuş əmlakın yerləşdiyi torpaq sahəsində deyil, yeni torpaq sahəsində aparılır:
Torpaq sahəsi təbii fəlakət baxımından tikinti üçün yüksək riskli ərazi olduqda;
Torpaq sahəsinin təyinatına görə tikinti aparılmasına icazə verilmədikdə;
Torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zonalarında yerləşdikdə.
Bu səbəblər Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən ediləcək və nəticə barədə vətəndaşa məlumat veriləcək.
Qanun vətəndaşın maraq və mənafelərini nəzərə almaqla dövlət tərəfindən torpaqların qorunması və səmərəli istifadəsini təmin edir. Belə ki, vətəndaş yaşayış sahəsinin yeni torpaq sahəsində tikintisi ilə razılaşmadıqda onun maraqları nəzərə alınır, əvvəlki torpaq sahəsinin dəyəri mülkiyyətçiyə ödənilməklə dövlətin mülkiyyətinə keçir.
Qanunla fövqəladə hal nəticəsində məhv olmuş əmlakın əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yeni yaşayış sahələri üzərində hüquqların qeydiyyatı ilə bağlı məsələlər də tənzimlənib.