Kulis.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
23 avqust Xalq artisti Şahmar Ələkbərovun doğum günüdür.
Kulis.az bu münasibətlə Nəriman Əbdülrəhmanlının "Şahmar Ələkbərov: SƏS-ADAM" yazısını təqdim edir.
Yaddaşıma yazılan səs
...Nə sirrdisə Şahmar, hər şeydən əvvəl, yaddaşımda SƏS kimi qalıb...
O illərin sayılıb-seçilən səsləri vardı sənətdə: Adil İsgəndərovun, Məhluqə Sadıqovanın, Yusif Vəliyevin, Hamlet Xanızadənin, Səməndər Rzayevin, Rasim Balayevin, Əminə Yusifqızının... SƏSini səslər içindən səhvsiz-filansız seçmək olurdu..Şahmarın SƏSində isə lirik çalarlarla süslənmiş anlaşılmaz, həm də ürəkgöynədən nnisgil hakim idi. Teatrda oynadığı rollar yadımda deyil, bildiyimə görə, səhnəylə aranı tez kəsmiş, taleyinin arxasınca ekrana gəlmiş, ilk obrazını da “Dağlarda döyüş” filmində yaratmışdı.
Onun ilk ekran qəhrəmanının – uşaqlığında atasını itirmiş, gəncliyində həsrətiylə yaşadığı insanı sərhəd pozucusu kimi yaşayan oğlanın - çəkdiyi iztirablar ifaçının üz-gözündən çox təkrarsız səsindən duyulurdu. Sonralar Şahmar Ələkbərov Azərbaycan kinosunun ən məhsuldar və koloritli aktyorlarından birinə çevrildi, bir-birindən fərqli müsbət və mənfi obrazlar yaratdı, amma SƏSi dəyişmədi ki, dəyişmədi...Deyirdilər, Şahmar anadagəlmə aktyordu – buna şübhə eləyən tapılmırdı; deyirdilər, Şahmarın ifasında təbiilik, səmimiyyət, çoxçalarlılıq var – mübahisəsiz qəbul olunurdu; deyirdilər, Şahmarda güclü obraz duyumu hakimdi – oynadığı rollar göz qabağındaydı...Bütün bunlarla yanaşı, Şahmar Ələkbərov həm də təxminən iyirmi beş il ərzində Azərbaycan kinosunun ağır yükünü çiyinlərində daşıyan sənətçilərdən biriydi...1. Hələ də çiynimdə hiss elədiyim əl
Nədənsə bir də Şahmar Ələkbərovun əlləri yadıma daha aydın həkk olunub: vücuduyla tərs-mütənasib olan o zərif, duyumlu, əsəbi əllər indi də canlı kimi gözlərimin qabağındadı...Qismətimdən Şahmar Ələkbərovla ilk ünsiyyətim 1982-ci ilin payızında, təyinatla göndərildiyim Daşkəsən rayonunda oldu...Onda dağlara yazıçı Əhmədağa Muğanlının “Çobanbayatı” povesti əsasında lentə alınan “Qcalar... Qocalar...” bədii televiziya filminin şəkiliş qrupu gəlmişdi. Dostum, operator assistenti Nizami Abbasın sayəsində o qrupda çalışanların bir çoxuyla - quruluşçu-rejissolar Elxan Qasımov və Yefim Abramov, quruluşçu-operator Zaur Məhərrəmov, aktyor Vəliyət Vəliyev, film direktoru Qasım Səfəroğlu... - tanış idim, bir çoxlarıyla – Ələddin Abbasov, Şahmar Ələkbərov, Rasim Balayev, Fəxrəddin Manafov, Firəngiz Mütəllibova... – da həmin günlərdə ünsiyyətdə oldum...Hətta mənə Şahmar Ələkbərovla yanaşı kamera qarşısında dayanmaq da nəsib oldu: rejissorlar yaylaq səfərində rayon icraiyyə komitəsinin sədrini müşaiyət eləyən təlimatçı kimi aktyorun yanında dayanmağı birtəhər boynuma qoydular. İstər-istəməz həyəcanlanırdım, hərəkətlərim təbiiliyini itirirdi, bunu sezən Şahmar çiynimi qucaqlayıb gülə-gülə dedi: “Mənə lap gəncliyimi xatırladırsan. İlk dəfə kamera qarşısında dayananda elə sən yaşdaydım, həyəcanlanırdım, özümə yer tapa bilmirdim, zaman keçdikcə alışdım. Sən də alışacaqsan...”Əlbəttə ki, sonralar da kamera qarşısında dayanmağa alışa bilmədim, buna cəhd belə göstərmədim, çünki ekranda missiyam başqaydı: ssenarilərim əsasında çəkilən bədii və sənədli filmlərdə kamera arxasında, rejissor və operatorun yanında durmağa üstünlük verdim...Şahmar Ələkbərovun əlləri də yaddaşıma elə həmin məqamda həkk olundu: ilk baxışda sərt kişi görkəmiylə nisgilli SƏSi və zərif əlləri mənim üçün qəribə təzad idi: fikrimcə, o SƏSin və o əllərin sahibi ekranda belə, qılınc tuta, tüfəng götürə, zalımlıq eləyə bilməzdi...
2. “Dağlarda döyüş”dən başlanan ekran yolu
Şahmar Ələkbərov 1943-cü il avqustun 23-də Gəncədə doğulmuş, doqquz yaşı olanda ailələri Bakıya köçdüyünə görə, orta təhsilini də burda tamamlamışdı. Yeniyetməlik illərindən teatra böyük həvəs göstərsə, Lütfi Məmmədbəyovun rəhbərlik elədiyi dram dərnəyinə getsə də anası İzulət xanım onun şərqşünas olmasını istəyirdi. Amma Şahmar qəlbinin sözünü eşitdi, Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq şöbəsinə, Rza Təhmasibin kursuna daxil oldu. Tariyel Qasımov, Həsən Əbluc, Səfurə İbrahimova... kimi gələcək sənətçilərin arasında həssaslığı, gözəl improvizə qabiliyyəti, bənzərsiz səsi qısa müddətdə onu fərqləndirdi, 1963-cü ildə, hələ təhsilini başa vurmamış Akademik Milli Dram Teatrının səhnəsinə aparıb çıxardı.
Şahmar Ələkbərov səhnədə öz sözünü demək, klassik rollar ifa eləmək istəyirdi, artıq Vilyam Şekspirin, Lope de Veqanın, Raço Stoyanovun pyeslərində bir-birindən fərqli obrazlar yaratmışdı. 1964-cü ildə təhsilini başa vuranda institutda müəllim-assistent kimi qalsa da, başlıca missiyasının səhnədə çıxış eləmək olduğunu düşünürdü. Bu səbəbdən də əsgərliyini çəkib yenidən teatra qayıtdı, uzunmüddətli səhnə yaradıcılığına hazırlaşmağa başladı. Amma ekranın cazibəsi hər şeyi alt-üst elədi. 1966-cı ildə Adil İsgəndərov “Azərbaycanfilm” kinostudiyasının direktoru təyin olunandan sonra bir çox istedadlı cavan ifaçılar kimi, onun üçün də ekranda öz qüvvəsini sınamaq imkan yarandı. İlk cəhdisə yetərincə uğurlu oldu: rejissor Kamil Rüstəmbəyovun 1967-ci ildə quruluş verdiyi “Dağlarda döyüş” filmində baş rollardan birini – sərhədpozanla ölüm-dirim savaşına girən əsgər Fərruxu – canlandırdı. Möhsün Sənani, Rza Əfqanlı, Abbas Rzayev kimi səhnə ustalarıyla birgə çəkiliş meydançasına çıxmaq onun üçün böyük sınaq idi, istedadı, qabiliyyəti sayəsində də ilk sınağı uğurla başa vurdu.1968-ci ildə ekranlara çıxan “Mən ki gözəl deyildim” filmisə Şahmar Ələkbərovun həm də psixoloji çalarlara daha çox diqqət göstərən ifaçı olduğunu sübuta yetirdi. O, improvizə barədə düşünmür, yalnız məqamın tələb elədiyi kimi oynayır, bu səbəbdən də ifası yetərincə təbii və səmimi alınırdı.Cəmi-cümlətanı 25 yaşında iki ekran əsərində əsas obrazlardan birini yaratmaq, əlbəttə ki, sənətdə ilk addımlarını atan gənc üçün ağlagəlməz tale payı idi...
3. “Adil İsgəndərov dövrü”nün aktyoruAltmışıncı illərin axırları - yetmişinci illərin birinci yarısı Azərbaycan kinosu Adil İsgəndərovun ağsaqqalığıyla özünün ən coşqun dövrünü yaşayırdı, Şahmar Ələkbərov da istedadı, yaradıcılıq enerjisi, filmdən-filmə cilalanan ustalığıyla o prosesin bir parçasıydı... Onun ekranda canlandırdığı Oğul (“İntizar”, q/m, 1969), Qəzənfər (“Yeddi oğul istərəm”, 1970), İman (“Axırıncı aşırım”, 1971), Arif (“Həyat bizi sınayır”, 1972), Rizvan (“Qızıl qaz”, 1972), oğlanlardan biri (“Bizim küçənin oğlanları”, 1973), Azad (“Bakıda küləklər əsir”, 1974) obrazları xarakter çalarlarına görə fərqli olsalar da, tamaşaçıların yaddaşına məhz bənzərsiz ifa tərziylə həkk olunurdular. Şahmar səsi, mimikası, yaşantılarıyla qəhrəmanlarının daxili aləmini açmağa çalışırdı.Yetmişinci ilərin ikinci yarısında, kinomuzda “Adil İsgəndərov dövrü” başa çatandan sonra isə Şahmar Ələkbərovun ekran yaradıcılığında da xarakterik obrazlar azalmağa başladı. Onun tarixi (“Qatır Məmməd”, 1975; “Babək”, 1979), detektiv (“Arxadan vurulan zərbə”, 1977), dramatik-psixoloji (“Firəngiz”, 1975); “Qəribə adam”, 1979 ) filmlərdə oynadığı rollar özünü də yetərincə razı salmırdı. Səksəninci illərin birinci yarısında çəkildiyi filmlərlə (“Gözlə məni”, 1980); “Qocalar, qocalar…”, 1982; “Avqust gələndə”, 1984; “Atları yəhərləyin”, 1984) ekran ifaçılığı karyerasını məcburən sona çatdıran Şahmar Ələkbərov artıq Azərbaycan kinosunda öz izini qoymuşdu. Üstəlik də televiziya və radio tamaşalarında onlarla yaddaqalan obrazlar yaratmış, “Molla Nəsrəddin” radioverilişinin aparıcısı olmuşdu. Şahmar Ələkbərovun dublyaj sahəsindəki yaradıcılıği isə ehran obrazlarını sanki tamamlayırdı. Onun bənzərsiz səsi filmoqrafiyasına daxil olan 100-ədək bədii (“O qızı tapın”, “Uşaqlığın son gecəsi”, “Şərikli çörək”...), sənədli filmdə və “Mozalan” süjetlərində yaşayır...
4. Taleyin gözlənilməz dönüşü...
O çağlar – yetmişinci illərin axırı - səksəninci illərin əvvəlləri Şahmar Ələkbərovun ruhi vəziyyətinin çətin, böhranlı vaxtlarıydı...
Qırx yaşlarındaydı, yaradıcılığının yetkinlik dövrünü yaşayırdı, onlarla filmdə çəkilmiş, 1976-cı ildə “Əməkdar artist” fəxri adına layiq görülmüşdü, ailəsi, çox sevdiyi əkiz qızları vardı. Onu tanıyırdılar, sevirdilər, rastlaşanda qır-saqqız olub yaxasından yapışır, məclislərə aparır, hələm-hələm əl çəkmirdilər. Təbiətinə görə mülayim, istiqanlı, ünsiyyətsevər oan Şahmarsa səmimi dəvətlərdən qaça bilmirdi.Hamı başa düşürdü ki, Şahmar özünü qorumalı, filan-filan şeyləri eləməməlidi; amma onda qəribə, qarşısıalınmaz cazibə, adamı əsir eləyən aura vardı, elə bu da cismani varlığını qaçılmaz sonluğa aparıb çıxarırdı.Üstəlik də, bəzən rejissorlar onu sınaq çəkilişlərinə dəvət elədikləri obrazı başqasına tapşırırdılar, bu da, əlbəttə, heysiyyətinə toxunurdu. Sınaqda iştirak elədiyi “Tütək səsi” lentində Cəbrayıl, “Ad günü” filmində isə Əli rollarına başqa respublikalardan olan aktyorlar çəkilmiş, bununla bağlı pərtliyi uzun illər sovuşmamışdı.
Bu da azmış kimi, 1975-ci ildə “Firəngiz” filminin çəkilişi zamanı naşı diş həkiminin zədələdiyi dili bir müdət sonra soyuqlayıb xoraya çevrildiyindən 1985-ci ildə ağır əməliyyat keçirmək məcburiyyətində qalmış, nəticədə də tamaşaçılara yaxşı tanış olan fiziki görkəminə də, səsinə də xələl gəlmişdi. Şahmar Ələkbərovsa bütün bunları sinirib ekrana yarı-yarımçıq çıxmağı heç vaxt özünə sığışdıra bilməzdi. Artıq teatr səhnəsinə qayıtmaq barədə düşünmürdü, həyatda və sənətdə yeganə yaşam vasitəsi kimi, ömür nizamında dəyişiklik eləməyə qərar vermişdi.
O vaxt söhbətlərimizdən birində ruhi durumunu belə izah eləmişdi: “İndiyəcən oynadığım rollar yaradıcılıq potensialımın heç onda birini də üzə çıxarmayıb. Mənə elə gəlir, nəsə eləməliyəm, yoxsa bu bomboz həyat bağrımı çatladacaq...”
İndi deyirlər, Şahmar xəstələnməsəydi, rejissorluğa keçməzdi. Buna inanmıram, çünki rejissor da olmasaydı, “bomboz həyat”ı dəyişmək üçün mütləq nəsə eləyəcəkdi...
5. Rejissorluq tale işiymiş...
Əlbəttə ki, Şahmar Ələkbərovun sənət aləmində böyük xətir-hörməti vardı, aşağılı-yuxarılı vəzifə sahibləri sözünü eşidirdilər – bütün bunlara söykənib başını dolandıra, sakitcə yaşaya bilərdi...Amma o, zahirən sakit görünsə də çox narahat, axtarışlara meyilli adam idi. Rejissor kimi film çəkmək arzusuna hələ 70-ci illərin əvvəllərində düşmüşdü. Bu barədə özü “Qobustan” jurnalında dərc etdirdiyi xatirələrində söz açıb. 1973-cü ildə, “Bizim küçənin oğlanları” filmi ekranlara çıxandan sonra kinostudiyanın direktoru, “bir köynək yaxın” saydığı Adil İsgəndərovun yanına ssenari aparıb, film çəkmək istədiyini deyib. Adil İsgəndərov da həmyerlisinin cavabını özünəməxsus eyhamla verib: “Qadam, nə gözəl kostyumun var, - sonra yaxınlaşıb əlini kostyumun parçasına sürtüb, - gözəl materialı var, birini də mənə tikdirək”. Bu, artıq Şahmarın hələlik rejissor kimi fəaliyyət kimi göstərə bilməyəcəyinə özünəməxsus işarəymiş. Cəmi bir neçə ay sonra Adil müəllimin vəzifədən uzaqlaşdırılması isə ona da ağır zərbə olmuş, Şahmar rejissorluq arzusunu hələlik qəlbinin dərinliklərinə gömmək məcburiyyətində qalmışdı.Arzusunun bu cür gerçəkləşməsi kəmfürsət fələyin oyunu olsa da, sənət həyatını davam etdirmək üçün başqa çıxış yolu görmürdü: bu yaxınlaracan ekran-efirin yaraşığı olan görkəmi də, səsi də artıq yalnız yaddaşlarda və xatirələrdə yaşayacaqdı.1987-ci ildə Mərkəzi Televiziyanın sifarişi ilə yazıçı Anarın 70-ci illərinin axırlarında böyük səhnə uğuru qazanmış, respublika Dövlət Mükafatına layiq görülmüş “Şəhərin yay günləri” pyesinin motivləri əsasında yazdığı “İmtahan” ssenarisi istehsalata buraxılanda quruluş Gülbəniz Əzimzadə ilə birgə Şahmar Ələkbərova həvalə olundu.Onda çəkiliş meydançasına başqa ampluada çıxmaq onu həyəcanlandırsa da tanış, doğma mühit bütün narahatlıqlarına son qoydu: operator işi də, dekorların qurulması da, ifaçılarla mizan-səhnələr də doğma mühitin məhrəm atributlarından ibarət idi...Şahmar özü də ilk rejissorluq imtahanını uğurla verdi, səlahiyyətli məqamlar filmi iradsız qəbul elədilər, tamaşaçılar da razı qaldılar...
Ona da elə bu lazım idi...
6. Gecənin sahili varmı?!.Sonra isə Şahmar Ələkbərov yenə Mərkəzi Televiziyanın sifarişiylə yazıçı Elçinin “Toyuğun diri qalması” povesti əsasında yazdığı “Sahilsiz gecə” ssenarisini ekranlaşdırmağa girişdi...Mərhum Xalq yazıçısı Elçin sonralar ssenarini Şahmar Ələkbərovun xahişiylə yazdığını deyirdi, amma daha əvvəldən hazır olduğu, Tofiq Tağızadəyə, sonra isə Əbdül Mahmudova təklif edildiyi, amma hər ikisinin mövcud ictimai-siyasi şəraiti nəzərə alıb boyun qaçırdıqlarını söyləyənlər də var: 1988-ci il idi, yenidənqurma və aşkarlıq çat verib bəzi yerlərdə şovinizmə, ərazi iddialarına, bəzi yerlərdəsə müstəqillik uğrunda hərəkata çevrilmişdi. Belə bir vaxtda milli hisslərə toxunmaq böyük risqlə bağlıydı. O vaxt bir qədər gec də olsa, haqqını almış, “Xalq artisti” fəxri adına layiq görülmüş Şahmar Ələkbərov isə “millətin çalxanıb durulmasını”, öz keçmişinin üzünə dik baxmasını, qüsurlarını gizlətməməsini istəyirdi, müraciət elədiyi mövzu da bu barədəydi. O, amansız xəstəlikdən əzab çəksə də, özünə rəhm eləmədən işləyirdi, elə bil, ömür möhlətinin az qaldığını hiss eləyirdi. Çətinlikləri də az deyildi: filmin qəhrəmanı Zibeydənin yaşlı vaxtını canlandırmaq üçün Leyla Bədirbəylini, sonra da Nəcibə Məlikovanı dəvət eləmişdi, amma hər iki sənətçi “keçmişi qaranlıq” obraz yaratmaqdan boyun qaçırdığına görə, rolu türkmənistanlı sabiq balerina Oğuldurdı Məmmədquliyevaya tapşırmaq məcburiyyətində qalmışdı.Çəkiliş müddəti çox az sürdü, amma film 1989-cu ilin ortalarında hazır olan vaxt Şahmar Ələkbərov gözləmədiyi etirazlarla qarşıladı - müharibə dövründə qadınların həyatındakı bəzi məqamların ekrana çıxarılması kimlərinsə bədxah niyyəti sayəsində şişirdilib mütəşəkkil etiraz aksiyaya çevrildi. “Qeyrətli qadınllar” hər gün “Azərbaycanfilm” kinostudiyasının qarşısına yığışır, binanı daşlayır, filmin məhv olunmasını tələb eləyirdilər. “Azərbaycan qadınının təəssübünü çəkən” bəzi qələm sahibləri də Şahmar Ələkbərovun ekran işini mətbuat səhifələrində, efirdə-ekranda “daşqalaq etdilər”. Beləcə, “Sahilsiz gecə” filmi cəmi bir neçə dəfə nümayiş olunandan sonra ekranlardan biryolluq itdi.O vaxt “Kino” qəzetinin əməkdaşı kimi film haqqında yazanlardan biri də məndim. Əlbəttə ki, ekran əsərinin əxlaqımıza zidd olduğunu iddia, ekranlardan yığışdırılmasını tələb eləmirdim, mövzu və quruluşla bağlı mülahizələrimi qələmə almış, müəyyən fikirlərimi də gizlətməmişdim. “Gecənin sahili varmı?!.” adlı o yazı namünasib vaxtda dərc olunduğuna görə, heç kəs fikirlərimi ümumi kompaniyadan fərqləndirmək barədə düşünməmiş, bəlkə də istəməmişdi...Amma Şahmar Ələkbərov, görünür, bunun fərqindəydi, sonrakı görüşlərimizdə bir dəfə də olsun, incidiyini büruzə vermədi, sanki heç belə şey olmamışdı...
Şübhəsiz, haqsız münasibətlərdən ağrıyırdı, amma öz görümünü, duyumunu başqalarının fikrindən asılı vəziyyətə salmağı da xoşlamır, əksinə, daha inadkar olurdu...
7. Tükənməz Vahid sevgisi
Bəlkə də başqası olsaydı, o sarsıntıdan sınar, bir daha çəkiliş meeydançasına çıxmazdı...Amma Şahmar Ələkbərov nəinki fiziki ağrılarını qat-qat artıran mənəvi zərbələrə dözdü, hətta sözün əsl mənasında, sanki küllərindən bir daha doğuldu, yeni ideyalar, layihələr üzərində işləməyə başladı... Müstəqilliyimizin bərpası uğrunda Meydan hərəkatının, Qanlı Yanvar qırğınının, bədxah qonşularımız və havadarlarının işğalçılıq siyasətinin davam elədiyi, müharibə getdiyi bir dövrdə sənət haqqında düşünmək, əlbəttə ki, heyrətamiz iradə qüvvəsi sayəsində mümkün ola bilərdi, Şahmar Ələkbərov da məhz o qüvvəni özündə tapdı.O, həmin dövrdə məşhur qəzəlxan şairimiz Əliağa Vahidin həyatından, əslində isə onun obrazı vasitəsilə yaşadığı 30-50-ci illər, söz adamə və rejim haqqında ssenari yazdı, komandasını formalaşdırdı, ağrılarına üstün gəlib çəkilişlərə başladı. Yadımdadı, çəkiliş qrupunun üzvləri Şahmarın rahat işləməsi üçün əllərindən gələni eləyirdilər. Material bol olduğundan, “Qəzəlxan” filmi Şahmar Ələkbərovun gözlədiyi kimi, bir yox, ikiseriyalı çıxdı. O, fiziki taqətinin son damcılarını xərcləyə-xərcləyə montajı başa vurdu, səsləndirdi, təqdimat mərasimi barədə düşünməyə başladı. Amma kəmfürsət fələk bu arzularını gerçəkləşdirməyə imkan vermədi.1992-ci illərin əvvəllərində ailəsi son ümid işığını tutub Şahmar Ələkbərovu Almaniyaya apardı. Hamburq şəhərindəki kilinikada daha bir ağır əməliyyatdan sonra Bakıya qyıtmaqdan, müailicəni vətəndə davam etdirməkdən başqa bir yol qalmadığı məlum oldu, 50 yaşına cəmi iki həftə qalmış isə bu dünyadan köçdü...
Sənətçilərimiz arasında onun qədər mütaliə eləyən, arayıb-axtaran kəs, mən bilən, az olar. Xəstəliyinin ən şiddətli çağlarında belə, ruhdan düşmür, yeni ideyalar, yaradıcılıq planlarıyla yaşayır, ssenarilər, xatirələr yazırdı. Ola bilsin, hələ də arxivində kimsəylə bölüşmədiyi ideyalar yatıb qalır...Məşhur Bakı milyoneri Ağa Musa Nağıyev barədə çəkmək istədiyi “Yük” filminin çəkilişinə başlamağa isə fürsəti olmadı, bu arzusunu Orxan Fikrətoğlunun ssenarisi üzrə 1995-ci ildə rejissor Rövşən Almuradlı gerçəkləşdirdi, film isə ideya sarıdan onun adı ilə anıldı...
***
“Ölmə, Qəzənfər dayı, noolar, ölmə...” - “Yeddi oğul istərəm” filmində Qəqəninin bu fəryadı, yəqin ki, hamının yadındadı...1992-ci il avqustun 12-də Şahmar Ələkbərovun Haqqa qovuşduğundan xəbər tutanda qulağıma bu fəryad gəlmişdi...Aradan onillər ötüb, amma hələ də SƏSi qulaqlarımda, əlləri gözlərimin qabağındadı...Bir də Qəqəninin tanış səsini eşidirəm: “Ölmə, Qəzənfər dayı, noolar, ölmə...”
2025, avqust
Məşhur aktyor yenidən "Arka sokaklar"a geri qayıdır
Türk ədəbiyyatının hüznlü şairi - Turqut Uyar hərbçilikdən niyə uzaqlaşmışdı?
Tanınmış teatr rejissoru vəfat etdi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.