AZ

Paşinyan reallığı başa düşüb: Ərazi iddialarına son, bundan sonra...

Hətta yekun sülh sazişinin imzalanmasından sonra da heç kim, xüsusilə erməni xalqı unutmamalıdır ki, ona firavan şəkildə, müharibəsiz gələcək qurmaq imkanlarını Azərbaycan bəxş edib. Paşinyan məhz bu tarixi şansdan möhkəm yapışmağı məsləhət görür.

Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 18-də erməni xalqına ünvanlanan xüsusi müraciətlə çıxış etməsi onun on gün əvvəl Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə imzaladığı Birgə Bəyannamə kontekstindən şərh olunmalıdır. Erməni xalqının tarixə, ələlxüsus da son 30 ildə baş verən proseslərə özünəməxsus baxışı nöqteyi-nəzərdən, Paşinyanın bu addımını sülh prosesinin ən kritik məqamlarından biri də saymaq olar.

Qarşıdan parlament seçkisi gəlir və Azərbaycanla münasibətlər çox güman ki, seçki prosesinin ən qaynar mövzularından biri olacaq. Belə bir həssas məqamda ölkə rəhbərinin sülh platformasından çıxış etməsi mövcud reallıqdan doğan iki məqama dəlalət edir: birincisi, hakim qüvvə seçkiyə sülh platforması ilə gedəcək və bu, Ermənistan üçün bir tarixi dönüşdür. İkincisi və ən vacibi isə, bu gündəmin erməni cəmiyyəti və bütövlükdə xalqı tərəfindən qəbul edilməsidir. Yoxsa, Paşinyanın özünün də dediyi kimi, əgər erməni xalqı bu gedişatdan narazıdırsa, ölkədə siyasi qarşıdurma və inqilab baş verə bilərdi.

Tarixi gerçəkliyin dərki

Ermənilərin cəm halında yaranmış yeni situasiya ilə razılaşması və gerçəkliyi qəbul etməsi onillərdir davam edən ədavətin çözülməsi istiqamətində hesab edilən ən mürəkkəb mərhələdir. İllərdir mifik “miatsum” ideyaları ilə yaşayan, dünyaya separatçılıq eynəyi ilə baxmağa alışmış bir toplumun mövcudluq faktoru olan toksik ideologiyadan imtina etməsi Cənubi Qafqazın bir region olaraq həyatında, sözün əsl mənasında, tamamilə fərqli bir dövrün başlanğıcıdır. Çünki son iki əsr ərzində bölgədə baş vermiş bütün tarixi proseslər, münaqişə və müharibələr, tökülən qanlar və yaşanan faciələrin, o cümlədən xarici qüvvələrin regiona təsir aksiyalarının mərkəzində məhz erməni amili durub. Erməni xalqının tarixi Azərbaycan torpaqlarına köçürülməsi ilə başlanan siyasi və coğrafi təlatümlər tək bizim deyil, bütün bölgənin gələcəyinin dəyişilməsinə səbəb olub.

Bu gün Ermənistan liderinin sülh mövzusunda xalqa müraciət etməsi, hakimiyyətdə qalmaq üçün keçiriləcək seçkiyə savaş yox, barışıq platforması ilə getməsi tarixi baxımdan məhz bu səbəblərə görə inqilabi dəyişiklik hesab edilməlidir. Ermənistan cəmiyyətinin bu gerçəkliklə barışması və Paşinyanın yanaşmasını dəstəkləməsi növbəti dəfə Azərbaycanın tarixi qələbəsinin siyasi çəkisini göstərir. Hətta yekun sülh sazişinin imzalanmasından sonra da heç kim, xüsusilə erməni xalqı unutmamalıdır ki, ona firavan şəkildə, müharibəsiz gələcək qurmaq imkanlarını Azərbaycan bəxş edib. Paşinyan məhz bu tarixi şansdan möhkəm yapışmağı məsləhət görür və ilkin reaksiya ona dəlalət edir ki, cəmiyyət də bu çağırışa yaşıl işıq yandırır.

Ərazi iddialarına son

Seçilən
9
publika.az

1Mənbələr