AZ

Yorğun və yuxusuz halda maşın sürməyin! - VİDEO

Yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etmək yol hərəkəti təhlükəsizliyi baxımından ən ciddi risklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada baş verən yol-nəqliyyat hadisələrinin təxminən 10–20 faizi sürücülərin yorğunluğu və yuxusuzluğu ilə əlaqədardır.

Baş Dövlət Yol Polisi İdarəsindən News24.az-a bildirilib ki, son zamanlar təəssüf ki, ölkəmizdə də məhz bu səbəbdən baş verən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır.

Yuxululuğa səbəb olan əsas amillər aşağıdakılardır:

- Yuxu rejiminin pozulması: qeyri-müntəzəm iş qrafiki, gündüzdən gecə növbəsinə keçid və bədənin adaptasiyası üçün kifayət qədər vaxt ayrılmaması;

- Uzun müddət fasiləsiz idarəetmə: iki saatdan artıq fasiləsiz avtomobil idarəetməsinin diqqəti zəiflətməsi və reaksiyanı ləngitməsi;

- Avtomobilin texniki xüsusiyyətləri: müasir avtomobillərin səssiz və rahat olması, eləcə də kruiz-kontrol (avtomobilin sürətini sabit saxlayan sistem) funksiyasının sürücünü arxayınlaşdırması;

- Dərman preparatları: bəzi dərmanların yuxululuq yaratması və bununla bağlı xəbərdarlıqlara əməl edilməməsi.

Qeyd olunmalıdır ki, sükan arxasında cəmi bir neçə saniyəlik yuxulama həm sürücü, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək xəbərdarlıq edir: yorğun və yuxusuz halda sükan arxasına keçməyin, uzun səfərlərdə mütəmadi fasilə verin, dərman preparatlarından istifadə zamanı onların təsirinə diqqətlə yanaşın.

Unutmayın: sükan arxasında yuxuya getmək – bir daha oyanmamaq deməkdir!


Seçilən
45
30
news24.az

10Mənbələr